“Ramiz Mehdiyev özü partiya yaratmaq istəyirdi” – sensasion müsahibə

Baxılıb:269
“Ramiz Mehdiyev özü partiya yaratmaq istəyirdi” – sensasion müsahibə

Karantində qanunu pozub nəvəsinə toy etmiş AMEA prezidenti Ramiz Mehdiyevin məhkəmə ilə hədələdiyi şəxslərdən biri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından sayılan Maksim Musayev ona üç gün möhlət verib.

M.Musayev əks təqdirdə özü məhkəməyə müraciət edəcəyini açıqlayıb. Bu və digər məsələlərlə bağlı veteran YAP-çı ilə söhbətləşmişik. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Maksim müəllim, açıqlamalarınızın birində qeyd edirsiniz ki, o dövrdə Mehdiyevlə görüşmüsünüz, partiyaya qoşulmaqdan imtina edib. Belə başa düşdüm ki, YAP-ın qurulmasına qarşı çıxıb…

– Ramiz Mehdiyev partiyanın qurulmasına qarşı çıxmırdı. Daha doğrusu, onun elə bir qüvvəsi və bacarığı yoxuydu ki, bizə qarşı gedə. Sadəcə, o vaxt belə prinsiplə işləyirdi ki, özü partiya yaratsın. Amma başına adam yığa bilmirdi, onlardan ikisini tanıyıram, sanballı adamlardı. Mənə deyirdilər ki, bizdən əl çəkmir, deyir, gəlin partiya quraq. Axı 1000 nəfər olmalıdır ki, partiya təsis olunsun. Təsəvvür edin ki, biz 1000 adam tapa bilmirdik YAP-ı quraq. Yəni çətin dövr idi. O zaman naxçıvanlı dostlar sağ olsunlar, dəstək verdilər, Bakıdan, hər yerdən adamlar toplandı və partiya quruldu. Amma Ramiz Mehdiyev bunun əleyhinə gedirdi.

– Nəyə görə əleyhinə idi?

– Biz partiyanı yaradanda onun heç xəbəri yox idi. YAP elə çətin günlərdə yaradılıb, elə təhlükələrlə üzləşmişik ki, indikilər xəbərsizdirlər. Amma partiyanın yuxarı postlarında, kreslolarında oturub kef çəkirlər. Halbuki YAP-ı yaradanları çoxu indi kənarda qalıb. Onlardan heç kim də vəzifə istəmir. Bu gün bir-birimizlə əlaqə saxlayırıq, maraqlanırıq ki, niyə partiyadan kənarda qalıblar. Lakin partiyanın çətinliklə qurulmasında iştirakı olmayanları, bu gün kef çəkənləri, hiss olunur ki, Ramiz Mehdiyev özü YAP-a qoşdu. O zaman Əli Əhmədov AMİP-də idi, bizə qarşı gedirdi. Ramiz özü sonradan gəldi. İndi partiyanın 80 nəfər Siyasi Şurasının üzvü var. Həmin Şurada elə adamlar var ki, o vaxt bizə qarşı gedirdilər. Bəs hanı Asya Manafova, Əli Əlirzayev? Heydər Əliyev Əlirzayevə tapşırıq verirdi ki, indidən iqtisadi məsələləri hazırla. Sirus Təbrizlini də eynilə kənar qoydular. Sizə bir fakt deyim: ilk dəfə mənim dilimdən çıxır – təxminən 1994-1995-ci illər olardı, biz YAP-çıların nümayəndəsi kimi Sirus Təbrizli günaşırı Heydər Əliyevin yanına gedib-gəlirdi. Heydər Əliyev ona bir dəfə deyir ki, prezidentin partiya sədri olması mütləqdir? Yəni prezident bütün vətəndaşların prezidentidir. Sirus bunu gəlib bizə danışdı, xeyli narahat olmuşdu. Dedi ki, yəqin düzgün anlamamısan, get dəqiqləşdir. O da aydınlaşdırdı və məlum oldu ki, kim olsa yaxşıdır – əlbəttə, Ramiz Mehdiyev bu məsələni ortalığa qoyub ki, prezident YAP-ın sədri ola bilməz. Sonradan başa düşdüm ki, Ramiz Mehdiyevin niyyəti partiyanı ələ keçirmək olub. Amma biz həmin dövrdə bu məsələni açıb-ağartmadıq. İndi Mehdiyevin içüzü açılandan sonra elə faktlar deyiləcək ki, bütün əməlləri cəmiyyətə məlum olacaq. İndi də sakit dayanmır, yenə bəyanat verib.

Axı təkrar bəyanat verməkdə məqsədin nədir? O, hələ də elə bilir ki, Prezident Administrasiyasında oturub, istədiyi vaxt telefonu götürüb sağına da, soluna da əmr verir. Bu insan o binadan çıxdığını, vəzifədən getdiyini unudub. Dərk etmir ki, akademiya bütün universitetlərin elmi ocağıdır. Sən niyə indi atılıb-düşürsən? Ümumiyyətlə, heç bir qabiliyyəti olmaya-olmaya bu qədər kitablar yazıb. Onun adına olan kitabları yığasan bir kitabxanaya, deyəsən oxu, gündə 20-30 saat lazımdır onları oxuyub qurtarasan. Gör nə qədər adamları avam yerinə qoyub ki, ayda neçə kitab buraxırdı. Bəs sən işləyirsən, yoxsa kitab yazırsan? Sadəcə, vaxtilə o qədər qabağından qaçıblar, susublar, adamları qapazaltı saxlayıb ki, elə bilir böyük şəxsiyyətdir. Necə ki, Abel Məhərrəmov tost deyir ki, “biz xırda adamlarıq, siçan-qurbağa, qarışqayıq…”

– Partiya ilə bağlı maraqlı məqamlara toxundunuz, sizə elə gəlmir ki, çoxu Mehdiyevin adamı olan YAP və Siyasi Şuranın tərkibi yenilənməlidir?

– Deməli, o vaxt Heydər Əliyevə suallar verirdilər ki, partiyanın adı nə olsun. O da demişdi ki, AMİP-in adında millilik var, gəlin, biz də milli bir ad qoyaq. Bu vaxt Asya Manafova yerindən qalxıb getmək istəyəndə mən saxladım. Dedim nə olub? Qayıtdı ki, bəs mən ləzgiyəm, milli yazırsınızsa gedirəm. Dedim ki, Heydər Əliyev burada oturub, otur yerində. Sonra Heydər Əliyeva ona işarə elədi ki, otursun. Bir dəfə də özüm Heydər Əliyevə dedim ki, partiyaya üzvlük üçün nə etməliyik, sovet vaxtında Kommunist Partiyasına qoşulmaq kimidir? Dedi ki, dünyada bir çox partiyaların fərqli nizamnamələri var. Məsələn, Türkiyədə Kommunist Partiyasına ərizə verib üzv olursan, ərizə yazıb çıxırsan. Dedi ki, biz sovet dövründə xaricdən gətirilən partiyada olmuşuq, indi özümüz partiya qururuq. Yəni, sualına cavab olaraq deyim ki, bu gün YAP-da saf-çürüklük getməlidir. Kim partiyaya sonralar gəlibsə, onun haqqında fikirləşmək lazımdır. Demirəm ki, çıxarsınlar. Bu gün partiya elə çirkab vəziyyətə salınıb ki, onun üzvləri rüşvətlə həbs olunublar. Belə eybəcərlik olmaz. Birincisi, Əli Əhmədov istefa verməlidir. Siyavuş Novruzov bu biabırçılıqdan sonra özündə güc tapıb istefa verdi. Halbuki vaxtilə Ukrayna prezidenti Kuçma Heydər Əliyevə YAP haqda necə fəxrlə sözlər deyirdi, Şverdnadze partiya təcrübəsini öyrənmək üçün Gürcüstandan adamlar göndərirdi. İndisə partiya nə vəziyyətə salınıb.

– Maksim müəllim, bildirmisiniz ki, Mehdiyev sizi məhkəməyə verməsə, özünüz onu məhkəməyə verəcəksiniz. Çox maraqlıdır, hansı iddianı qaldırmaq fikrindəsiniz?

– Mən hələ bilmirəm hansı məhkəməyə müraciət edəcəyəm. Amma hansı iddianı irəli sürəcəyimi desəm, Ramiz Mehdiyev ayılar. Onu debata da çağırmışam. Amma hansı iddianı qaldıracağımı hələ deməzlər. Üç gün keçsin, soruşarsınız, deyərəm. Söhbət ondan gedir ki, səhv etmirəmsə 29 adamın adını çəkib və xüsusi ittiham qaydasında məhkəməyə verə biləcəyini deyib. Sən bu adamlara necə qara yaxa bilirsən? Elə təhqiramiz cümlələr işlədir ki, buna dözmək olmur. Əgər üzbəüz gəlsəydim, daha sərt sözlər deyərdim. Amma yaxşı olar ki, getsin akademiyadakı işi ilə məşğul olsun.
“Yeni Müsavat”


Abunəlik