AQUPDK “Oxuyaq və paylaşaq” adlı sosial maarifləndirmə layihəsinə start verir
Aparılan araşdırmalar göstərir ki, kiçik yaşlı uşaqlara tez-tez kitab oxumaq onların ibtidai mütaliəyə marağının yaranmasında, dinləmə mədəniyyətinin formalaşmasında, emosional sferanın inkişafında və dünyagörüşünün artmasında olduqca əhəmiyyətlidir. Kitablar söz və ifadə bazasını artırır, gələcəkdə həyatı daha dərin qavramağa şərait yaradır. Bu gün oxunulan hər bir kitab gələcəkdə həyatın bütün sahələrində insana töhfə verəcəkdir. Mütaliəni mütəmadi davranış halına gətirmək, kitab oxumağı və dinləməyi sevdirmək, paylaşmaq və başqalarının da kitab oxumasına vəsilə olmaq insanın mənəvi dünyasını zənginləşdirir.
Mütəxəssislərin fikrincə valideynlər 2 yaşından başlayaraq hər bir uşağın öz şəxsi kitabxanasını yaratmağa başlasa, onlar kitablara qarşı daha da həvəsli olarlar. Eyni zamanda uşaqlar adətən gördüklərini təkrarladıqları üçün valideynlərin mütaliəyə sevgisi, təbliği onlar üçün daha gözəl nümunədir.
Kitabların oxunulduqdan sonra sadəcə rəflərdə qalmaması, paylaşılması ekoloji baxımdan da olduqca vacibdir. Çünki kitabların kağızdan, kağızın isə ağacdan hazırlandığını nəzərə alsaq, uşaqlara kitabları sevdirməklə, onları səliqəli saxlamağı və paylaşmağı öyrətməklə daha çox ağacların kəsilməsinin qarşısını almaq olar. Beləliklə həm də uşaqlara ekologiyanı qorumağı, təbiəti sevməyi və zərər verməməyi təşviq etmiş olarıq.
Yuxarıda qeyd olunanların, eyni zamanda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyəti nəzərə alınaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Oxuyaq və paylaşaq” adlı sosial maarifləndirmə layihəsinə start verilir. Layihə çərçivəsində könüllü şəxslər və kollektivlərin Bakı şəhərində və regionlarda yaşayan uşaqlara kitablar göndərməsi, həmin kitabların istifadədən sonra uşaqların eyni bölgədə yaşayan həmyaşıdlarına ötürülməsi və layihənin əhatə dairəsinin genişləndirilməsi, daha çox uşağın bəhrələnməsi planlaşdırılır.
Cari ilin sonuna kimi davam etdirilməsi nəzərdə tutulan layihəyə 1 aprel 2022-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində start verilib. 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü ərəfəsində uşaqlara layihə və Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması barədə məlumat verilib, toplanmış kitablar onlara təqdim edilib və kitabları oxuduqdan sonra həmyaşıdları ilə paylaşmaqları tövsiyə olunub.
Daha sonra təqdim edilən kitablardan bir neçəsi uşaqlarla birgə mütaliə olunub.
Layihənin əhəmiyyətini, regionları əhatə edəcəyini və uşaqların üzündə təbəssüm, qəlbində sevinc yaradacığını nəzərə alaraq, cəmiyyət üzvlərini layihədə aktiv iştirak etməyə dəvət edirik. Təqdim olunan hər bir kitab uşaqların mənəvi dünyasına müsbət töhfə olacaqdır.
AzTimes.az