Azərbaycan 30 illik yararsız “həll düsturu”nu tarixin arxivinə verdi – “İlham Əliyev bütün dünyaya göstərdi ki…”

Baxılıb:141
Azərbaycan 30 illik yararsız “həll düsturu”nu tarixin arxivinə verdi – “İlham Əliyev bütün dünyaya göstərdi ki…”

Üçtərəfli anlaşmaya görə, 10 gündən sonra ərazimizdə bircə Ermənistan hərbçisi və işğalçı mülki şəxs belə qalmayacaq. Azərbaycan SSRİ-nin çöküşündən sonra öz ərazi bütövlüyünün bərpasına heç vaxt olmadığı qədər yaxındır. Bu da müstəsna olaraq, Qarabağ ixtilafının həllinə Bakının kardinal fərqli yanaşması hesabına və bunun nəticəsi kimi hamının qəbul etdiyi yeni reallıqlar yaratması sayəsində mümkün oldu.

Söhbət 32 illik konfliktlə bağlı işə yaramayan həll düsturu – “münaqişənin hərbi həlli yoxdur” formulunun kökündən dəyişməsindən, hərbi-siyasi yoldan gedir. Şübhə yox ki, bu variantın uğurla və qısa zamanda – cəmi 44 günə yekunlaşmasında Türkiyə və dost Pakistan başda olmaqla, ölkəmizə dost-qardaş və tərəfdaş dövlətlər tərəfindən verilən siyasi-diplomatik və təbliğati dəstək mühüm rol oynadı.

Hətta Rusiyanın timsalında işğalçı ölkənin 1 nömrəli müttəfiqi də Vətən savaşımıza mane olmadı. Əlbəttə ki, boşuna yox. Moskva Bakının uzun illər apardığı uğurlu xarici balans siyasətinin və regional şərtləri düzgün hesablamasının yekunu olaraq reallıqla barışdı və müharibəyə müdaxilə eləmədi. Ta ki, Azərbaycan hərbi qələbəsini tam təsbit edənədək və ərazi bütövlüyünü, faktiki, bərpa edənədək. Rusiya isə son anda yenə Ermənistanı xilas etməli oldu – erməni toplumu bunu haqq etməsə də.

Bu xüsusda Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun sitatı ibrətamizdir: “Rusiya ikinci dəfədir Ermənistanı və erməniləri xilas edir. Tarixi unutmayaq. Qars müqaviləsi olmasaydı, indi Ermənistan adında dövlət olmazdı. 1924-cü il Qars müqaviləsi ermənilərin qurtuluşu kimi xatırlanmalıdır. O dövrdə Türkiyə daşnakları İrəvana qədər qovdu, sonra bolşeviklər onları qurtardı. Ciddi desək, indi də ermənilərin ikinci xilası baş verdi. Ermənistan həm o zaman, həm də bu dəfə dövlətçiliyini itirmək ərəfəsində idi…”

*****

Qarabağ konfliktinin həllinə gəlincə, əslində Azərbaycan 30 illik yararsız “həll düsturu”nu tarixin arxivinə verməklə münaqişələrin çözüm yolları barədə təsəvvürü də dəyişdi. Belə bir gəlişməni artıq bütün nüfuzlu hərbi və siyasi analiz mərkəzləri qəbul edir. Azərbaycanın uğurlu hərbi kampaniyası həmçinin hərb tarixi dərsliklərinə düşməyə və diqqətlə öyrənilməyə layiq hesab olunur.

“Azərbaycan rəhbərliyi bu müharibənin siyasi tərtibatını parlaq şəkildə həyata keçirdi. İstər təşkilati nöqteyi-nəzərdən olsun, istərsə də diplomatik addımlar baxımından, bu iş çox yüksək səviyyədə görüldü”.

Bu fikri “Rossiya 1″ telekanalının ”Dmitri Solovyovla axşam” verilişinin efirində tanınmış politoloq Dmitri Yevstafyev deyib.

“30 il ərzində demək olar, bütün siyasətçilər iddia edirdilər ki, Qarabağ konflikti yalnız sırf danışıqlar yolu ilə çözülə bilər. İlham Əliyev isə praktikada bütün dünyaya göstərdi ki, münaqişənin hərbi həll yolu var”, – deyə ekspert qeyd edib.

*****

Artıq Ermənistanda da bu yöndə acı etiraflar başlayıb. Onlardan biri Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında olduqca zəif olması ilə ilgilidir. Halbuki müharibə başlayanadək işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi özündən razı şəkildə Yevlağa, Gəncəyə, hətta Bakıya kimi gələcəklərindən dəm vururdu. Ancaq xəbərləri yox idi ki, daha dəqiqi, heç cür qəbul etmək istəmirdilər ki, Ermənistanın geridə qalmış XX əsr ordusu Azərbaycanın XXI əsr, modern, yüksək texnologiyalı 5-ci nəsli ordusu ilə toqquşmalı olacaq.

Bunun anonsunu isə Bakı düşmənə hələ 2016-cı ilin “4 günlük” Aprel savaşında vermişdi. 4 günlük müharibədən layiqli dərs almayan düşmən onun üçün kapitulyasiya ilə bitən 44 günlük müharibəni yaşamalı oldu. Ordusu, faktiki, darmadağın edildi, özü və əhalisi isə uzun illər inkişaf tapa bilməyəcək fəlakətli duruma ürcah oldu.

“Qraparak” erməni nəşrinin aşağıdakı qeydləri bu mənada diqqətçəkicidir. “Yeni Müsavat” qəzetinin xəbərinə görə, qəzet yazıb: “Erməni hərbçiləri yaxınlaşan Azərbaycan qoşunlarını görəndə öz səngərlərini tərk edərək mövqelərindən qaçıblar. Bunlar Araik Arutyunyanın (Qarabağ separatçılarının terrorçu lideri – red.) adamları idi. Bizim bilgilərə görə, Arutyunyanın şəxsi cangüdənlərindən bir neçəsi ön cəbhəyə getməkdən, ümumiyyətlə, imtina edib. Onun general rütbəsi verdiyi iki ”baş prokurorun müavinləri” isə şiddətli döyüşlər dövründə Azərbaycan ərazisini (işğal altındakı Qarabağ ı- red.) tərk ediblər. Bir sözlə, “Artsax”ın “qəhrəman döyüşçüləri” quyruqlarını qısaraq, döyüşmək istəmədikləri üçün Ermənistana qaçıblar”.

*****

Bütün bu baş verənlərdən, biabırçı hərbi məğlubiyyətdən sonra isə nə qədər qəribə də olsa, Qarabağda Azərbaycana qarşı partizan hərəkatının aparılacağı barədə xəbərlər yayılıb. Belə ki, erməni mediasında iddialar yer alıb ki, guya bir neçə yaxşı təlim keçmiş erməni “partizan qrupu” Azərbaycan tərəfinin tam nəzarətinə keçmək üzrə olan ərazilərdə qalmağa davam edir. Bununla bağlı məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məsələni şərh edən rusiyalı hərbi ekspert Aleksandr Perenciyev isə hesab edir ki, mövcud vəziyyətdə rəsmi Moskva, Bakı və İrəvan arasında imzalanan üçtərəfli razılaşmanın tələblərinə tabe olmayan şəxslərin neytrallaşdırılmasını gözləmək lazımdır: “Azərbaycan Ordusu bu ərazilərə girəndə heç bir partizan müharibəsi olmayacaq, çünki partizan hərəkatından ötrü yerli əhalinin dəstəyi lazımdır. Azərbaycan Ordusunun gəlişi, azərbaycanlıların bu əraziyə yerləşməsi ilə ”partizanlar”a dəstək verəcək kimsə olmayacaq. Vəziyyət artıq sabitləşir və radikal ünsürlər ya ərazini tərk edəcək, ya da silahlarını yerə qoyacaq və ya məhv ediləcəklər. Hadisələrin başqa inkişaf ssenarisi ola bilməz”.

Gerçəkdən də, indi Ermənistan üçün bütün silahlı cəhdlər kapitulyasiyaya aparır…
“Yeni Müsavat”


Abunəlik