Almaniyada iş axtaranlara və məskunlaşmaq istəyənlərə ŞAD XƏBƏR: Tələblər asanlaşdırıldı
Almaniya hökuməti işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün bu il bir çox ölkədən işçi cəlb etməyə başlayacaq.
Almaniya hökuməti işçilərin işə qəbulunu asanlaşdıracaq. Eyni zamanda Almaniya vətəndaşı olmaq da daha asan olacaq.
Almaniyanın ən böyük işçi çatışmazlığının xidmət sektorunda olduğuna görə, işçi çatışmazlığını aradan qaldırmaq üçün işə götürməyi planlaşdırdığı sahə daha çox xidmət sektorudur.
Axtarılan işçi kateqoriyaları:
* Tibb bacıları və baxıcılar
* Həkimlər
* Mühəndislər
* Aşpazlar
* Ofisiantlar
Digər tərəfdən, Almaniya vətəndaşı olmaq daha asan olacaq. Bu çərçivədə Almaniya yeni bir tənzimləmə tətbiq edir.
Bir müddətdir əcnəbilərin vətəndaşlığa qəbulunu asanlaşdırmaq üçün çalışan Almaniya hökuməti qanun layihəsini hazırlayıb. Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan layihə rəy verilməsi üçün aidiyyəti nazirliklərə göndərilib.
Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyasının qurduğu hökumətin koalisiya müqaviləsində vətəndaşlıq qanununda islahatların aparılması nəzərdə tutulurdu.
Planlaşdırılan qanun dəyişikliyi ilə Almaniya vətəndaşlığını almaq istəyən əcnəbilər vətəndaşlıqdan imtina etməyəcəklər. Bu, Almaniya vətəndaşlığını əldə etmək istəyən miqrant mənşəli insanların ikili vətəndaşlıq almasına yol açır.
Bundan əlavə, Almaniya vətəndaşlığına keçid üçün tələb olunan alman dilini bilmək tələbinin yumşaldılacağı nəzərdə tutulur. Qanun layihəsinə əsasən, vətəndaşlığa keçmək istəyənlərin alman dilini bildiyini sübut etmək asanlaşacaq, 67 yaşdan yuxarı şəxslər üçün isə vətəndaşlıq imtahanı ləğv ediləcək.
Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan layihə ilə Almaniyada qanuni olaraq beş il yaşayan əcnəbilərə vətəndaşlıq hüququ veriləcəyi nəzərdə tutulur. Mövcud qanunvericilikdə Almaniyada səkkiz il qanuni yaşayan və qeyri-müəyyən yaşayış icazəsi olan əcnəbilərə vətəndaşlıq hüququ verilirdi. İndi isə təhsili və ya peşəsi ilə bağlı qeyri-adi nailiyyətlər göstərən, könüllü ictimai fəaliyyətlərdə iştirak edən və ya alman dilini çox yaxşı bilənlər üçün bu müddətin üç il olması planlaşdırılır.
Yeni hüquqi tənzimləmə ilə Almaniyada doğulmuş əcnəbilərin uşaqlarının Almaniya vətəndaşlığı ilə mənşə ölkə vətəndaşlığı arasında seçim etməli olan “seçim modeli”nin də ləğv ediləcəyi nəzərdə tutulur. Hələ də qüvvədə olan seçim modelinə görə, əcnəbilərin uşaqlarına ikili vətəndaşlıq hüququ verilir, lakin 23 yaşın sonuna qədər gənclər iki vətəndaşlıqdan birini seçməli idilər.
Əcnəbilərin uşaqlarının Almaniya vətəndaşlığını alması üçün valideynin Almaniyada yaşamalı olduğu müddətin də 8 ildən 5 ilə endirilməsi planlaşdırılır.
Daxili İşlər Nazirliyinin hazırladığı layihəyə görə, 2019-cu ildən etibarən vətəndaşlığa qəbul şərtləri arasında yer alan “Alman həyat tərzini mənimsəmək”lə bağlı maddənin qanundan çıxarılması nəzərdə tutulur. Bu maddənin qanundan çıxarılmasına baxmayaraq, “eyni anda birdən çox həyat yoldaşı ilə nikahda olanlara və ya konstitusiyada nəzərdə tutulan qadın-kişi bərabərliyini qəbul etmədiklərini göstərənlərə” vətəndaşlığın verilməməsi kimi tənzimləmələr qanunda qalacaq.