“Azərbaycan Qarabağı zorla alacaq…” – “beyin mərkəzləri”ndən Ermənistana kapitulyasiya vədi

Baxılıb:170
“Azərbaycan Qarabağı zorla alacaq…” – “beyin mərkəzləri”ndən Ermənistana kapitulyasiya vədi

Azərbaycanın rəşadətli ordusunun torpaqlarımızda on illərdir yuva salmış işğalçı, quldur-terrorçu birləşmələrə qarşı cəza əməliyyatları uğurla davam edir. Düşmən tərəf Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında hər gün bir az daha torpaqlarımızı tərk etməli olur. Özündən sonra böyük sayda canlı itki və hərbi texnika qoymaqla.

Təbii ki, Qarabağ hərbi teatrında baş verənləri həm siyasi təhlilçilər, həm də hərbi ekspertlər diqqətlə izləyirlər. Dünyadakı müxtəlif “beyin mərkəzləri” də gec-tez Ermənistanın labüd kapitulyasiyaya tuş gələcəyini proqnoz edirlər. Nəinki proqnoz edir, buna hətta əmindirlər.

*****

“Azərbaycan Qarabağı zor gücünə alacaq və heç kim də buna əngəl ola bilməyəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə İsrailin dövlət xadimi, “Nativ” xüsusi xidmət orqanının sabiq rəhbəri Yakov Kedmi “Rossiya” telekanalının efirində bildirib.

Onun qənaətincə, Ermənistanda son 15 ildə baş verənlər, yəni ölkənin daxili və xarici siyasətinin oriyentasiyasının dəyişməsi erməni dövlətini zəiflədib. “Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə İrəvanın Moskva ilə münasibətləri dəyişib, daha doğrusu, korlanıb. Halbuki Ermənistanın əsas gücü birbaşa Rusiyanın onun arxasında durmasına bağlı idi”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, əvvəlki hərbi toqquşma zamanı Azərbaycan Ordusu Ermənistandan daha zəif olub: “Bu, Ermənistan ordusu idi ki, Azərbaycana keçib yaşayış məntəqələrini bir-bir ələ keçirirdi, əksinə yox. Bu gün isə amerikalı təlimçilər Ermənistan ordusunu o nöqtəyə gətirdilər ki, ermənilər heç sahib olduqlarını da qoruya biləcək gücdə deyillər. Rusiya isə zəif Ermənistanın əvəzinə Qarabağı qoruya bilməz. Əgər erməni ordusunun gücü yoxdursa, o zaman Qarabağı itirəcəklər. Odur ki, qoy arxaları ilə Moskvaya çevrilənlər özlərindən küssünlər”.

İsrailli kəşfiyyatçıya görə, Ermənistan indi Azərbaycanın Dağlıq Qarabağı zor gücünə alacağı və heç kimin də buna əngəl olmayacağı bir vəziyyətlə üz-üzədir: “Rusiya isə Qarabağla bağlı hərbi münaqişəyə qarışmamalıdır. Necə deyirlər, ”Kaşanı özləri bişirib, qoy özləri də yesinlər”.

*****

“Azərbaycan öz ərazisinin siyasi cəhətdən mühüm hissəsini geri qaytaranadək əks-hücumunu davam etdirəcək”.

Bunu isə ABŞ dövlət katibi köməkçisinin keçmiş müavini, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza “Horasis” beynəlxalq təşkilatı tərəfindən COVID-19-la bağlı tədbirdəki çıxışı zamanı bildirib (Report).

“Azərbaycan və Ermənistan yenə müharibə aparır. Yəni bu, sadəcə, tez bir zamanda sakitləşəcək toqquşma deyil, ciddi hərbi əməliyyatlar gedir. Fikrimcə, Azərbaycanın bu ərazini saxlamaq üçün yaxşı imkanları var. Odur ki, yaxın bir neçə gün, yaxud bir neçə həftə ərzində döyüşlərin səngidiyini görə biləcəyik”, – deyə o vurğulayıb.

Keçmiş həmsədrin sözlərinə görə, bundan sonra regionda əsas oyunçular ABŞ yox, Türkiyə və Rusiya olacaq, çünki ABŞ təkcə prezident Tramp dövründə yox, hələ prezident Obamanın dövründə bu regiondan çəkilib.

*****

Öz növbəsində ukraynalı hərbi ekspert-bloger Aleksey Arestoviç hesab edir ki, artıq erməni ordusunun yenilməzliyi haqda əfsanə şam kimi əriyib getməkdədir.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Azərbaycan Ordusunun işğal altındakı Qarabağdakı əks-hücum əməliyyatını qiymətləndirərkən yazıb.

“Həmin əfsanənin tərkib hissələri aşağıdakılar idi: ermənilər aşılıb keçilə bilinməyən, öz evlərini pis ”türklər”dən qorumaq ehtiyacından dərin motivasiya almış döyüşçülərdir; azərbaycanlılar necə mübarizə aparmağı bilmirlər; erməni müdafiəsi dağlarda büsbütün mina sahələri və möhkəm beton istehkamlardır. Ancaq azərbaycanlılar bununla razılaşmadılar. İyirmi ildir onlar inadkar və metodik şəkildə öz silahlı qüvvələrini qurdular və təzədən təchiz etdilər. Əsasən Türkiyə və İsrail istehsalı olan hücum PUA-larına stavka eləməklə, qoşunlarını güclü şəkildə hazırladılar. Və budur, həmin o qisas anı yetişdi”.

Ekspertin sözlərinə görə, Azərbaycanın hərbi planları tamamilə ağıllı və məntiqlidir: “Bir neçə günlük döyüşlər nəticəsində Ermənistanın canlı qüvvəsi və texnikasında itkilər yığıldı və erməni ordusunun döyüş effektivliyinin kəskin azalmasına səbəb oldu. Ən əsası, ermənilərin dəhşətli dərəcədə dərin eşelonlanmış müdafiəsi və inanılmaz döyüş qabiliyyəti haqqında mif puç olub getdi – necə ki, həmişə belə olur. Azərbaycan isə budəfəki əməliyyatlarda çox ağıllı hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edir”.

Hərbi analitik bildirir ki, əgər Bakı bu minvalla, yəni uğurlu və metodik şəkildə davam edərsə, “DQR”in müdafiəsi 10-14 günə yox olub gedəcək. “Daha bir qeyd: Azərbaycan hərbi kəşfiyyatı da çox uğurla işləyir. Bir sözlə, sonrakı nəticələrdən asılı olmayaraq, mən artıq Azərbaycan hərbçiləri və onların türk müttəfiqləri qarşısında papağımı çıxarıram. Onlar ən çətin şərtlərdə ən vacib tarixi tapşırığı hazırlamaq və həyata keçirmək üçün ən optimal strategiyanı – 20 ildə acı məğlubiyyət tarixindən əlamətdar qələbələr tarixinə keçid eləməklə ərazilərinin işğal olunmuş 20%-ni necə azad etməyi hesablamağı və təşkil etməyi bacardılar. Azərbaycan bu gün bizə mümkünsüz olanı həyata keçirməklə bağlı parlaq bir nümunə, dünya tarixi dərsliklərində görkəmli bir səhifə kimi düşəcək nümunə göstərir”, – deyə ukraynalı ekspert yazır və əlavə edir: “Müttəfiqlərimiz, vurun, biz sizinləyik!”

Qısası, Qarabağın yiyəsi gəlir. Özü də bu dəfə həmişəlik…
“Yeni Müsavat”


Abunəlik