“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”
Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, Kəlbəcər və nəhayət Laçın rayonlarının Azərbaycana təhvil verilməsi prosesinin başa çatmasını işıqlandırıb.
Nəşr qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilər üzərində nəzarətin bərpasını “tarixi qələbə” adlandırıb və həmin ərazilərin dirçəldiləcəyinə söz verib.
“Biz hər birimiz bir arzu ilə yaşamışıq, indi biz bu arzunu həyata keçirdik. Biz döyüş meydanında və siyasi arenada qələbə qazandıq”, – ölkə başçısının bu fikirləri məqalələrdə yer alıb.
Nəşr həmçinin Azərbaycanın işğal illərində dağıdılmış şəhərləri və kəndləri bərpa etmək əzmində olduğunu və bu fikrin şəxsən ölkə başçısı İlham Əliyevin dilindən dəfələrlə söyləndiyini qeyd edib.
“Associated Press” eyni zamanda üçtərəfli bəyanatın Azərbaycan və Ermənistan cəmiyyətində necə qarşılandığına da diqqət yetirib. Nəşr qeyd edib ki, Azərbaycan xalqı üçtərəfli bəyanatı qələbə kimi bayram etdiyi halda, Ermənistanda çoxsaylı iğtişaşlar və etirazlar yaşanıb.
Ermənistan tərəfinin Kəlbəcəri qaytarmaq üçün əlavə 10 gün vaxt istəməsindən sonra Azərbaycana təhvil verilən ilk rayonun Ağdam olduğuna diqqət çəkən nəşr, xalqımızın bu ərazilərə qayıtmağa, dövlətin isə bu regionları bərpa etməyə hazır olduğunu qeyd edib.
“Biz tarixi ədaləti bərpa etmişik. Azərbaycan xalqı dağıdılmış şəhər və kəndləri bərpa etmək üçün hər şeyi edəcək”, – deyə “Associated Press” dövlət başçısı İlham Əliyevin fikirlərindən sitat gətirib.
Nəşrin dərc etdiyi məqalələrdə həmçinin Ağdam, Kəlbəcər və Laçını tərk edən ermənilərin yaşadıqları evlərdə və meşələrdə yanğın törətdiklərinə də diqqət çəkilib.
Həmçinin, işğaldan azad olunan rayonlardan olan azərbaycanlıların öz doğma torpaqlarına qayıtmağa can atmasına dair fikirləri əks olunub.