Avtobuslarda gedişhaqqı artır? – Fazil Mustafa vəziyyətdən yeganə çıxış yolunu göstərdi

Baxılıb:137
Avtobuslarda gedişhaqqı artır? – Fazil Mustafa vəziyyətdən yeganə çıxış yolunu göstərdi

Bir neçə gün əvvəl sərnişindaşıma şirkətləri qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edib. Onlar 30 qəpik gedişhaqqının sərf etmədiyini bildirərək qiymət artımı tələb ediblər. Avtobuslarda 30 qəpik gedişhaqqı bəziləri üçün az məbləğ kimi görünə bilər. Lakin gündəlik işə gedib gələn və cibini düşünmək məcburiyyətində qalan sadə vətəndaş üçün bu böyük məbləğdir. 

Aztimes.az  BAKU.WS-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa avtobus sahibi olan iş adamlarının Tarif Şurasına müraciətinə haqq versə də, vətəndaşların sosial rifahının nəzərə alınmasının vacibliyini vurğulayıb.

Millət vəkili bildirib ki, hər iki tərəf üçün çıxış yolu dövlətin insanlara kompensasiya ödəməsidir:

“Məsələni belə həll etmək olar ki, dövlət vətəndaşlar üçün ödənilən kompensasiya sistemini işə salsın. Yəni əməkhaqqı, pensiya məbləğləri, optimal daşınma xərclərini də nəzərə alaraq artırılmalıdır. Ən azından vətəndaş oradan əldə etdiyi gəlirlə bu artımı həll edə bilər. Əks halda isə mümkün deyil. Xidmət etmək şirkətlər üçün sərfəli olmasa keyfiyyət itəcək. Onların ən çox əziyyət çəkdiyi tıxaclardır. Bu da öz həllini tapmayıb. Söhbət qiymət artımından yox, həm də keyfiyyətli ximətdən gedir. Hazırda xidmət göstərmə imkanı da, keyfiyyəti də məhduddur.

Problem bir-biri ilə bağlıdır. Lakin qiymət artımı da olmasa həmin şirkətlər rentabelli olmasa işləməyəcək. Onların nəyinə lazımdır ki, artıq xərcləri ciblərindən ödəsinlər. Vətəndaşa əlavə pul ödənilməldir ki, o artımın mövcudluğunu hiss eləməsin.

Deputat qeyd edib ki, Tarif Şurasına edilən müraciət nəzərə alınsa gedişhaqlarındakı artım minimum 20 qəpik olacaq:

“Nəticədə şəhərdaxili gedişhaqqının 50 qəpik, şəhərətrafının isə 60-70 qəpiyə yüksəlməsi deməkdir. Nəticədə sadə vətəndaşın gündəlik büdcəsinə təsir edə biləcək dərəcədə böyük qiymət artımı yaşanacaq. Vətəndaşların sosial rifahının düşünmədən qiymət artımına yol vermək olmaz”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhəri və ətraf ərazilərdə müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

Daha sonra Məsələ barədə İqtisadiyyat Nazirliyi açıqlama yayaraq hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif (qiymət) Şurasında müzakirə olunmadığını bildirib.


Abunəlik