“Yeni Ailə” MTK vətəndaşlara QARŞI… – QALMAQAL

Baxılıb:268
“Yeni Ailə” MTK vətəndaşlara QARŞI… – QALMAQAL

Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 158 ünvanında yerləşən binada yaşayan bir qrup sakin etiraz edir. DİA.AZ-ın məlumatına görə, “Yeni Ailə” Mənzil-Tikinti Kooperativi onların yaşadığı altımərtəbəli binanı söküb, yerində 16 mərtəbəli yeni yaşayış binası tikəcək. Bununla bağlı Nəsimi Rayon İcra Hakimiyyəti başçısı 16 oktyabr 2017-ci ildə sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının rəhbər tutulması göstərilib. Həmin qərarda Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, binalarin sökülməsi nəzərdə tutulub.

2017-ci ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri texniki vəziyyəti yoxlamaq məqsədilə həmin ərazidə yerləşən binalara baxış keçirib. Yekunda bir neçə binanın qəzalı olduğuna dair akt tərtib olunub. Daha sonra isə Nəsimi Rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayan “Yeni Ailə” MTK ərazidə tikinti işlərinə başlayıb.

Sakinlər deyir ki, onların binası 1970-ci ildə inşa olunmağa başlayıb, 3 il sonra da istifadəyə verilib. Binanın sökülməsini istəməyən sakinlər sərəncamın onlara şamil olunmasını ləğv etmək məqsədilə 1 Saylı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldirıblar. Binaya 2019-cu ildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən baxış keçirilib, məlum olub ki, qəza vəziyyəti yoxdur. Lakin üzərindən altı ay keçəndən sonra məhkəmə prosesini aparan hakim yenidən binaya baxış təyin edib. Məhkəmə ekspertizası tərəfindən 2020-ci ildə binaya yenidən baxış keçirilib. Verilən ekspert rəyində bildirilib ki, yaşayış binasının konstruksiyası seysmik normaların tələblərinə cavab vermir. Bununla yanaşı, bina tikinti-quraşdırılma işləri aparılan inşaat meydançasının yaxınlığında yerləşdiyinə görə yaşayış üçün təhlükəlidir.

“İkinci dəfə ekspertizanın təyin olması göstərir ki, “Yeni Ailə” məhkəmənin gedişatına təzyiq göstərir” -, bina sakini İsgəndər Ağayev deyir: “Məhkəmə ekspertizasının 2019-cu ildəki aktında binanın qəzalı olmadığı bildirilirdi. Bu il martın 3-də olan məhkəmə zamanı hakim tərəfindən yenidən binaya ekspertiza təyin olundu. Təəccüblüdür, altı aydan sonra yenidən binaya niyə baxış keçirilir? Məgər belə qısa müddətdə bina qəzalı vəziyyətə düşəcək? Buradan da belə qənaətə gəlmək olur ki, kiminsə mənafeyi müdafiə edilir. Mayın 31-də yenidən ekspertiza təyin olundu. İyunun 23-də isə sənədlərə yazıldı ki, burada kran qoyulub, sakinlərə təhlükə yaradır. Kran sakinlərin deyil, “Yeni Ailə” MTK-ya aiddir, götürsünlər. Gülməlidir, kranı bəhanə edib, binanı sökürlər. Kranın yığışdırlması ilə bağlı müraciətlərimizə əhəmiyyət verən yoxdur”.

Digər sakin Nəimə Əliyeva deyir ki, tikili heç də qəzalı vəziyyətdə deyil. Sadəcə, müxtəlif bəhanələrlə binanı söküb, sakinləri rahat yerindən-yurdundan didərgin salmaq istəyirlər: “Aktda göstərilir ki, binadakı lociya (üç tərəfdən divarla bağlanmış otaqların davamı olan çıxıntı-red) bina üçün qəza vəziyyəti yaradır, təhlükəlidir. Bu lociyalar üç yüz kiloqram yük götürə bilir, dayanıqlıdır. Bunu da hər bir tikinti işçisi bilir. Küçəyə baxan konsol balkonlarımız isə inşa olunduğu kimi saxlanılıb. Bu tikinti şirkəti bizə zülm verir. Yaşayışımız, həyatımız üçün təhlükə yaradırlar. Burada gecə-gündüz kran işləyir. Rahatlığımız yoxdur”.

Sakin Xanım Süleymanova da yaşadıqları binanın qanunsuz söküldüyünü deyir. Bildirir ki, hazırda binada 35-40 faiz sakin qalıb. Onlar da binanı tərk etmək niyyətində deyillər: “Artıq 47 ildir ki, burada yaşayıram. Valideynlərim binanı öz pulları ilə tikdirib. Çox möhkəm binadır, hətta xırda bir zədəsi, yaxud çatı yoxdur. Üzlüyü gülbaxt daşındandır. 2017-ci ildə evimi əsaslı təmir etdirdim. İşlər başa çatandan sonra 2018-ci ildə “Yeni Ailə”dən gəldilər ki, binanı sökəcəyik. Bizə heç bir xəbərdarlıq olunmadı, razılığımız alınmadı. Onu da deyim ki, binanın qarşısındakı həyət də bizimdir. Öz hesabımıza həyətə şlaqbaum və darvaza qoydurmşuq. Bina sakinləri illərdir bu şirkətlə mübarizə aparır. Binanın həyətində müxtəlif növ ağaclar var. Onların aqibəti necə olacaq? Təbii ki, qırıb-tökəcəklər. Binamızın sökülməyini istəmirik”.


Abunəlik