Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün Yay Təlimlərinə başladı
AzTimes.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün İsmayıllı rayonunda Yay Təlim Proqramı təşkil edir.
Təlimlərin keçirilməsində məqsəd jurnalistika fakültəsi tələbələrinin kütləvi informasiya vasitələrində ailə dəyərlərinin təbliği, qadın və uşaq məsələlərini əhatə edən mövzuların işıqlandırılması, mediada gender stereotipləri, məişət zorakılığı ilə mübarizə və digər mövzular üzrə maarifləndirilməsi, bilik, bacarıqlarının inkişaf etdirilməsi və şəxsi inkişafına dəstək verməkdir. Ümumilikdə, sadalanan məsələlər üzrə gənc jurnalist kadrların hazırlanması və ixtisaslaşmasının təmin edilməsidir.
“Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə 25-29 iyul 2022-ci il tarixlərində keçirilən təlimlərdə Bakı Dövlət Universiteti, Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan III-IV kurs bakalavr və magistr tələbələri iştirak edir.
5 günlük təlim müddətində ekspertlər tərəfindən mediada gender stereotipləri, mediada cinsiyyətçilik və nifrət nitqi, cəmiyyətdə gender əsaslı ayrı-seçkiliyin yayılmasında və qarşısının alınmasında medianın rolu, qadın və uşaq hüquqlarının qorunmasını təşviq edən beynəlxalq standartlar və yerli qanunvericiliyin tələbləri, media peşəkarlığı aspektindən məsələyə baxış, etik və hüquqi məsələlər, jurnalistlərin hüquqları, vəzifələri, uşaq hüquqlarının mediada işıqlandırılmasında jurnalist məsuliyyəti, Azərbaycan mediasında qadın hüquqlarına tarixi baxış, sosial mediada gender bərabərliyi, eyni zamanda liderlik bacarıqlarının inkişaf etdirilməsi, insan mühəndisliyi, nüfuz, strategiya və digər mövzularda təqdimatlar və müzakirələr keçirilir.
Təlim çərçivəsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ekskursiya təşkil edilməsi və mərkəzdə göstərilən xidmətlərlə tanışlıq nəzərdə tutulur.
Təlimlər media üzrə ekspertlər və Dövlət Komitəsinin əməkdaşları tərəfindən aparılır.
Təlimin yekununda fəal iştiraka görə tələbələrə Dövlət Komitəsinin sertifikatları təqdim ediləcəkdir.
Qeyd edək ki, Yay Təlim Proqramı “2021-2023-cü illər üzrə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın Tədbirlər Planının 4.3-cü bəndinin icrası məqsəd ilə keçirilir.