Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisaslarda ballar artacaq
Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib ki, builki keçid ballarında dəyişiklik gözlənilir.
O bildirib ki, gələn həftə “Abituriyent 4” jurnalı çap olunacaq: “Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq. Orada isə abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq”.
Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edibki, builki keçid ballarında müəyyən dəyişikliklərin olması qaçılmazdır:
“Əsasən, 3-cü qrupda 450 baldan yuxarı ixtisaslarda artım olacağı gözlənilir. Növbəti sırada 1-ci ixtisas qrupunda olan Riyaziyyat-informatika (Rİ) alt qrupunda olan ixtisaslarda ballarda bir qədər dəyişiklik olacaq. 4-cü ixtisas qrup ballarında da müəyyən qədər artım gözlənilir. 5-ci ixtisas qrupu üzrə qabiliyyət imtahanı ballarında da artım olacaq. Yalnız 2-ci qrupda 500 bala qədər olan ixtisaslarda qismən bal artımı olacaq”.
Ekspert əlavə edib ki, üçüncü qrup üzrə Hüquqşünaslıq, Dövlət və ictimai münasibətlər, Beynəlxalq münasibətlər, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Xarici dil müəllimliyi ixtisaslarında, ümumiyyətlə bütün ixtisas qruplarında pedaqoji yönümlü ixtisaslarda keçid balları artacaq:
“Birinci qrupda isə Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Riyaziyyat və Fizika müəllimliyi ixtisaslarında bal artımı gözlənilir. Riyaziyyat-kimya (RK) alt qrupunda olan ixtisaslarda ballarda bir qədər dəyişiklik olacaq. Dördüncü qrup üzrə tibb, stomatologiya ixtisasında artım olacaq. 5-ci ixtisas qrupunda isə Fiziki tərbiyə və Dizayn ixtisaslarının ballarında artım mümkündür. Buna görə də abituriyentlər seçim edərkən daha diqqətli olmalıdırlar”.