Azərbaycan niyə “taclı virus”a qalib gələ bilmir? – “Xəstəni tibb bacısı və tələbə müalicə edir”

Baxılıb:151
Azərbaycan niyə “taclı virus”a qalib gələ bilmir? – “Xəstəni tibb bacısı və tələbə müalicə edir”

Son günlər səhiyyədə baş verən xoşagəlməz hallar bu sahəyə diqqəti xeyli artırıb. Ölkə başçısının tapşırığı ilə illərdir inkişaf edən, çox böyük işlər görülən və ən müasir avadanlıqlarla təchiz olunan səhiyyə sahəsində bu gün təşkilatçılıq bərbaddır. Yeni səhiyyə ocaqları, xəstəxana və modul tipli tibb müəssiələrinin sayı ilbəil artsa da, peşəkarlıq və məsuliyyətlilik prinsipi bu sahədə sıfıra enib. Xüsusilə, pandemiya dönəmində Azərbaycan səhiyyəsi bərbad idarəetmə və səriştəsizliyi ilə ölkənin epidemioloji durumunu daha kritik həddə çatdırıb.

Koronavirusla mübarizədə xəstəxanalarda çarpayı, apteklərdə dərman, polinklinikalarda test çubuqlarının çatışmazlığı, peşəkar həkim sarıdan çətinlik və təcili yardımın işləməməsi bu sahənin fundamental islahata ehtiyacı olduğundan xəbər verir. Bir sözlə, koronavirusla mübarizədəki sınağından üzüağ çıxa bilməyən Azərbaycan səhiyyəsində çox ciddi islahatlar aparılmalıdır.

Amma ilk olaraq nədən və necə başlamaq lazımdır, bu da müzakirə mövzusudur.

Tanınmış terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında deyib ki, ilk növbədə səhiyyəyə rəhəbrlik eədnləri və TƏBİB-in iş qabiliyyətinin nədən ibarət olması araşdırılmalıdır:

“Bunların iş qabiliyyətini araşdırsalar, məlum olacaq ki, koronavirus bur gün ölkədə niyə bu qədər geniş vüsət alıb. İlk olaraq, karantin tədbirlərindən başlanılmalıdır. Bu gün ölkədə toy yoxdur, insanlar restoranlara getmir. Ən sıx məkan nəqliyyat və dayanacaqlardır. Metro işləmədiyindən avtobuslara yüklənmə çoxalıb. Əlbəttə ki, yoluxma və yayılma olacaq. Bu da bir işin təşkilidir. Əksinə, nəqliyyat normadan artıq reysə buraxılmalıdır ki, insanların bir-birlərindən məsafəli şəkildə nəqliyyatda oturmaq imkanları olsun. Əsas nəqliyyat vasitəsi olan metronu bağlamaq və bütün insanları avtobusa yükləməyin nəticəsi bəlli idi. Bu baxımdan, virusa yoluxmanın qarşısını almaq bizdə çətinlik törədir. Bundan əlavə, virusla mübarizə tədbirlərində 14 günlük inbukasion dövrün həddindən artıq maarifləndirilməsi də yoluxmaya təsir etdi. İnsanların 14 günlük mərhələni gözləməsi sürətlə yoluxmaya səbəb oldu.

Növbəti həftədən sərt karantinə gedirik. Bu dövrdə yoluxan insanların müalicə olunması da bir başqa problemdir. Bu gün apteklərdə nəinki koronaya qarşı, hətta başqa narahatlıqlara kömək edəcək preparatlar tapılmır. Dərman ölkədə bir nömrəli strateji məhsul hesab olunur və bu məhsul azaldılmamalıdır. Çünki insanların həyatı birbaşa bu dərmanlardan asılıdır. İslahatlardan biri odur ki, ölkədə dərman təchizatı yaxşılaşdırılmalıdır”.

Həkimin fikrincə, ikinci islahat təcili tibbi yardım maşınlarının sayını artırmaq, onların işini düzgün təşkil etməkdir:

“Bu gün çağırışlara təcili yardım getmir. Ya maşının olmadığını, ya da işinin çox olduğunu əsas gətirir. Dövlət xəstəxanalarında çalışan həkimlərə dövlət yüksək maaş versə də, köhnə adətlərindən əl çəkmirlər. İdarəetmədə mövcud olan naşı yanaşma ölkəni çətin vəziyyətə gətirib”.

Həkim əlavə edib ki, bu gün dünyada koronavirusla mübarizə ən ağır işlərdən biridir:

“Bu gün Azərbaycan səhiyyəsində məsuliyyəti bölüşdürmək adət halını alıb. Baş verən problemdən yayınmaq üçün məsuliyyəti TƏBİB Səhiyyə Nazirliyinin, nazirlik isə TƏBİB-in üzərinə atır. Axı bir sahənin alternativinin yaradılmasının mənası nədir? İnsanlar bilmir ki, TƏBİB-ə, ya Səhiyyə Nazirliyinə müraciət etsinlər. Elə ki, iş çətin olur, günahı bir-birlərinin üzərinə yıxırlar. İkihakimiyyətlilik yarananda da işin nəticəsi bərbad və effektsiz olur. Bu məsələyə cavabdeh bir qurum olmalıdır. Dünyanın hər yerində Səhiyyə Nazirliyi fəaliyyət göstərir. Anlamıram, bu TƏBİB anlayışı haradan çıxdı? Səhiyyə Nazirliyinin funksiyası ali səviyyədə olmalıdır. Onun səsi elə çıxamalıdır ki, hamı bilməli ölkədə Səhiyyə Nazirliyi var. Amma bu gün Səhiyyə Nazirliyinin səsi çıxmır.

Nazirlik öz kefində, xəstələr isə onun-bunun əlində qalıb. Təsəvvür edin, “korona”ya yoluxan ölkə əhalisinin 40 faizini bu gün tibb bacıları müalicə edir. Xəstəxanalarda koronaviruslu xəstələrin müalicəsində Azərbaycan Tibb Universitetinin IV-V kurs tələbələri iştirak edir. Tibb bacılarının və tələbələrin müalicə etdikləri xəstələr nə olacaq? Ona görə də ağırlaşma və ölənlərin sayı artır. Həddindən artıq biabırçı vəziyyət yaranıb. Azərbaycan digər ölkələrlə müqayisədə koronavirusla mübarizədə ən gərgin durumdadır. Xəstəni tibb bacısı və tələbə müalicə edəcəksə, hansı mütəşəkkillikdən söhbət gedə bilər?”


Abunəlik