Avropadan Ermənistanla bağlı şok çağırış: Rusiya sərt cavab verəcək…
Avropa Parlamentinin üzvü, Litvanın keçmiş baş naziri Andrus Kubilius Avropa Parlamentinin iclasında Ermənistan-Avropa İttifaqı münasibətləri məsələlərinə dair çıxış edib.
Kubilius çıxışında Ermənistanın Nikol Paşinyanın rəhbərliyi altında təhlükəsizlik baxımından Rusiyadan asılılığını azaltmaq üçün aydın siyasi iradə nümayiş etdirdiyini bildirib.
“Ötən il oktyabrın 17-də cənab Paşinyan Ermənistanın Avropanın mümkün hesab etdiyi qədər Avropaya yaxın olmaq istədiyini demişdi. Nikol Paşinyanın cəsarətli bəyanatını və bu ölkəni Avropa Birliyinə yaxınlaşdıran addımları alqışlayırıq. Avropa Parlamenti siyasi cavab verməlidir, Ermənistanla gələcək real münasibətlər üçün iddialı gündəm təklif etməlidir. Biz Ermənistanı inteqrasiyanın bütün üstünlüklərindən istifadə edəcək Avropa ailəsinin bir hissəsi kimi görmək istəyirik. Aİ Ermənistanı ittifaq ilə yaxınlaşmağa, o cümlədən onun namizəd statusuna hazırlamaq üçün addım-addım geniş xəritə hazırlamalıdır.
Digər tərəfdən, Ermənistanın bu cür cəsarətli davranışına Rusiyanın qəzəblə reaksiya verəcəyi və bu, Ermənistan üçün təhlükəsizlik və iqtisadiyyat baxımından çağırışa çevriləcəyi də göz qabağındadır. Ermənistana Avropa Birliyi və Qərb demokratiyasından zəmanət lazımdır və Avropa İttifaqı Rusiyanın Ermənistan üçün yaratdığı iqtisadi çağırışları qəbul etməlidir.
Ermənistanın Avropa perspektivi sabitliyin bərqərar olması üçün yeganə yoldur. Bu, Azərbaycan üçün də faydalı olacaq”, – deyə Avropa Parlamentinin üzvü bildirib.