Pulların xaricə daşınmasının qarşısını necə ALAQ? – Maliyyə amnistiyası

Baxılıb:346
Pulların xaricə daşınmasının qarşısını necə ALAQ? – Maliyyə amnistiyası

Xəbər verdiyimiz kimi, avqustun 24-də Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayonlarının yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən sahibkarlara müraciət edib.

Prezident ölkə iqtisadiyyatının qeyri-neft-qaz sektorunun maliyyə vəsaitlərinə kəskin ehtiyac duyduğu indiki şəraitdə sahibkarları xaricə deyil, ölkəyə investisiya yatırmağa çağırıb: “Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur”.

Dövlət başçısı qeyd edib ki, sahibkarların xaricə investisiya yatırmasını qanuni yollarla qadağan etmək olmaz, amma aidiyyəti qurumlar prosesə nəzarət edə bilər: “Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır”.

Göründüyü kimi, ölkə rəhbərliyi koronavirus pandemiyasının yaratdığı böhran şəraitində kənara axan vəsaitlərin ölkə iqtisadiyyatına yatırılmasına şərait yaratmaq niyyətindədir. Ölkədən xaricə sərmayə şəklində yatırılan vəsaitlərin hərəkətinə nəzarət necə həyata keçirilir? Bu, hansı qurumun funksiyalarına daxildir?

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, ölkədə bir neçə qurumun xaricə yatırılan vəsaitləri izləmək imkanı var: “İlk növbədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və onun tərkibindəki Maliyyə Monitorinqi Mərkəzinin belə funksiyası var. Əsas nəzarət bu qurumların əlindədir. Onlar digər dövlət orqanlarına da məlumat verirlər. Burada əsas məqsəd vergidənyayınmanın, çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaqdır. Bu qurumların əlində cəmləşən məlumatlar İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Mərkəzi Banka da ötürülür. Mərkəzi Bankın özü banklar vasitəsilə reallaşdırılan əməliyyatları görə bilir, Dövlət Gömrük Komitəsi gömrük sərhədindən keçirilənləri hesablaya bilir. Bir də hüquq-mühafizə orqanlarının, xüsusilə də Dövlət Təhlükəsizlik Xidmətinin bu məlumatları əldə etmək hüququ var. Bütün bu mənbələrdən toplanan məlumatlar yekunda ölkədən kənara çıxarılan sərmayələrin həcmini müəyyənləşdirməyə imkan verir”.

Mərkəzi Bankın rəsmi məlumatına görə, 2019-cu ildə Azərbaycan şirkətləri xaricə 2 milyard 431,7 milyon dollar (artım 38,1 faiz), o cümlədən neft-qaz sektoruna 978,8 milyon dollar (artım 54,5 faiz), digər sektorlara 1 milyard 452,9 milyon dollar (artım 28,9 faiz) məbləğində birbaşa investisiya yatırıb. Ekspert bildirir ki, Azərbaycandan kənara vəsaitlər həm qanuni, həm də qanunsuz yollarla çıxarılır: “Yəni fiziki şəxslər 10 min dollara qədər nağd vəsaiti çıxara bilirlər. Banklar vasitəsilə şirkətlər xaricə sərmayə yatırımlarına çıxarırlar. Amma qanunsuz yollarla da vəsait çıxarılması var və bu, çox böyük həcmləri əhatə edir. Yəqin ki, az qala hər gün xaricdə bu və ya digər məmurun biznes fəaliyyətinə dair açıqlanan faktları hamımız oxuyuruq. Bu fəaliyyətlərin demək olar ki, hamısı ölkədən qeyri-qanuni yollarla çıxarılmış vəsaitlər hesabına həyata keçirilir. Bütün bu vəsaitlərin ölkədə qalması, ölkə iqtisadiyyatına yatırılması üçün ilk növbədə əlverişli investisiya mühiti yaradılmalıdır. İnzibati yollarla bunun qarşısını almaq mümkün deyil. Ədalətli mühakimə imkanı yaradılmalıdır. Məhkəmə-hüquq sistemi qaydasında olmalıdır ki, sahibkar pulunu ölkəyə yatırsın. Yoxsa sahibkar tanıyıram ki, fevral ayında bütün prosedurları keçib, yanacaqdoldurma məntəqəsi açmaq üçün lazım olan işləri həyata keçirib, tikintiyə başlayıb. İndi bəzi qüvvələr məhkəmələrin də yardımı ilə ona imkan vermirlər işini qursun. Məhkəmə sistemi indiki vəziyyətdə qaldığı şəraitdə sahibkarları heç nəylə milli iqtisadiyyata vəsait yatırmağa həvəsləndirmək mümkün olmayacaq. Yəni belə davam edəcəksə, əlbəttə ki, heç kim pulunu ölkə daxilinə yatırmayacaq: hansı yolla qazanılsa belə, heç kim pulunu göyə sovurmaq istəməz. Təəssüf ki, real vəziyyətlə bağlı məlumatlar cənab Prezidentə çatmır. Çatsa, əminəm ki, real dəyişikliklərə nail olmayınca dayanmaz”.

Ə.Həsənovun fikrincə, ölkədən kənara qanunsuz yollarla çıxarılan vəsaitlərin qarşısının alınması, indiyədək çıxarılmış hissənin geri qaytarılmasını təmin etmək üçün maliyyə amnistiyasına gedilməlidir: “Təkmil bir qanunverici baza yaratmaqla, vəsaitlərini ölkəyə gətirənlərə ən yüksək səviyyədə təminat verilməsi təmin olunmalıdır. Yalnız bir şərt qoyulmalıdır ki, bundan sonra heç bir məmur dövlət vəsaitini oğurlamamalı, rüşvətə, korrupsiyaya yol verməməlidir. Və bu şərtə əməl olunmasını təmin etmək üçün də ölkənin məhkəmə-hüquq sistemində köklü islahatların aparılması gərəkir. Yəni bu sistemin hazırkı vəziyyəti ilə faktiki olaraq sahibkarlığın inkişafı, investisiyaların cəlbi sahəsində heç bir dəyişikliyə nail olmaq mümkün deyil. İstənilən qanun belə bu şəraitdə normal icra olunmayacaq, çünki məhkəmələr onların tələblərinin pozulmasına şərait yaradacaqlar. Yalnız o halda dəyişiklik görəcəyik ki, məhkəmə-hüquq sistemimiz tamam yenilənəcək”.

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev bildirir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı bilavasitə investisiyalardan asılıdır: “Bu investisiyaların cəlb olunmasında yerli şərait, əlbəttə, mühüm rol oynayan faktorlardan biridir. Amma məsələ burasındadır ki, yerli icra hakimiyyəti başçılarının ayrıca bir rayona investisiya cəlb etmək üçün zəruri güzəştləri, stimullaşdırıcı tədbirləri həyata keçirmək hüququ yoxdur. Bu səlahiyyətlər bilavasitə mərkəzi icra orqanlarındadır. Bu gün Azərbaycanda sahibkarlıq və investisya mühitində ciddi böhran var. Bu böhran şəraitində dövlətin tətbiq etdiyi ayrı-ayrı güzəştlər ümumi inkişafa gətirmir. Onlardan bir qayda olaraq yenə məmurlara bağlı olan biznes subyektləri faydalanırlar. Geniş sahibkarlıq kütləsi ölkədə müstəqil məhkəmə sistemi işləyib, mülkiyyət hüququnun toxunulmazlığı təmin olunmayınca vəsaitlərini yerli iqtisadiyyata yatırmayacaqlar. Ümumiyyətlə, investisiya hər zaman qorunma tələb edir. İnsanlar yatırdıqları vəsaitlərin əllərindən alınmayacağına əmin olmalıdılar”.

İqtisadçı-alimin sözlərinə görə, son 5 ildə məmurların biznesin fəaliyyətinə müdaxilələri məsələsi dəfələrlə ölkə rəhbəri səviyyəsində qaldırılıb: “Dövlət başçısı dəfələrlə çox açıq şəkildə bu müdaxilələrə son qoyulmasını tələb edib. Amma müdaxilələr dayanmır. Məsələ burasındadır ki, məmurların, vəzifəli şəxslərin biznes fəaliyyətinə müdaxiləsinə onların mövcud geniş səlahiyyətləri, fəaliyyətlərinin ictimai nəzarətdən kənarda qalması, ən əsası isə müstəqil məhkəmə sisteminin olmaması şərait yaradır. Bidəfəlik qəbul etmək lazımdır ki, biznesin fəaliyyətinə müdaxilə sadəcə nəticədir. Ona gətirən səbəblər aradan qaldırılmayınca, nəticəni dəyişmək mümkün deyil. Bu səbəbləri aradan qaldırmaq üçün biz yaxın qonşumuz olan Gürcüstanın təcrübəsinə diqqət yetirməliyik. Gürcüstan son illərdə elə əlverişli investisiya, biznes mühiti yaradıb ki, bir çox ölkələrdən, ən əsası da Azərbaycandan külli miqdarda vəsait onun iqtisadiyyatına yatırılıb. Halbuki biz o şəraiti Azərbaycanda yaratmaqla investisiyaların öz ölkəmizə yatırılmasına nail ola bilərdik”.
“Yeni Müsavat”


Abunəlik