ABŞ-da gərginlik artır: Küçələr döyüş meydanına çevrilib – Trampdan reaksiya

Baxılıb:23
ABŞ-da gərginlik artır: Küçələr döyüş meydanına çevrilib – Trampdan reaksiya

ABŞ prezidenti Donald Trampın Los-Ancelesdəki anti-immiqrant etirazlarını yatırmaq üçün şəhərə iki min Milli Qvardiya əsgəri göndərmək qərarı Kaliforniyada böyük müzakirə və qəzəb dalğası yaradıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, şəhərdə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) basqınlarına qarşı davam edən etirazlar magistral yolların bağlanması və avtomobillərin yanması ilə xaosa çevrilib.

Tramp “Truth Social” platformasında verdiyi açıqlamada Los-Ancelesi “qanunsuz immiqrantlar və cinayətkarlar tərəfindən işğal edilmiş” bir şəhər kimi təsvir edib.

O, mühacir əleyhinə etirazları yatırmaq üçün Milli Qvardiya və federal agentləri yerləşdirdiyini yazıb: “Los Ancelesi xilas etmək və bu iğtişaşlara son qoymaq üçün əlimizdən gələni edəcəyik”.

Los-Anceles meri Karen Bass Milli Qvardiyanın yerləşdirilməsinə mane olmağa çalışdığını, lakin buna nail ola bilmədiklərini söyləyib. O, Trampı sərt şəkildə tənqid edib: “Zirehli maşınlarla küçələrə çıxmaq, müəssisələrə basqın etmək və ailələri ayırmaq təhlükəsizliyi təmin etmək deyil, qorxu və panika yaratmaqdır. Bu siyasət deyil, başqa gündəmin bir hissəsidir”.

2024-cü ildə Demokratlardan prezidentliyə namizəd Kamala Harris də etirazçıları dəstəkləyib: “Trampın bu addımı cəmiyyətdə çaxnaşma və parçalanma yaratmağa yönəlmiş amansız strategiyanın bir hissəsidir. Dinc etirazlar ədalət uğrunda mübarizənin təməl daşıdır”.

Qeyd edək ki, Los-Ancelesdə gərginlik səngimir. Bələdiyyə başçısı Qavin Nevsom da daxil olmaqla yerli liderlər federal müdaxilənin şəhəri daha da qütbləşdirdiyini iddia edirlər. Etirazlar və həbslər artdıqca yaxın günlərdə şəhərdə gərginliyin daha da artacağı ehtimal edilir.


Abunəlik