“AZƏRBAYCAN POLİSİNİN XİDMƏTİNƏ TƏŞƏKKÜR BELƏ YETMƏZ!”-Jurnalist Aybəniz ABDULOVA
Cəmiyyəti hər tərəfli tədqiq edən sosiologiya elminin əsasını cinayət sahəsi təşkil edir. Polisin əsas və başlıca vəzifəsi cəmiyyəti nisbətən təhlükəli cinayətlərdən və cinayətkarlardan qorumaqdan ibarətdir.
Biz hər gün demək olar ki, beş dəqiqədən bir ehtiyatsızlıqdan və yaxud da ictimai yerlərdə bilərəkdən törədilmiş cinayətlərin şahidi oluruq. Belə hallarda zərərçəkmiş şəxs kömək üçün ilk olaraq adiyyatı üzrə yaşadığı və yaxud da hadisə baş verən ərazidə yerləşən Polis bölmələrinə müraciət etməli olur.
Bütün əməllər şübhəsiz ki, cinayət sayıla bilməz. Xarakterinə görə müxtəlif olan, məsələn, qəsdən sağlamlığa az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və səhlənkarlıq (CM-in 314-cü maddəsi) kimi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, eləcə də, eyni xarakterli, lakin müxtəlif növdən olan, məsələn, oğurluq (CM-in 177-ci maddəsi) və soyğunçulq (CM-in 180-cı maddəsi) kimi cinayətlərin təhlükəlilik dərəcəsini, bu cinayətlərə görə məsuliyyət müəyyən edən normaların sanksiyalarını müqayisə etməklə fərqləndirmək olar.
Bəli, baş verən hadisələrin mülki və ya cinayət tərkibli olub-olmamasından asılı olmayaraq ümumiyyətlə, çox sevindirici haldır ki, Azərbaycan Polisi ona müraciət edən istər sərxoş, istər dilənçi, istər xadimə, istərsə də əvvələr məhkum olunmuş hər bir vətəndaşını ayrı-seçgilik etmədən qəbul edir, problemini həm şifahi qaydada səbrlə sonacan dinləyir, həm də yazılı formada Ərizə və İzahatını alır. Öz xidməti borcunu qanun çərçivəsində layiqli yerinə yetirir.
Peşəsindən, dilindən, şəxsiyyətindən, hörmətindən asılı olmayaraq kiçik uşaqdan tutmuş, yeniyetmə, gənc, yaşlı, ağsaqqal olmaqla belə hər birimizin yaxşı, sakit, xoşbəxt yaşaması üçün istirahət bilmədən, onlar hətta bayram günləri daxil olmaqla belə gecə-gündüz gücləndirilmiş iş rejimində çalışaraq təhlükəsizliyimizi cinayətkarlardan, oğrulardan, narkamonlardan və gələcəkdə hər an yarana biləcək təhlükələrdən qoruyur. Bu məqamda gördüklərimin bir qismini nümunə yazsam yerinə düşər.
Ölkəmizdə son zamanlar avtomobildə, zavodda yanğın baş verəndə, evdə kimsə köməksiz vəziyyətdə qalanda hadisə yerində FHN-nin əməkdaşları olsa da belə, Polislərimizində onlardan heç də geri, kənarda qalmadığını, yanğının söndürülməsi üçün operativ olaraq onlarla çiyin-çiyinə çalışdıqlarını gördük. Günümüzdə parkda, yolda valideyn məsuliyyətsizliyi balaca körpələrimizin yıxılmasına səbəb olur. Bu halda rütbəsindən asılı olmayaraq ərazidə olan Polis əməkdaşlarımız yıxılan şirin balalarımızın, həmçinin qüsurlu olduğundan əlil arabasına möhtac olub metroya düşə, yolu keçə bilməyən çoxsaylı vətəndaşlarımızdan öz köməkliyini, dəstəyini bir an belə əsirgəməyiblər. Mən belə halları dəfələrlə kənardan müşahidə etmişəm və həmişə şahidi olmuşam. Yuxarıda qeyd etdiklərimi və buna bənzər bir çox hadisələri nəzərə alsam, Polislə bağlı jurnalist olaraq düşünürəm ki, Azərbaycan Polisinin xidmətinə təşəkkür belə yetməz!
Ölkəmizin qeyrətli və vicdanlı polislərindən yazmaq bir jurnalist kimi çətin və məsuliyyətli olduğu qədər də mənim üçün çox şərəflidir. Bu, şərəfli olduğu qədər də məsuliyyətli bir işdir. Bu yükün ağırlığını məqalə yazma prosesində dəfələrlə hiss etdim.
Elə haqqında söhbət açacağım, Yasamal rayon Polis İdarəsinin ləyaqətli polislərindən biri, İstintaq Şöbəsinin Rəisi VÜQAR MƏCİDOV haqqında yazmağa başlarkən bu narahatlıq və məsuliyyət hissi bir az da artdı.
Bu məqaləmin yazılması heç də xoş bir təsadüflə bağlı deyildi. Təəssüf ki, insan ömrü yalnız xoşbəxt günlərin deyil, həm də bədbəxt hadisələrimizin silinməz tarixidir.
Ömrü boyu sözündə, işində məsuliyyətli, vətəndaşlara, hadisələrə münasibətində ədaləti həyat kredosuna çevirən həssas valideyn Vüqar müəllim haqqında yazmaq məni çox xoş məqamlara aparır.
Rəislə ilk tanışlığım kabinetində olmuşdur…
Tanıyanlar yaxşı bilir, ilk baxışdan sərt görünsə də, köməyini heç bir vətəndaşdan, heç kimdən əsirgəməyib. O, problemləri ilə müraciət edən vətəndaşlara heç vaxt biganə qalmayıb.
O, alicənab rəisdir. Onun otağına daxil olanda məni az qala öz böyüyü kimi qarşılasın. Yuxarı rütbəyə sahib olsa da, özünü yuxarıdan aparmır. Vətəndaşlarla ünsiyyətdə çox sadə insandır. Onunla söhbət etmək xoşdur. Vüqar müəllimin vətəndaşları səbrlə dinləmək bacarığı var. O, öz sahəsi üzrə ən yüksək pillədə dayanan Polislərimizdəndir.
Vüqar Məcidovu fərqləndirən xüsusiyyətlərdən biri də həmişə qəbuluna gələn vətəndaşlara bilmədiklərini səbrlə, qanunla geniş qaydada hüquqlarını izah etməsi, öyrətməsidir.
Vüqar müəllim işgüzar adamdır. İşində çox dəqiqdir. Özünə və onunla birgə çalışdığı əməkdaşlara qarşı çox tələbkardır. Çalışır ki, verilən qərarlar qanun çərçivəsində olsun. Kollektivlə çox yaxşı münasibəti var. İdarədə bütün əməkdaşlar Vüqar müəllimə hörmət bəsləyir.
Vüqar Məcidov çox vicdanlı, dövlətinə sadiq, öz peşəsini sevən, peşəsi ilə fəxr edən, yorulmadan xidmət edən Azərbaycan Polisidir!
Təbii ki, rəisin bu xüsusiyyətləri jurnalist üçün çox xoşdur. Çünki, cinayət işlərində dəqiqlik və qanun çox vacib amillərdəndir.
Vüqar müəllim hər zaman DİN-nin rəhbərliyinin diqqət və qayğısını hiss edib. Bəlkə də, bu səbəbdən o bu yaxınlarda cənab Nazirimiz Vilayət Eyvazovun imzaladığı əmrlə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
O, qısa zaman kəsiyində xidmət etdiyi ərazidə vətəndaşların rəğbətini və etimadını qazanıb. Ona güvənir, etibar edirlər.
Vüqar müəllimə olan hörmətimin əsas səbəbi onun yüksək xidməti peşəkarlığı, işgüzarlığı, prinsipiallığı, ciddiliyi, sadəliyi və xeyirxahlığı ilə şərəfli, vicdanlı polis, sədaqətli dost, ləyaqətli ailə başçısı olmasıdır. Ümumiyyətlə, onda cəmləşən ən gözəl xüsusiyyətləri heç tərəddüd etmədən yaza bilərəm.
Rəis haqqında danışmaq, söz demək və məqalə yazmaq mənim üçün qürurvericidir. Çox xoşbəxt jurnalistəm ki, Vüqar müəllim kimi dostum var.
Layiqli və nümunəvi bir dövlət xidmətçisindən biridə İstintaq Şöbəsində Polis Baş Leytenantı, Müstəntiq KAMRAN XALƏDDİN OĞLU NAMAZOVdan söhbət açacayıq…
Böyük əzm sahibi olan Kamran müəllimin şəxsiyyəti, polis fəaliyyəti şəffaf bir həqiqətdir.
Bu illər ərzində o, Polis Baş Leytenantı kimi mühüm tapşırıqlarla çətin sahələrə göndərilmişdir. Heç kim onu qolundan tutub qaldırmamışdı. Özü öz gücünə qalxıb yüksəlmişdi. Polis zabiti olaraq ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlir.
Onu yaxından tanıyanlar yaxşı bilir ki, Kamran Namazov çox vicdanlı‚ işində dürüst‚ çox insanpərvər‚ ləyaqətli‚ dövlətçiliyə bağlı olan‚ dövlətini və peşəsini sevən bir Polisdir.
Kamran Namazov həyatda çox çətinliklərlə, təhlükələrlə üzləşib, amma öz yolundan dönməyib, inamla məqsədinə doğru gedibdir. Sonda zabit rütbəsini qazanıb. Kamran Namazovdan ona görə yazmağa dəyər ki, ləyaqətli Polis və müsbət auralı insandır. Onunla ünsiyyətdə olmaq bir jurnalist kimi mənə pozitiv enerji verir.
Onu həmkarlarından fərqləndirən cəhət o, humanist polisdir. Təhqiqatçının etməli olub, amma etmədiyi xidməti funksiyasını yerinə yetirən polis zabitidir. Sadəliyi ilə, canıyananlığı ilə vətəndaşların dərin hörmətini qazanıb.
Belə ki, vaxtilə Suraxanı rayon 33-cü Polis bölməsində işlədiyi illərdə onunla çiyin-çiyinə işləmiş, onunla bir yerdə çətin istintaq-əməliyyat tədbirlərində iştirak etmiş vətəndaşları, hadisələrin şahidlərini, uşaqlıq dostlarını, polis həmkarlarını dinlədikdə – hamısı bir ağızdan Kamran Namazovun kişiliyindən, mərdliyindən, yüksək peşəkarlığından, vətənpərvərliyindən, dövlətə sevgisindən, namus-qeyrətindən, dövlətə, ailəyə, torpağa bağlılığından söz açmalarının şahidi oldum.
Son dərəcə xeyirxah və mərd polisdir. Bu, onun ürəyinin hümanistliyindən irəli gəlir. Sədaqət, etibar onun canında-qanındadır, soyunda-kökündədir. Ehtiyacı olan hər bir Azərbaycan vətəndaşına yaxşılıq, xeyirxahlıq etməyi bacardığından özünə dost qazanıbdı. Özü də dostluq, etibarlılıq nümunəsi göstərən qeyrətli oğullardandır.
Düşünürəm ki, oxucularımızı məlumatlandırmaq lazımdır ki, belə vicdanlı Polislərimizi tanısın. Polisdən yazdıqca üzümdə xoş təbəssüm yaranmağa başlayır. Çünki, mən Azərbaycan Polisinə, onun fəaliyyətinə və xidmətinə inanıram.
Vüqar müəllim və Kamran müəllimin xidmətindən çox razıyam. Onlar hər zaman neçə-neçə cinayətlərin qarşısını alıblar. Belə xidmət göstərən Yasamal rayon Polisindən necə narazı qala bilərəm?
Mən Azərbaycan Polisinə etibar edirəm və edəcəyəm. Nə vaxta kimi mən varam, mənim üçün Polis də var.
Vüqar Məcidov və Kamran Xaləddin oğlu Namazov kimi dəyərli Polislərdən ona görə yazmaq lazımdır ki, onların Vətən, xalq və dövlət qarşısında xidmətləri, əziyyətləri unudulmasın. Onların davranışı, hünərləri, kişilikləri vətəndaşlarımıza örnək olsun. Mən fəxr edirəm ki, mənim belə Polisim var, etibarlı, güvənli,mərd!
Amma çox təəssüf hissi ilə qeyd etməyə məcburam ki, ölkəmizdə vətəndaşların Polisə münasibəti birmənalı deyil…
Bilənlər bilirlər, unudanlar xatırlasınlar, bilməyənlər bilsinlər ki, Azərbaycanda xidmət edən heç bir Polis vətəndaşla kobud rəftar edə bilməz. Azərbaycan Polisi heç kimi şərləyərək həbs etdirə bilməz.
Amma, kim cinayət törədərsə, onda həmin şəxs barəsində qanunda nəzərdə tutulan cəza tətbiq ediləcəkdir.
Odur ki, heç bir cinayət cəzasız qalmamalı, heç bir xidmət, unudulmamalı, heç nə yaddan çıxmamalıdır!
Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər Birliyinin üzvü”, Jurnalist-yazar, araşdırmaçı.
“AZTİMES.AZ”