Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınma qaydası dəyişir

Baxılıb:188
Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınma qaydası dəyişir

Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması qaydası dəyişdirilir.

Aztimes.az-ın xəbərinə görə, bu, “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsinin II və III hissəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, dini qurumlar (dini icmalar bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.

Digər bir dəyişikliyə görə, dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir

Qanunun hazırkı varinatı isə belədir: “Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolu və nizamnaməsi əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Ərizəyə habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir. Dini mərkəz və ya idarə 30 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına göndərir.

Dini mərkəzin, dini idarələrin, dini təhsil müəssisələrinin, dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına təsis sənədi və nizamnamə təqdim edilir”.


Abunəlik