Oliqarxların siyasətdən “əlləri” kəsilir, iqtisadiyyatdakı dolu cibləri isə qalır – GƏLİŞMƏ

Baxılıb:243
Oliqarxların siyasətdən “əlləri” kəsilir, iqtisadiyyatdakı dolu cibləri isə qalır – GƏLİŞMƏ

Azərbaycanda dövlət idarəetmə aparatında, siyasi hakimiyyətdə mühüm postlara sahib olan qüvvələrin sıradan çıxarılması prosesi son mərhələyə qədəm qoyub. Müxtəlif nazirliklərdə, komitələrdə, rayon icra hakimiyyətlərində yüksək vəzifə tutaraq dövlətin verdiyi səlahiyyətlərdən öz məqsədləri üçün istifadə edib külli miqdarda varidat toplamağı bacaran bu qüvvələr postlarından alınırlar. Təmizləmə prosesinin dövlət idarəetmə aparatının bütün pillələri boyu aparılması bu qüvvələrin müqavimət göstərməsi ilə müşayiət olunmaqdadır.

Azərbaycanda məmur biznesinin çiçəklənməsinin əsas səbəbkarlarından olan qüvvələr ölkədə iqtisadi təxribatlar törədə bilərlərmi? Məlumdur ki, vəzifələrini, siyasi hakimiyyətə təsir imkanlarını itirən bu qüvvələr həm də böyük iqtisadi gücə malikdirlər. Vəzifədən alınan bir icra başçısının minimum 10-15 milyon dollarlıq varidatı üzə çıxarılır. Eyni zamanda, xarici ölkələrdə də geniş biznes imkanlarına malik olan sabiq məmurların Azərbaycan daxilində də iqtisadiyyatın müxtəlif sektorlarında böyük şirkətləri fəaliyyət göstərir. Sıradan çıxarılan qüvvələr bu imkanlarını ölkənin iqtisadi təhlükəsizliyini təhdid edəcək fəaliyyətlərə yönəldə bilərlərmi? Bu hallar baş verərsə, təxribatçılara qanunvericilikdə hansı cəzalar nəzərdə tutulur?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda uzun zamandır iqtisadiyyatda dövlət məmur kapitalizmi modeli önə çıxmışdı: “Yəni oliqarxların biznesdə xüsusi çəkisi kifayət qədər yüksək idi. Məmur biznesi ilə iqtisadiyyat bir-birinə çulğalaşmışdı. Obrazlı desək, saat 6-dək məmur olan şəxslər 6-dan sonra biznesmen kimi çalışırdılar. Ona görə də təbii ki, oliqarxik sistemin zəiflədilməsi yönündə addımların atılması, – gələcəkdə əgər bu proses davam etdiriləcəksə, – iqtisadi azadlıqların təminatında, rəqabətli mühitin yaradılmasında mühüm rol oynaya bilər. Çünki məmurların iqtisadiyyatda dominant rol alması rəqabətli mühiti məhv edən əsas amillərdən biridir. Onlar əllərində olan inzibati resurslardan istifadə etməklə öz biznesləri üçün rəqabətsiz mühit formalaşdırmağa çalışırlar. Bundan əlavə, dövlət resurslarının, büdcə vəsaitlərinin qeyri-adekvat və qeyri-effektiv xərclənməsində məmur biznesinin rolu böyükdür. Çünki keçirilən tenderlər şəffaf olmur, biznes strukturları adı altında fəaliyyət göstərən məmur şirkətləri bu tenderlər vasitəsilə hər il yüz milyonlarla vəsait əldə edirlər. Bu vəsaitlər əksər hallarda səmərəsiz xərclənir, dövlət xərcləmələri gözlənilən effekti vermir. Bütün bunlar göstərir ki, məmurların biznes fəaliyyətinin qarşısı mütləq mənada alınmalıdır. Bizneslə məşğul olmaq istəyən şəxsin məmurluğuna son qoyulmalıdır”.

Ekspertin fikrincə, bizneslə məmuriyyət bir-birindən ayrılarsa, Azərbaycanda iqtisadi formasiyada da bir dəyişiklik olacaq: “Bu dəyişikliklərin təkmil yolla getməsi üçün qanunvericilikdə ciddi dəyişikliklər olunmalı, Rəqabət Məcəlləsi qəbul edilməli, məmurların gəlir bəyannaməsinin təqdim olunması mexanizmi, nəhayət, işə salınmalıdır”.

Hüquqşünas Əkrəm Həsənov iqtisadi təxribatlara görə cəzaların Cinayət Məcəlləsinin 282-ci maddəsində göstərildiyini qeyd edir: “Bu maddə təxribatlarla bağlı məsuliyyəti nəzərdə tutur. Burada yalnız iqtisadi təxribatlar deyil, geniş anlamda bütün xarakterli təxribatlar əhatə olunub. Maddənin birinci bəndinə əsasən, ”Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma”ya görə 8-15 illik azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Maddənin 2-ci bəndinə əsasən eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə 12-20 illik azadlıqdan məhrum etmə cəzası kəsilə bilər. Lakin aydın məsələdir ki, bu maddədə nəzərdə tutulan cinayət əməllərini Azərbaycanda törətmək demək olar ki, mümkün deyil, – hüquq-mühafizə orqanları buna imkan verməzlər. Digər xarakterli iqtisadi təxribatlara gəlincə, burada söhbət iqtisadi təhlükəsizliyi zəiflətməyə yönəlmiş başqa hərəkətlərdən gedir. Burada strateji əhəmiyyətli ərzaq məhsullarının süni qıtlığını yaratmaq, insanları kütləvi şəkildə işsiz qoymaq kimi əməllər nəzərdə tutula bilər. Yəni əgər siyasi və iqtisadi çevrədə nüfuzu olan məmurlar vəzifədən uzaqlaşdırılırsa, onlar əllərindəki iqtisadi imkanlardan belə əməllər törətmək üçün istifadə edə bilərlər. Əlbəttə, əgər belə imkanları varsa. Düşünürəm ki, biz əsasən belə əməllərdən ehtiyatlanmalıyıq. Çünki ölkədə böyük inhisarçı şirkətlərin əksəriyyətinin arxasında adətən məmurlar dayanır. Son zamanlar iri biznes imkanları olan məmurların vəzifədən alındığını nəzərə alsaq, onların bu cür təxribatlara getmək gücünün olduğunu söyləyə bilərik”.

Ə.Həsənov hesab edir ki, hazırda vəzifədən alınan məmurların iqtisadi deyil, daha çox siyasi və ictimai xarakterli təxribatlara əl atmaları ehtimalı daha böyükdür: “Bu gün ictimai narazılıqların yaradılması, siyasi hakimiyyəti zorla ələ almağa cəhdlərin olması təhlükəsi daha böyükdür, nəinki iqtisadi təxribatların. Pandemiyaya görə tətbiq olunan karantin tədbirləri çərçivəsində aprel ayından etibarən dövlət ölkənin ərzaq təminatı, işsizliklə bağlı məsələləri ciddi nəzarətə götürüb. Yəni bu məsələlər tam nəzarətdədir və kimlərsə istəsələr belə, bu istiqamətlərdə təxribata əl ata bilməyəcəklər. Ən azı bu hərəkətlər vaxtında dövlət tərəfindən müəyyənləşdiriləcək və qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçiriləcək. Nə qədər təəccüblü olsa da, bu baxımdan bəxtimiz gətirib ki, pandemiyaya görə belə məsələlər nəzarətdədir. Bunu onlar özləri də başa düşürlər. Bank sisteminə gəlincə, bildiyim qədəriylə onların əlində hazırda sistem əhəmiyyətli bank yoxdur. Söhbət Ramiz Mehdiyevdən gedirsə, onun və ailəsinin nəzarətində olan bank VTB-dir, onun da sistemdə payı elə böyük deyil ki, hansısa ciddi zərəri vura bilsinlər. Bu baxımdan, düşünürəm ki, onların başqa istiqamətlərdə təxribatlar törətmək ehtimalları daha böyükdür. Güman edirəm ki, dövlətimizin bu təxribatların qarşısını almaq imkanları yetərincədir və ölkəmizdə hər hansı iğtişaşların törədilməsinə yol verilməyəcək”.

Ə.Həsənov deyir ki, uzun illərdir ölkədə hakimiyyətdən narazılığı elə indi vəzifədən alınan, dövlət strukturlarından təmizlənən məmurlar yaradıb: “Beş narazı adamı danışdırsan, məlum olacaq ki, dördünün narazılığı indi vurulan məmurlar və onlara bağlı şəxslərdəndir. Onlar hakimiyyətdə, dövlət idarəetmə aparatında mühüm bir yer tuturdular və insanları yetərincə incidiblər. Bu baxımdan, əhalinin gedən proseslərdən narazı olduğunu söyləmək mümkün deyil. Bu qüvvələr iğtişaş törətmək üçün də daha çox xarici havadarlarına ümid edə bilərlər.Yəni xaricdən dəstək almaqla nələrsə etməyə çalışa bilərlər. Hesab edirəm ki, bu qüvvələrin əlində olan iqtisadi güc, iqtisadi aktivləri ciddi şəkildə təftiş olunmalıdır. Bu gün hələ də həmin qüvvələrdən vəzifədə olanlar var, onların da iqtisadi imkanları araşdırılmalıdır. Təəssüf hissi ilə qeyd edirəm ki, bizdə 1993-cü ildə qəbul olunmuş ”Varidata təminat verilməsi haqqında” Konstitusiya qanunu var. Qanun o dövr üçün çox vacib idi. Qanunda qeyd olunur ki, “Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxslər onlarda olan daşınar və daşınmaz əmlakı: pulu, valyutanı və sair varidatı izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilərlər”. Bu qanun həmin dövr üçün zəruri idi: müstəqilliyimizi təzə əldə etmişdik, investisiyalara kəskin ehtiyacımız vardı və sair. Amma indiki dövr üçün bu qanun qanunsuz yollarla əldə olunmuş sərvətlərin sərbəst şəkildə iqtisadiyyata yatırılmasına şərait yaradır. Bu qanunun ləğv olunması, bununla yanaşı, maliyyə amnistiyasının elan olunması hazırda çox böyük zərurətə çevrilib. Maliyyə amnistiyası ölkədə bütün iqtisadi güclərin kimlərin əlində cəmləşdiyini dəqiq müəyyənləşdirməyə imkan verəcək. Yəni kimin əlində nələri var dövlətə açıq şəkildə bəlli olacaq və kimdən hansı sahədə hansı təxribatları gözləməyin mümkün olduğu aydınlaşacaq. Prinsipcə, son bir neçə il ərzində kölgə iqtisadiyyatına qarşı ciddi addımlar atılıb. Bu adamların belə buynuz göstərməsinin bir səbəbi də elə budur. Prezidentimiz 3-4 ildir bu prosesi başladıb – gömrük və vergi sistemindəki şəffaflaşma tədbirləri ilə. Yəqin, hamı açıq görür ki, nə vergi, nə də gömrük sistemində vəziyyət əvvəlki kimi deyil. Düzdür, tam da bizim istədiyimiz şərait deyil, amma 4 il əvvəlkindən qat-qat yaxşıdır. Bütün bu proseslər məhz indi müqavimət göstərən qüvvələrin iqtisadi imkanlarını yavaş-yavaş daraltmaq məqsədi daşıyırdı”.
“Yeni Müsavat”


Abunəlik