Amma adım olmasın…

Baxılıb:248
Amma adım olmasın…

“Gözəl bir yalan dediyiniz zaman on nəfərdən onu sizi alqışlayacaq, acı bir gerçək söylədiyiniz vaxt on nəfərdən səkkizi sizi inkar edəcək, geriyə qalan iki nəfər isə düşünəcək. O düşünənlərə salam olsun”

“Jurnalist çöldə-bayırda olmalıdır”. Bu, peşəkar redaktor və illərin qələm dostu olan jurnalistlərin fikridir. Onlar haqlı olaraq hesab edirlər ki, mövzu redaksiyanın dörd divarı arasında yox, məhz küçədə, bazarda, ictimai nəqliyyatda – bir sözlə, insanların çox olduğu, müzakirələrin getdiyi yerlərdədir.

Axı, jurnalist gecələr göydə ulduzları seyr edib romantik xəyallara dalan, yalnız öz təxəyyülünün məhsulunu ortaya qoyan xəyalpərəst deyil. O, yaxşı müşahidəçi, gözüaçıq, realist həmsöhbətdir – oxucusunun həmsöhbəti. Onun qəhrəmanı da elə oxucusunun özüdür. Buna görə də o, həmişə qəhrəmanını yaxşı tanımağa, onun dünyasına bələd olmağa can atır. Və bunu da bir sıra alətlərlə həyata keçirir.

Bunlardan biri də onların – jurnalistlərin tez-tez müraciət etdiyi sorğudur. AYNA Türkiyə Atatürk Universiteti Jurnalistika kafedrasının doktorantı Nurlan Ağa (Salamov) ilə sorğu haqqında həmsöhbət olub. Müsahibəmizi oxuyaraq bu metodun hansı hallarda və necə işə yaradığı barədə məlumatla tanış ola bilərsiniz.

– İlk olaraq istəyirəm, bu məqamı aydınlaşdıraq: Jurnalistlər hansı hallarda sorğu keçirir və ya keçirməlidirlər?

– Jurnalistika peşə olaraq özündə sosial və humanitar elmlərin xüsusiyyətlərini daşıyır. Eyni zamanda deyə bilərik ki, o, bütün elmlərin görüşdüyü sahədir. Buna görə də jurnalistikanın bakalavr təhsilində ixtisas fənlərindən daha çox qeyri-ixtisas fənləri tədris edilir. Əslində isə jurnalist üçün ixtisas və qeyri-ixtisas fənləri yoxdur. Jurnalistika özü müstəqil bir elm ola bilmədiyi üçün, o, müəyyən elmlərin – sosial elmlər, dil və ədəbiyyat, müasir texnologiya elmlərinin qovşağında öyrənilir. Jurnalistin oxucusu hər kəsdir. Sorğu bu baxımdan önəmlidir ki, jurnalist araşdırdığı mövzu haqqında müəyyən bir yekun nəticəyə gəlmək üçün materialı hazırlayarkən, oxucusunun da fikrini öyrənir.

Jurnalist araşdırma hazırlayarkən, özünün mövzu haqda bilgiləri ilə yanaşı, ekspert rəyləri və mütləq sorğu da əlavə etməlidir. Sorğunun jurnalistikada fərqli adları var: voks-pop, ekspromt sorğu, küçə sorğusu və s. Bu sorğuları keçirməkdə məqsəd apardığımız araşdırmada mövcud problemə ictimaiyyətin mövqeyinin necə olduğunu öyrənməkdir. Nəzərə alsaq ki, jurnalist xalqın səsini xalqa çatdıran, körpü qurandır, bu zaman sorğunun olması materialımızın nə dərəcədə güvənilir olmasını müəyyənləşdirmiş olur.

Bir nümunə üzərindən izah edəsi olsaq, əgər bizim mövzumuz televiziya kanallarında uşaq verilişlərinin keyfiyyəti haqqındadırsa, bu zaman biz ekspert olaraq media mütəxəssisi ilə həmsöhbət olub fikir almağımızla yanaşı, valideynlər arasında da sorğu keçirməliyik. Bu zaman onlara ünvanlayacağımız sualla televiziya kanallarında yayımlanan uşaq verilişlərinin nə dərəcədə uğurlu olmasını, hansı çatışmazlıqların olduğunu, valideynlərin hansı dəyişiklikləri istədiklərini müəyyənləşdirmiş, aşkar etmiş olacağıq.

– Uğurlu sorğu üçün jurnalist hansı şərtlərə əməl etməlidir?

– Əvvəlcə auditoriyanı düzgün tapmalıdır. Sorğuda keyfiyyətin təminatı üçün yönəldiyimiz şəxslərin düzgün seçilməsi ona görə vacibdir ki, mövcud vəziyyətin necəliyi məhz həmin şəxslərə məlumdur. Televiziya kanallarında yayımlanan uşaq proqramları ilə bağlı valideynlər arasında sorğu keçirməli olduğumuzu dedim. Çünki valideynlər evdə uşaqlarla daha çox vaxt keçirir, uşaqların hansı verilişlərə, cizgi filmlərinə necə reaksiya verdiklərini müşahidə etmiş olurlar. Buna görə də danışdığımız mövzuda sorğu üçün doğru hədəf valideynlər olacaq. Eyni ilə də digər mövzulara da bu cür yanaşaraq sorğu aparacağımız auditoriyanı müəyyənləşdirmək mümkündür. Və nəticədə biz – jurnalistlər üzərində işlədiyimiz, araşdırma mövzusu kimi seçdiyimiz istiqamətdə sorğunun imkanlarından faydalana, mövzunu daha geniş auditoriya üçün əlçatan edə bilərik.

– Jurnalistika və elmi araşdırma üçün hazırlanan sorğuları biri-birindən fərqləndirən əsas cəhətlər hansılardır?

– Əvvəla qeyd edim ki, elm dediyimiz şey həyatın praktikasından heç də uzaqda deyil. Elm həyat təcrübəsi əsasında formalaşır. Sorğudan yalnız sosial elmlər sahəsində araşdırma apararkən və ya jurnalist araşdırmasında bir metod olaraq istifadə edə bilərik, deyə bir şey yoxdur. Əslində gündəlik həyatımızda da sorğudan istifadə edirik. Bir qərar vermək istədikdə, qarışıqlığa düşdüyümüzdə dostlarımızla, təcrübəli insanlarla məsləhətləşirik, fikirlərini öyrənirik. Amma bu məsləhətləşməni də hər kəslə etmirik, həmin sahədə təcrübəsi olan və ya o sahə ilə maraqlanan insanlara yönəlirik. Elə jurnalist araşdırması zamanı və ya elmi araşdırma üçün apardığımız sorğuda olduğu kimi. Buna görə də deyə bilərik ki, elmdə olan hər şey həyatda, həyatda da olan hər şey elmdə var. Bunlar biri-birindən uzaq anlayışlar deyil. Praktika, məşğuliyyət dediyimiz nəsnə də elmin bir parçasıdır. Sadəcə, özünün müəyyən qəlibləri var.

Elmi-tədqiqat metodu olaraq anket müəyyən tələblər əsasında hazırlanır. Məsələn, dissertasiya hazırlayarkən araşdırmaçı mövzu ilə bağlı ekspertlərlə müsahibələr aparır və onları dissertasiyasında bir mənbə kimi istifadə edir. Bu zaman həmin müsahibə bizim bildiyimiz jurnalistikadakı müsahibədən fərqlənir. Həmin mövzuda əvvəlki müsahibələrə, sorğulara baxmalıyıq ki, onlardan faydalana bilək. Elmi müsahibədə, eyni zamanda da jurnalistikada belə bir etik qayda var ki, müsahibə yazıya köçürüldükdən sonra müsahibimizə göndərilməli, təsdiqlənməlidir. Çünki ola bilər ki, elmi araşdırmaçı və ya jurnalist müsahibinin fikirlərini yazıya çevirərkən müəyyən sözləri və ya fikirləri yanlış anlamış və yaxud da hansısa təhrifə yol vermiş olsun. Buna görə müsahibə göndərib təsdiq almaq önəmlidir. Bu, ortaya qoyacağımız bilginin etibarlılığına təminat verir.

Formalara qaldıqda isə “Likert” tipli sorğu formaları var. Bu sorğu tipində ünvanladığımız suala beş cavab variantı qoyuruq. Jurnalist də bu formadan istifadə edə bilər, lakin jurnalistika operativ sahə olduğundan jurnalist sorğu keçirməli olduğu halda, küçəyə çıxaraq öz auditoriyasını tapmağa və sualını onlara yönəldərək cavab almağa çalışır. Bununla bağlı bir xatirəmi bölüşmək istəyirəm, 2014-cü ildə “Gənclərin səsi” radiosunda təcrübədəykən “Azərbaycanda uşaq kanallarının yoxluğu problemi” (“ARB Günəş” sonradan fəaliyyətə başladı) mövzusunda araşdırma mətni hazırlayırdım. İyul ayının yandırıcı günəşində, isti havasında Bakı Bulvarında sorğuya çıxmışdım. Günorta saatları idi, hava isti olduğundan gözə insan dəymirdi. Mən isə gəzərək uşağı ilə gəzintiyə çıxan valideyn axtarırdım. Düzdür, o cür istidə axtardığım müsahibi tapmaq çətin idi, amma işin keyfiyyəti üçün bu, lazımlıdır.

– Sosial media üzərindən keçirilən sorğuları nə dərəcədə etibarlı hesab edə bilərik?

– Hər şeyin rəqəmsallaşdığı bir zamanda, konvergensiya dönəmində olduğumuzu nəzərə alsaq, demək olar ki, klassik metodlar da rəqəmsal aləmə daxil olub. Elə sosial media da bu məsələdə aktiv şəkildə iştiak edir. “Google”-un bizə təqdim elədiyi anket formaları var, onlardan istifadə edərək sorğular hazırlaya, sosial mediada paylaşa bilirik. İndiki dönəmdə bu, ən əlverişli üsuldur. Çünki onsuz da pandemiyaya görə küçədə az insan olur və biz rahat-rahat sorğu keçirə bilmirik. Hazırda hədəf auditoriyamızı elə sosial media üzərindən tapmağa çalışırıq. Buna görə də etibarlılıq məsələsi daha ciddi bir problem halına gəlir. Çünki sosial medianın özündə belə, etibarlılıq yoxdur. Oksford Universitetinin belə bir araşdırması var ki, “Facebook” dostluğunda 155 nəfər olan biri həmin dostlardan sadəcə dördünə güvənə bilər. Bu nəticə özü sosial mediada inam dərəcəsinin necə azaldığını ortaya qoyur…

– Bəs, kompüter arxasından qalxmadan istədiyimiz mövzuda sorğu keçirmək üçün hansı vasitələrdən necə istifadə etməliyik?

– “Google”-un özünün anket formaları, eləcə də digər sorğu (survey) platformaları var, anket tipləri çoxdur. Bir çox vasitələrdən istifadə edərək internet üzərindən sorğu həyata keçirə bilərik. “Bəs, bu, necə olmalıdır: Dəqiqlik və keyfiyyət məsələsini necə təmin edək?” sualına gəldikdə isə burada “Susqunluq spiralı” (Spiral of Silence) nəzəriyyəsinə toxunmaq, polşalı alim Solomon Aşın belə bir təcrübəsini bölüşmək istəyirəm. Deməli, üç çubuq var: A, B, C. Bunlardan ən uzunu C çubuğu olduğu halda, sorğuda iştirak edən 10 nəfərdən 8-i ən uzun çubuğun B olduğunu desə, 9 və 10-cu insanlar da avtomatik olaraq düşünəcəklər ki, deməli, həqiqətən də ən uzun çubuq C deyil, B-dir. Halbuki bunun belə olmadığını görürlər. Bu nəzəriyyə praktik olaraq sosial mediada özünü göstərə bilir.

Məsələn, biri müharibə ilə bağlı müsbət fikirdə deyil, müharibə olmasını istəmir. Amma sosial mediada status şəkilində paylaşım edilərək sorğu keçirilirsə, rəy yazanlar bilir ki, ad, soyadları görünür, rəylərini dostları görəcək, başqaları da görür və birbaşa cavab vermək imkanları var. Eyni zamanda, anket tipli sorğuda ad, soyad istənilirsə, bu halda iştirak edənlər avtomatik olaraq ehtiyat edəcəklər. Onlar müharibə tərəfdarı olanların təzyiqindən çəkinərək fikirlərini dəyişə bilərlər. Yəni çoxluğun fikri əsasdır, söhbət azlığın çoxluğa tabe olmasından gedir. Buna görə də sorğu keçirdikdə çalışmalıyıq ki, zərurət olmadıqca ad, soyad istəməyək. Müsahibədə də bu, belədir. Müsahib istəmədikdə şərti ad və soyaddan istifadə edə bilərik. Təbii ki rəsmi şəxslər istisnadır.

Mən öz magistr dissertasiyamda elmi sorğudan istifadə etdiyim zaman hazırladığım anket formasında “ad və soyad” bölməsi qeyd etməmişdim. Bu da cavablayanların fikirlərini daha rahat ifadə etməsinə şərait yaradırdı. Demək olar ki, bütün araşdırmalarda bu cür olur. Börtrend Rassel deyir: “Gözəl bir yalan dediyiniz zaman on nəfərdən onu sizi alqışlayacaq, acı bir gerçək söylədiyiniz vaxt on nəfərdən səkkizi sizi inkar edəcək, geriyə qalan iki nəfər isə düşünəcək. O düşünənlərə salam olsun”. Düşünmək önəmlidir. İndiki dövrdə sorğu keçirərkən internet və texnologiyanın bu metodlarından faydalanaraq və mütləq şəkildə detalları düşünərək sorğularımızda etibarlılıq və effektivliyi təmin edə bilərik.


Abunəlik