Azərbaycanda dəhşətli abort statistikası, nikahdankənar münasibətlər: Müdaxilə qaçılmazdır
Ötən il Azərbaycanda 73 816 abort qeydə alınıb. Statistika göstərir ki, abortların sayı 2021‑ci ildə 46 877, 2022‑ci ildə 57 999, 2023‑cü ildə isə 73 816 olub. 15‑49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 olub. Qeyd edək ki, 15-29 yaş arası 37 000, 15-17 yaş aralığında 68, 18-19 yaş aralığında 2 528 qadın abort edib. Bu gün Azərbaycanda abortların hüquqi tənzimlənməsi məsələsi sovet dövründən qalan (12 həftəlik hamiləlik dövrünədək abortlara icazə verən) qanunlar vasitəsilə təmin olunur.
Məsələ ilə bağlı sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub açıqlama verib.
O, artan statistikanın dəhşətli olduğunu bildirib:
“Abortların sayının çoxalmasının bir neçə səbəbi var. Birinci səbəb ailələrdə uşağa olan meylin azalmasıdır. Yəni, rəsmi nikahda olan ailələr çox uşaq istəmədikləri üçün abort etdirirlər. İkinci səbəb nikahdankənar qeyri-rəsmi münasibətlərin çoxalmasıdır. Həmin münasibətlərdə qadın hamilə qalır və məcbur abort etdirir.
Bütün hallarda səbəb nə olursa-olsun bu, çox pis tendensiyadır. Qısa müddət ərzində abort sayının fantastik dərəcədə artması həyəcan təbilidir. Maarifləndirmə işləri mütləq aparılmalıdır. Bununla yanaşı hüquqi tədbirlər də görülməlidir ki, doğulmayan uşaq qətlləri azalsın”.
Mövzuya münasibət bildirən ginekoloq Rəşad Sultanınsözlərinə görə, ölkədə arzuolunmaz hamiləlikdən qorunma anlayışı, bu işə önəm vermək sıfır dərəcəsindədir:
“Bu məsələ yalnız ginekoloqların pasiyenti ilə söhbətinə və pasiyentin öz düşüncəsinə qalıb. Dövlət səviyyəsində səhiyyə qurumlarımız tərəfindən bu məsələ aktiv şəkildə tətbiq olunmur. Məsələn, hamiləlikdən qorunma tableti pulsuz paylanmalıdır. Xanımlara spiral taxıla bilər ki, istənilməyən hamiləlik olmasın.
Xüsusilə abortlar nikahdankənar şəxslər, yeniyetmə, istənməyən nikahlar və gənclər arasında baş verir. Bu məsələ artıq maarifləndirmədən çıxıb. Odur ki, bu mövzuya rəsmi şəkildə dövlət tərəfindən müdaxilə olunmalıdır”.