Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Astara rayon ərazisində təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq əməyinin istismarı və insan alveri qurbanı olmasının qarşısının alınması sahəsində qurumlararası işin təşkili məqsədilə 20 sentyabr 2024-cü il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində tədbir həyata keçirilib.
Tədbirdə Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və sahə rəisləri, həmçinin kiçik və orta bizneslə məşğul olan sahibkarlar iştirak etmişdir.
Tədbirdə Komitənin əməkdaşı Bahar Həsənli iştirakçılara tədbirin məqsədləri, təmsil etdiyi qurumun müvafiq sahədə dövlət siyasətini həyata keçirdiyi barədə məlumat vermişdir. Daha sonra tədbirə ekspert qismində dəvət edilmiş Polis Akademiyasının “Daxili işlər orqanlarında inzibati fəaliyyət” kafedrasının rəisi, polis polkovniki Rafiq Nəcəfquliyev və “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tərəfindən uşaq əməyinin istismarı ilə mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar, qanunvericilik sistemi, mövcud inzibati cəza tədbirləri, qanunla müəyyənləşdirilmiş normalar, uşaq əməyinin formaları, eləcə də insan alverinə məruz qalmış uşaqlar, bununla bağlı həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə geniş məlumat verilərək, mövzulara dair təqdimatlar nümayiş etdirilmişdir.
Yekunda, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.