Azərbaycan artım tempinə görə MDB ölkələrini qabaqlayacaq

Baxılıb:27
Azərbaycan artım tempinə görə MDB ölkələrini qabaqlayacaq

Birləşmiş Millətlər Təşkilatı (BMT) “2025-ci il üçün dünyanın iqtisadi vəziyyəti və perspektivləri” adlı hesabatında 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının 3% səviyyəsində artacağını proqnozlaşdırır.

Proqnozlaşdırılan artım tempi MDB ölkələri üçün gözlənilən orta göstəricini üstələyir. Belə ki, yaxın iki il üçün bu ölkələrdə artım tempi 2,5% səviyyəsində təxmin edilir. Enerji ixrac edən MDB ölkələri üçün isə bu rəqəm 2,1% təşkil edir.

“2024-cü ildə Azərbaycanda iqtisadi artım daxili tələbin artması və qeyri-neft sektorundakı aktivlik sayəsində sürətlənib. Ölkənin təbii qazına olan qlobal tələbatın artacağı gözlənilir ki, bu da 2025-ci ildə iqtisadi artıma müsbət təsir göstərəcək”, – hesabatda qeyd olunur.

Təşkilatın proqnozlarına əsasən, qarşıdakı iki ildə ölkədə inflyasiya tədricən azalacaq və bu il 3,6%, gələn il isə 3,1% səviyyəsində olacaq. Azərbaycanın inflyasiya səviyyəsi MDB ölkələri arasında ən aşağı göstəricilərdən biri kimi gözlənilir. MDB üzrə orta proqnoz isə müvafiq olaraq 5,5% və 4,6%-dir.

2025-ci ildə qlobal iqtisadi artım 2024-cü illə müqayisədə dəyişməyərək 2,8% səviyyəsində qalacaq. Hesabatda qeyd olunur ki, qlobal iqtisadiyyat bir sıra çağırışlara qarşı dayanıqlılıq nümayiş etdirsə də, artım templəri pandemiyadan əvvəlki dövrdəki 3,2%-lik orta göstəricidən aşağı olaraq qalır. Bu, əsasən, zəif investisiyalar, yavaş istehsal artımı və yüksək borc yükü ilə izah edilir.


Abunəlik