Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib

Baxılıb:247
Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verərək qeyd edib ki, sentyabrın 27-də Ermənistan tərəfinin qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 14 mülki şəxsimiz və hərbi qulluqçularımız həlak olublar. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və Minsk qrupunun rəhbərliyi də bunu bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması barədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzə hazırlaşması mənası daşıyırdı.

Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.


Abunəlik