Azərbaycan ədalətli sülhün tərəfdarıdır

Baxılıb:252
Azərbaycan ədalətli sülhün tərəfdarıdır

Bu gün dünyamıza sülh və firavanlıq daha çox lazımdır. Hazırda bəşəriyyət ekoloji problemlərlə, iqlim dəyişikliklər və onun yaratdığı fəsadlarla, xəstəliklər nəticəsində yaranmış pandemiya ilə, dünyada gedən geosiyasi, geoiqtisadi proseslərlə bağlı böyük çətinliklərlə üzləşmişdir. Hadisələrin gedişi onu göstərir ki, dünya əvvəlki dünya olmayacaq. Sülh və təhlükəsizlik məsələlərinin həllinə nail olmaq bir çox platformalar mövcuddur ki, bunlardan biri də Münhen Təhlükəsizlik Konfransıdır. Azərbaycan üçün bu konfrans bir çox aspekt üzrə müsbət qiymətləndirə bilərik:

Birincisi, Azərbaycanın iqtisadi imkanları və onlardan düzgün istifadə, həmçinin dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi və xarici siyasət, reallaşlan mühüm nəqliyyat – kommunikasiya və loqistika layihələri ölkəmizin mövqelərinin daha da gücləndirmişdir. Prezident İlham Əliyev dünyada gedən proseslər fonunda atdığı addımlar, qəbul etdiyi qərarlar, həyata keçirdiyi mühüm layihələr ölkəmizin nüfuzunu gündən–günə artırır. Bu gün Azərbaycan enerji təhlükəsizliyi istiqamətində bütün dünya, xüsusi ilə də Avropa üçün çox vacib ölkədir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak və çıxış edən Prezident İlham Əliyev ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulamaqla yanaşı, Azərbaycanın orta və uzunmüddətli perspektivdəki hədəflərindən də bəhs etmişdir. Qeyd etmək lazımdır ki, dəyirmi masada çıxış edən mötəbər şəxslərin Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi ilə vurğulamaları, ölkəmizlə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirmələri və onun davamlı olacağına əminliklərini bildirmələri bir daha ölkə başçısı İlham Əliyevə olan inamdan, etibardan irəli gəlir. Bu gün qarşılıqlı iqtisadi maraqların təmin edilməsi, bu sahədə mühüm layihələrin həyata keçirilməsi çox önəmlidir, hətta bunun siyasi qərarlara təsir etdiyini də deyə bilərik. ünxen Təhlükəsizlik Konfransı çərçivəsində ölkə başçısının bir sıra iki və çoxtərəfli görüşlər keçirməsi hər birimizdə gələcəyə hesablanmış müsbət gözləntilər yaradır.

İkincisi, Prezident İlham Əliyevin 18 fevral tarixində Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşünün keçirilməsi də mühüm əhəmiyyət kəsb edirdi. Görüşün konstruktiv keçdiyini bildirən cənab İlham Əliyev qeyd etdi ki, ilk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Bu isə o deməkdir ki, Ermənistan hələ də öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, müxtəlif bəhanələr gətirir. Əlbəttə ki, hazırda bu bəhanələrdən biri Azərbaycan ekofəallarının və ictimaiyyət nümayəndələrinin etiraz aksiyasıdır. Ölkə başçısı İlham Əliyevin Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı qəti mövqeyi, həmçinin əsaslı faktlarla həmin ərazidə heç bir blokadanın olmadığını sübut etməsi bir daha göstərir ki, orada hər hansı bir blokadadan söhbət gedə bilməz. Azərbaycan haqlı olaraq yataqlarımızın qanunsuz istismarının dayandırılsını tələb edir. Bu tələblərə nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasını davam edəcəklər. Müzakirə mövzusundan biri də sərhədlərin delimitasiyası idi. Dövlət başçısı bildirib ki, sərhədlərin delimitasiyası haqqında danışılırsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. “Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. İlkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur”. Bu o deməkdir ki, Azərbaycan tez bir zamanda nəzarət-buraxılış məntəqələri yaradacaqdır. Hazırkı vəziyyət bunu diktə edir.

Üçüncüsü mühüm aspekt isə Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasın keçirilməsi oldu. Tarixdə ilk dəfədir ki, Münhen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürdülər. Üç il bundan əvvəl fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrini hər birimiz böyük fəxr hissi ilə izləmişdik. Və əlbəttə ki, bu plenar iclasda da ölkə başçısı İlham Əliyev öz aydın, məntiqli, fakta söykənən cavabları ilə Ermənistan rəhbərinin, eləcə də moderatorun bilərəkdən səsləndirdiyi əsasız fikirləri ifşa etdi. İlk növbədə bir daha bəyan etdi “ Dağlıq Qarabağ” sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Digər tərəfdən Azərbaycan ərazisində yaşayan ermənilər azlıqdır. Ölkəmizdə yaşayan digər azlıqlar kimi onların da hüquqları və təhlükəsizliyi qorunacaqdır. Dövlət başçısı qəti şəkildə bildirdi ki, “Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox”. Moderatorun və Ermənbistanın baş nazirinin Xankəndi –Laçın yolunda yaranmış “blokada”, “humanitar gərginlik” fikirlərini ifşa edən prezident İlham Əliyev bir daha bildirdi ki, “2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi.”

Azərbaycanın dövlət başçısı bu dəfə də ölkəmizin haqlı mövqeyini müdafiə etdi, Ermənistana, onun havadarlarına çox mühüm mesajlar verdi. Bir daha sülhün və təhlükəsizliyin əsas açarının heç nəyə baxmayaraq münasibətlərin normalaşması olduğunu vurğuladı. Şuşada hərbiçilərlə görüşü zamanı dediyi kimi, biz sülh istəyirik, ancaq ədalətli sülh!

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor AzTimes.az


Abunəlik