Ağcabədidə sahibkar ölkə rəhbərindən imdad diləyir – Müraciət…
Artıq neçə illərdir ki, “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, ölkəmizdə iqtisadiyyatın inkişaf etdirilməsi, makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisələrin, yeni iş yerlərinin yaradılması və s. əsas strateji məqsədlərdən biri olaraq qarşıya qoyulub.
Yəni, ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması, rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı, bu gün də ardıcıl tədbirlər həyata keçirilməkdədir. Verilimiş tapşırıqların nəticəsi olaraq, bu istiqamətdə atılan addımlar ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, yeni iş yerlərinin açılmasına imkan vermiş, ələlxüsus kənd təsərrüfatının sabit inkişafına lazımi zəmin də yaratmışdır. Onu da qeyd edək ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, bu gün də cənab Prezidentin ən çox önəm verdiyi məsələlərdən biridir.
Bütün bunlara baxmayaraq, hal-hazırda Ağcabədi rayonunda fərqli ab-hava yaşanır və cənab İlham Əliyevin bu yöndə vermiş olduğu tapşırıqlar, açıq-aşkar şəkildə tapdaqlar altına atılır. Buna misal olaraq Səfiyev Baxşeyş Xasay oğlunun üz-üzə qaldığı problemin varlığını misal çəkə bilərik. Məsələn, bir neçə gün bundan öncə GundemXeber.Az saytının redaksiyasına Ağcabədi rayonu, Aşağı Afşar kəndində yaşayan və 1995-ci ildə yaratmış olduğu “YAŞAR-84 K.F.T” MMC-nə rəhbərlik edən və ötən 26 il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 70 yaşlı Baxşeyş Səfiyev tərəfindən şikayəti daxil olub.https://youtu.be/_-v_Jv4nzz0https://www.youtube.com/watch?v=_-v_Jv4nzz0&feature=youtu.be
Adı çəkilən bu şəxs redaksiyamıza ünvanladığı şikayətində bildirir: “İndiyə kimi rəhbərlik etdiyim təsərrüfat Ağcabədi rayonunun “Üçtəpə Massivi Dövlət Kənd Torpağı”nın 50 hektarlıq sahəsində fəaliyyət göstərib. Bu gün qeyd olunan torpaq sahələrinin əlimizdən alınması üçün, Ağcabədi RİH və “Azərşəkər” şirkəti ciddi cəhd etməkdədirlər. Bildirim ki, torpaq sahələrindən istifadə etməyimizə dair məndə müddətsiz icarə müqaviləsi var və sadəcə olaraq onun istifadə müddəti başa çatıb. Müqavilənin vaxtı başa çatdığından, müddətinin uzadılması məqsədilə dəfələrlə RİH Aparatına müraciətlər etsəm də, bir kimsə indiyə kimi etdiyim müraciətlərimə əhəmiyyət verməyib. Hal-hazırda 50 hektarlıq torpaq sahəsinin əlimizdən alınmasına şübhə gətirən əsas hallardan biri də, Ağcabədi RİH Aparatının və “Azərşəkər” şirkətinin eyni mövqedən çıxış etmələri olur. Yəni, bu gün Ağcabədi RİH-nin işçiləri, ö cümlədən başda Muxtar müəllim olmaqla, digər vəzifə sahibləri də məni “gözümçıxdıya salmaq”la məşğul olurlar. Düşünürəm ki, icra başçı Rafil Hüseynov belə bir işlərdən lazımi qədər məlumatlıdır. Çünki, heç cür ola bilməz ki, onun məlumatı olmadan nə Muxtar müəllim, nə də ki, icra başçısının müavini Xaliq müəllim hansısa addımlarını atsınlar. Diqqət yetirmək lazımdır ki, icra başçısının müavini Xaliq və Muxtar müəllim birləşərək məndən polisə şikayət veriblər və hər iki şəxs mənə “Sən torpaq sahələrini niyə təhvil vermirsən ki, biz həmin sahələri “Azərşəkər” şirkətinə sata bilək” deyirlər. Maraqlıdır ki, həmin şirkət də MMC-dir, rəhbərlik etdiyim “YAŞAR-84 K.F.T” şirkəti də MMC-dir. Bu gün mənə qarşı belə bir əsassız iddia tələbi irəli sürürlər ki, guya mən qeyd olunan torpaq sahələrindən qanunsuz istifadə edirəm. O halda sual oluna bilər ki, ötən 26 il ərzində bir kimsə mənə “Bu yeri sən zəbt etmisən” demədi, bu gün isə Ağcabədi RİH Aparatının əməkdaşları, mənə qarşı belə bir əsassız iddia tələbi irəli sürürlər. Hazırda həmin torpaq sahəsinə dair əlimdə Şəhadətnaməm var, RİH tərəfindən isə həmin şəhadətnamənin üstünə yeni bir Şəhadətnamə verilir. Ən əsası, əlimdə mərhum president Heydər Əliyevin 2002-ci ildə imzaladığı 790 saylı Fərmanı əsasında qanuni sənəd olsa da, Xaliq müəllimlə bərabər Muxtar müəllim də “Səndəki sənədlər bekar sənədlərdir. Bu işlə bağlı RİH-nin başçısı bizə tapşırıq verib, elə etmə ki, səni həbs etdirək, səni olmazın formada cəzalandıraq” deyirlər.
Mən Ağcabədi RİH Aparatı əməkdaşlarının bu cür qanunsuz əməlləri ilə bağlı bir neçə dəfə Baş Prokurorluğa şikayət ərizələri göndərsəm də, dəfələrlə teleqrammalar vursam da, heç bir halda mənə cavab verən olmayıb. Bu gün Baş Prokuror cənab Kamran Əliyevdən və digər vəzifə sahiblərindən artıq dərəcədə xahiş edirəm ki, üzləşdiyim belə bir problemin varlığını diqqətdə saxlasınlar və bu işlərdə kim günahkardırsa, məhz həmin şəxsə lazım olan cəzanı da versinlər. Onu da qeyd edim ki, dəfələrlə İqtisadi İnkişaf nazirliyinin əməkdaşları “YAŞAR-84 K.F.T” MMC-də yoxlamalar aparıblar, yaratdığım təsərrüfatı öz gözləri ilə görüblər, lazım olan şəkilləri də çəkiblər. Onlar hər şeyi öz gözləri ilə görüblər və sonda da “Bunların hər biri xalqın xeyrinədir” deyiblər. Xeyli müddət bundan öncə istifadə etdiyim torpaq sahələrini əlimdən almaq üçün, mənə akt da yazdılar. Bu gün mənə RİH-dən lazım olan məktubu vermirlər ki, icarə müqaviləsinin istifadə müddətini uzada bilim. Müəyyən dövlət qurumlarına teleqrammalar vururam ki, qeyd olunan ərazilərdə araşdırma işləri aparılsın, o halda hər şey açıq-aydın bəlli olacaq ki, həmin ərazilərdə torpaq sahələrini əkib-becərən təkcə mən deyiləm. Heç cür başa düşə bilmirəm ki, bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev sahibkarlarla bağlı məsələlərə həsaslıqla yanaşır, digər tərəfdən Ağcabədi RİH bizə problemlər yaratmaqla məşğul olur. Axı, cənab Prezident keçirilən bir çox tədbirlərdə “Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir” deyə, hər bir vəzifə sahibinə lazımi tapşırığını verib. Görəsən cənab İlham Əliyevin bu yöndə verdiyi tapşırıqların Ağcabədi RİH-nin başçısı Rafil Hüseynova aidiyyatı yoxdurmu?”
Baş verənləri təhlil edib bu gün belə bir qənaətə gəlmək olar ki, hal-hazırda Ağcabədi rayon rəhbərliyi ölkə rəhbərinin sahibkarlarla bağlı vermiş olduğu tapşırıqları deyil, məhz məsələlərə öz prizmasından yanaşıb “Ağa nəzərəm, belə gəzərəm” yanaşmasını üstün tutur. O halda sual oluna bilər ki, axı YAŞAR-84 K.F.T” MMC-nə rəhbərlik edən 70 yaşlı Baxşeyş Səfiyev bugünkü addımları ilə, ölkəmizdə yeni iş yeri yaradır və müəyyən qədər işsizliyin qarşısını alır, ölkə iqtisadiyyatının inkişafına lazımi köməkliyini göstərir, bir sözlə qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini bəxş edir. Bu belə olduğu halda, hələ də Ağcabədi RİH-nin başçısı cənab Rafil Hüseynov və onun tabeçiliyində çalışan vəzifə sahiblərinin addımlarını heç cür başa düşmək olmur.
P.S. Problemin varlığını bundan sonra da diqqətdə saxlayacağıq və bu yöndə araşdırmalarımızı davam etdirib, bəzi gizlinlər barədə geniş ictimaiyyəti məlumatlandırmağa çalışacağıq. //gundemxeber.az//