Adı yalnız sakinlərinin şəxsiyyət vəsiqəsində qalan kəndin harayı

Baxılıb:228
Adı yalnız sakinlərinin şəxsiyyət vəsiqəsində qalan kəndin harayı

Göyçay rayonunun ən yaxın kəndi Potu kəndidir. Kənd demək olar ki, şəhərə sərhəddir. Tarixinin nə qədər qədim olduğunu deyə bilmirəm. Amma Potu kəndinə birləşik olan Ulaşlı-şıxlı kəndinin kifayət qədər qədim tarixi var. Kəndin qocaları adın mənasını Qazaxla əlaqələndirirlər. Onlar deyirlər ki, maldar tayfalar bura hələ XV-XVII əsrdə köç etmişlər, bəlkə də daha qədimdən. “Ulaşlı” ulaşmaq, çatmaq mənasını verir. Şıxlı isə Qazağın Şıxlı kəndi ilə əlaqələndirilir.
İstər çar hakimiyyəti, istərsə Sovetlər dönəmində Ulaşlı-şıxlı kəndinin rayonun həyatında mühüm mövqeyi olub. Sovet hakimiyyəti illərində burada klub, kitabxana, sanitar qovşaq,uşaq bağçası, məktəb fəaliyyət göstərib. Baramaçılıq , pambıqçılıq taxılçılıq, üzümçülük inkişaf etdiyi üçün kənd ərazisində pambıq məntəqəsi və anbar inşa edilib. Potu ilə Ulaşlı-şıxlı kəndinin ayrıcında böyük , dovrü üçun bütün tələblərə cavab verən xəstəxana mövcud olub. Şirvan kanalı kəndi iki hissəyə ayırır. Kanal idarəsi adlanan qurum da kəndin payına düşüb. Kanal üzərindəki böyük körpü vasitəsi ilə kəndin hər iki tərəfinə gediş-gəliş təmin olunub.
Amma indi… Şəhərin bir addımlığında olan bu kəndin adı bircə sakinlərin şəxsiyyət vəsiqəsində və Heydər Əliyev fondunun dəstəyi ilə tikilmiş kənd tam orta məktəbin sənədlərində qalıb. Kəndin yolları yararsız hala düşüb. Kəndin klubu və kitabxanası 28 ildir ki, Laçından olan məcburi köçkünlərə sığınacaq kimi verildiyi üçün bərbad haldadır. Baxmayaraq ki, 3 ilə yaxındır, məcburi köçkünlər özlərinə ev inşa ediblər, adı çəkilən binalar hələ də baxımsız durumdadir. Kitabxanada olan qiymətsiz kitablar çürüyərək məhv olub. Kənd baxçası Sovetlər birliyinin dağılması ilə fərdi şəxslər tərəfindən mənimsənildi,sonra isə tamamilə sökulərək məhv edildi. Şirvan kanalının üstündəki körpü isə ən son 60-cı illərdə təmir olunub. Gün ərzində körpü ilə hərəkət edən ağır tonnajlı yük maşınlarının təsiri ilə qəza vəziyyətindədir. Hesablasaq ki, gün ərzində bu körpüdən 10-larla vətəndaş və avtomabil hərəkət edir, faciənin bir nəfəs qədər yaxın olduğunu düşünmək çətin olmaz.
Bir neçə il öncə iki kəndin təmasinda yeni uşaq bağçasının tikintisinə qərar verildi. Kənd camaatı çox sevindi. Amma bu sevinc uzun surmədi. Tikinti yarimçiq saxlanıldı. İcra hakimi Mehdi Səlimzadənin qəbulunda olarkən bu məsələyə diqqət çəkərək tikintiyə şərait yaratmasını xahis etdim. O, isə bildirdi ki, tikinti çətin deyil.” Uzağı bir necə aya bağçanı tamamlayariq. Amma aidiyyati orqanlar ştat ayırmır. Onun üçün çalışırıq.”
Kənd xəstəxanasının həyətində balaca bir sanitar qovşağı inşa edilməyə başlayıb. Oysa buna ehtiyac yox idi. Sovet hakimiyyəti illərində kənd xəstəxanasına rayondan xəstələr müraciət edirdi. Adı nəinki rayonda, hətta respublikada dillər əzbəri olan həkim kollektivi xəstəxananın dağılması ilə müxtəlif tibb ocaqlarına səpələnib.
Kənd kiçik olmasina baxmayaraq hər il ali məktəblərə yüksək balla məzunlar qəbul olur. Birinci Qarabağ müharibəsində 2 şəhid verib. Kənddən onlarla həkim, mühəndis, hərbiçi, tarixçi, müəllim və.s. dövlətə və xalqa sədaqətlə xidmət edir.
Ümidvarıq ki, AzTimes.az saytının pəncərəsindən görünən bu mənzərə aidiyyəti qurumları bir balaca silkələyər. Bu balaca cənnət üçün hər şey gec olmaz.


PƏRVİN ABIŞOVA /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir