Aİ bu türk dövlətinə Rusiya ilə bağlı hansı xəbərdarlığı edib?
Avropa İttifaqı Qırğızıstana Rusiya Federasiyasına qarşı sanksiyaların şərtlərini pozmamağı tövsiyə edir.
Bu barədə ölkənin xarici işlər naziri Jenbek Kulubayev məlumat verib.
“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Xosep Borellinin Bişkekə son səfəri zamanı əsasən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Ona görə də əsas söhbət əməkdaşlığın yol xəritəsinin həyata keçirilməsindən gedirdi. Onlar həmçinin anti-Rusiya sanksiyalarını pozmamaq barədə xəbərdarlıq ediblər”, – Kulubayev bazar ertəsi keçirilən brifinqdə bildirib.
Nazirin sözlərinə görə, Borellin Qırğızıstana səfəri ticarət həcminin artırılması və tranzit imkanlarının artırılması məsələlərinin müzakirə olunması baxımından faydalı olub. Borell avqustun 3-də Bişkekdə işgüzar səfərdə olub.