Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli Maksim Stanislavoviç, hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. İl başa çatır. Artıq indidən demək olar ki, bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox uğurlu olub. Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir.
Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır.
Biz ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır. Bu məsələ yaxın vaxtlarda Mehriban Əliyevanın səfəri çərçivəsində də müzakirə edilib və vurğulanıb ki, həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar, ilk növbədə, bizim bir-birimizə etimadımızın, həmçinin Rusiyada da, Azərbaycanda da yaxşılaşmaqda olan əlverişli investisiya mühitinin göstəricisidir. Biz bunu Dünya Bankının “Doing Business” reytinqində də, Davos Forumunun rəqabətqabiliyyətlilik reytinqində də görürük. Bu reytinqlərdə həm Azərbaycan, həm də Rusiya öz mövqelərini yaxşılaşdırır. Bu, obyektiv reallıqdır. Bu fakt onu göstərir ki, ölkəmizdə həyata keçirilən islahatlar konkret nəticələr verir.
Mən onu da bilirəm ki, bu gün Azərbaycanda çox mühüm investisiya layihəsinin – əczaçılıq müəssisəsinin açılışı olacaq. Bu istiqamətdə Azərbaycan bazarının genişlənməsini, əhalinin və istehlakın da artmasını nəzərə alsaq, bu, çox sevindirici haldır. Əlbəttə ki, biz bazarı özümüzün istehsal etdiyimiz məhsullarla zənginləşdirməkdə maraqlıyıq. İndiki halda Rusiya şirkətinin Azərbaycanda istehsalı başqa istiqamətlərdə, maşınqayırma, energetika və nəqliyyatda olduğu kimi, bizim münasibətlərimizin yaxşı göstəricisidir. Samur çayı üzərindən körpünün tikintisi praktiki olaraq başa çatdırılıb. Bu da onun nəticəsidir ki, yüksək səviyyədə qəbul edilən bütün qərarlar yerinə yetirilir. Zənnimcə, bu, bizim münasibətlərimizin əsas nailiyyətlərindən biridir. Biz qarşıya konkret məsələlər qoyur, onları konkret həll edir və yaxşı nəticələr görürük.
Əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun ilkin görkəmdə bərpa olunmasını məmnuniyyətlə qeyd etməliyəm. Mən bu pavilyonun açılışına televizorla baxmışam, sonra isə bizim telekanallarda çoxlu reportajlar göstərilib. Bu, əlbəttə, bizim münasibətlərimiz üçün çox böyük əhəmiyyət kəsb edən olduqca əlamətdar hadisə və bizim ortaq tariximizə hörmət əlamətidir. Düşünürəm ki, bu pavilyon Azərbaycan mallarını Rusiya bazarlarında çox fəal təbliğ edəcək.
Başqa sözlə desək, bizim əməkdaşlığımızın bütün istiqamətləri üzrə müsbət nəticələr göz qabağındadır. Artıq yekun vurmaq olar. Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə ki, münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var. Bu gün Hökumətlərarası Komissiyanın iclası da keçiriləcək. Əminəm ki, geniş spektrli məsələlər müzakirə olunacaq, reallaşdırılmaq üçün konkret tapşırıqlar veriləcək. Buna görə inanıram ki, səfəriniz çox səmərəli olacaq və Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm.
X X X
Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
X X X
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim OREŞKİN dedi:
-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Görülən işə bu cür müsbət qiymət verdiyinizə görə sağ olun. Həqiqətən, cari rəqəmlərə nəzər salsaq, əmtəə dövriyyəsini və dinamikanı əks istiqamətdə müqayisə etsək, məsələn, bu il Avrasiya İqtisadi İttifaqı ilə bizim münasibətlərimizdə dinamika mənfidir, əmtəə dövriyyəsi bir qədər azalır. Buna görə, həqiqətən, Azərbaycanla təqribən 30 faiz artım var. Bu, ümumiyyətlə, hər hansı ölkə ilə müqayisədə həqiqətən ən yüksək göstəricilərdən biridir. Doğrudan da baza bəlkə də bu qədər yüksək olmayıb və Hökumətlərarası Komissiya çərçivəsində mənim həmkarlarımla birlikdə həyata keçirdiyimiz ilk tədbirlər, sədlərin aradan qaldırılması, bazarlar açılması – bütün bunlar ciddi irəliləyişə nail olmağa və bu cür yaxşı nəticələr göstərməyə imkan verib.
Lakin daha irəli getmək və elə etmək lazımdır ki, bunlar birdəfəlik nəticə deyil, daimi hadisə olsun. Buna görə biz burada, əlbəttə, əməkdaşlığın dərinləşdirilməsi üzərində işləyəcəyik. Çünki bunlar, sadəcə, sədlər deyil, bunlar müştərək layihələr məsələləri və əlavə dəyər zənciridir. Bu gün biz kənd təsərrüfatına dair proqram imzalayacağıq. Həmin proqram təkcə kənd təsərrüfatına deyil, onunla bağlı bütün məsələlərə aiddir. Ona görə də bu cür kompleks məsələlər və ya, deyək ki, tranzit məsələsi, Rusiya ilə Azərbaycanın birlikdə inkişaf etdirdiyi bir neçə tranzit yol buraya aiddir. Tranzit axınının artması üçün hər yerdə növbəti addımlar atılmalıdır. Biz burada daha çox, daha ciddi artım görürük. Burada müsbət rəqəmlər var. Buna görə biz bütün bunların üzərində işləyəcəyik.
Siz müştərək istehsal məsələsini xatırlatdınız. Siz düz dediniz ki, bu gün biz əczaçılıq zavodunu açacağıq. Keçən dəfə biz avtomobil zavodunun təməlini qoyduq. Bu gün helikopterlər üçün xidmət mərkəzinin təməlinin qoyulmasını planlaşdırırıq. Hər dəfə nə isə bir layihə, irəliyə doğru nə isə yeni bir hərəkət olur. Əlbəttə, biz burada Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının fəal işini görürük. Çünki layihələrin sayı artır və biz öz tərəfimizdən həmin layihələri dəstəkləmək üçün nə lazımdırsa edirik. İnnovasiya istiqaməti, Sizin xatırlatdığınız altıncı “yol xəritəsi” çox mühüm istiqamətdir. Siz bizim nümayəndə heyətinin tərkibinə nəzər salsanız, bu gün mənimlə üç nazir müavini gəlib. Çünki, bu, reallaşan layihələrin sayını və hansı miqyasda layihələri həyata keçirməli olduğumuzu göstərir.