Azərbaycanda bəzi vacib dərmanlar tapılmır – NƏ BAŞ VERİR?

Baxılıb:251
Azərbaycanda bəzi vacib dərmanlar tapılmır – NƏ BAŞ VERİR?

COVİD-19 infeksiyasından əziyyət çəkən və səhhəti ağır olan insanlar xəstəxana şəraitində, nisbətən vəziyyəti yüngül olan çoxluq isə ev şəraitində müalicə alır. Evdə müalicə alanları poliklinikalar bəzi dərman preparatları ilə təmin etsə də, virusun müalicəsində müəyyən effekti olan vacib dərmanları xəstə yaxınları özləri əldə etmək məcburiyyətindədir.

Hələlik sırf COVİD-19-un müalicəsi üçün nəzərdə tutulan dərman yaradılmayıb. Virus əleyhinə bəzi preparatlar var ki, onlar yeni növ koronavirusa yoluxanların vəziyyətinin yaxşılaşmasına kömək edir. Ancaq son günlər həmin dərmanlar apteklərdə tapılmır, ya da tapılsa belə, dəyərindən bir neçə qat yüksək məbləğə satılır. Söhbət xüsusən “Arbidol” və “Kleksan” adlı preparatlardan gedir.

Evdə müalicə olunan koronavirus xəstələrinin dərman problemi ilə üzləşdiyini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva da təsdiqləyib. O bildirib ki, TƏBİB xəstəxanaları bütün lazımi dərman preparatları ilə təmin edir: “Aptek işlədən sahibkarlara müraciət etmişik ki, apteklər lazımlı dərman preparatları ilə təmin olunsun”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Press Klub”a açıqlamasında qeyd etdi ki, koronavirusa yoluxmuş, yüngül simptomlu və simtomsuz xəstələrin evdə özbaşına müalicəsi düzgün deyil. Onun sözlərinə görə, belə xəstələr evdə müalicə alsalar da, mütləq həkim nəzarətində olmalı, həkimin resepti əsasında dərman almalıdırlar:

“Hər xəstəyə individual yanaşılmalıdır. “Filan koronavirus xəstəsi bu dərmanı qəbul edirsə, mən də həmin dərmandan alıb, qəbul edim” yanaşması əks təsir göstərə bilər. Mütləq belə xəstələrin müalicəsi həkim tərəfindən aparılmalıdır. Dərman qəbulunda doza həddi var. Hərarət üçün istifadə edilən dərmanları da dozadan artıq qəbul etmək olmaz! Ona görə də, mən bir həkim kimi koronavirus xəstələrinin evdə nəzarətsiz müalicəsini düzgün hesab etmirəm”.

Paytaxtda fəaliyyət göstərən bir neçə apteklə əlaqə saxladıq. Həmin apteklərdən cəmi birində “Kleksan” iynəsinin satışda mövcud olduğunu öyrəndik. Aptek sahibləri bildirdilər ki, dərmanların tapılmamasına səbəb təchizatçıların bu dərmanlardan onlara lazımi miqdarda verməməsidir. Məsələ ilə bağlı bir neçə əczaçılıq şirkəti ilə əlaqə saxlasaq da, telefon zənglərinə cavab verən olmadı.

Həkim ginekoloq Ülkər Salahova məsləhət görür ki, həkim nəzarəti olmadan bu iynədən istifadə edilməməlidir:

“Hətta bu preparat həkim nəzarəti altında istifadə olunduqda belə, vaxtaşırı qan dəyərlərinə baxılmalıdır. Çünki gözlənilməz qanaxmlar baş verə bilər. Məsələn, beyin damarlarının, aortanın anevrizmasında, həmçinin, mədə-bağırsaq sistemində olan qanayan, xoralı xəstəliklər, yüksək ağır dərəcəli şəkərli diabet, gözlərdə reqmatepiya, kəskin böyrək, qaraciyər çatışmazlığında və bu kimi digər problemlərdə “Kleksan”ın nəzarətsiz istifadəsi məsləhət deyil”.

Həkim əlavə etdi ki, hazırda apateklərdə sözügedən preparatın tapılmaması hamilə qadınların onu xarici ölkələrdən sirafiş verməsinə səbəb olur. Bu isə baha başa gəlir:

“Hamiləlik boyu qanında ciddi laxtalanma problemi olan qadınlar “Kleksan”preparatını almalıdırlar, biz onları bu preparatdan məhrum edə bilmərik”.


Abunəlik