Ramiz Mehdiyevdən “ikinci atəş”-HƏDƏ
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin açıqlama yayıb.
AZTİMES.AZ xəbər verir ki, AMEA-nın saytında yerləşdirilən açıqlamada R.Mehdiyev onun barəsində fikrilər səsləndirən deputatlara, qəzet redaktorları və partiya sədrlərinə səslənib:
“24 avqust 2020-ci il tarixində AMEA-nın rəsmi saytında xeyli müddətdir ki, qəzetlərdə və elektron KİV-lərdə mənə qarşı aparılan bəzi millət vəkillərinin də cəlb olunduğu təhqir və qaralama kampaniyasına münasibət bildirməklə bütün məsələlərin aydınlaşacağına ümid bəsləyirdim. Lakin açıqlamanın dərc edilməsindən sonra eyni ittiham və böhtanların daha da eybəcər formada təkrar səsləndirilməsi məni yeni açıqlamanın verilməsi zərurətinə inandırmış oldu.
Sıralarında ötən il Prezident cənab İlham Əliyevin etimadsızlığı səbəbindən özünü buraxmış parlamentin bir sıra deputatları olmaqla mənə qarşı canla-başla hücum edən şəxslərin ittihamları olduqca gülməli və əsassızdır. Belə ki, onlar məni guya Rusiyanın Azərbaycandakı “5-ci kolonunun” rəhbəri olmaqda və Prezident Administrasiyasına rəhbərlik etdiyim dövrdə dövlət başçısının islahatlarına süni əngəllər yaratmaqda günahlandırırlar.
Kimliyindən asılı olmayaraq maraqlı qüvvələrə yarınmaq məqsədilə ortalığa atılan şəxslərə ilk növbədə cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində məni ölkəmizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırlatmaq istəyirəm. Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə idarəçilik sahəsindəki səmərəli fəaliyyətimə və xidmətlərimə görə öz təşəkkürünü bildirdi. Bəyan etdi ki, dövlət maraqları mənim üçün hər zaman hər şeydən daha üstün olmuşdur.Həmçinin İlham Əliyev xatırlatdı ki, Heydər Əliyev Moskvada yüksək vəzifədən uzaqlaşdırılarkən bir çoxları ona xəyanət etdiyi halda, məhz Ramiz Mehdiyev ulu öndərə sonadək sadiq qalmış azsaylı şəxslərdən biri kimi hörmətə layiqdir. Şəxsən mənim üçün ölkə başçısının verdiyi bu qiymətdən daha yüksəkdə dayanan heç bir rəy və fikir ola bilməz. Ancaq görünən odur ki, dövlət başçısının mövqeyinə zidd olaraq mənə qara yaxmağa çalışanlar tamamilə başqa qüvvələrə, Azərbaycanda qarışıqlıq yaratmağa çalışan və Prezidentin fəaliyyətinə kölgə salmaqda maraqlı olan dairələrə xidmət edirlər. Mən açıq mətnlə onlardan soruşuram: “Xanımlar və cənablar, siz kimə xidmət edirsiniz? Bəlkə mənim Prezidentimlə sizin prezidentiniz ayrı-ayrı şəxslərdir? Siz 49 il müddətində Heydər Əliyevin və İlham Əliyevin sadiq silahdaşı olmuş, bu dövlətə fədakarlıqla xidmət etmiş şəxsə iftira atmaq cəsarətini kimdən alırsınız? Əgər cürətiniz çatırsa, mənim suallarıma aydın bir cavab verin. Sizin verəcəyiniz cavab iqtidar daxilindəki həqiqi “beşinci kolonu” ifşa etmək baxımından çox faydalı olacaq.
Bulanıq suda balıq tutmaq xülyasında olanların nəzərinə çatdırmaq istəyirəm ki, hal-hazırda maddi nemətlərindən geninə-boluna yararlandığınız dövlətin qurulması və güclənməsi sizin yox, Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və onların sadiq silahdaşlarının xidmətidir. Bu gün hazıra nazir olanlar anlamalıdırlar ki, Ümummilli liderin və cənab Prezidentin sadiq silahdaşlarına böhtan atmaqla onlar ilk növbədə 30 illik müstəqillik tariximizin əhəmiyyətli bir dövrünə kölgə salmış olurlar. Belə çıxır ki, bu müddət ərzində “beşinci kolona” ölkənin ən mötəbər vəzifələrindən biri etibar edilmiş, onun liderinə isə dövlətin taleyüklü problemlərilə məşğul olmaq həvalə olunmuşdur. Razılaşın ki, bu fikirlər çox absurd səslənir və onlar ancaq xəstə, iddiaları ilə bacarığı və imkanları tərs mütənasib olan bir təxəyyülün məhsulu ola bilər. Mən buna başqa ad verməkdə çətinlik çəkirəm. Deyilənlər məsələnin yalnız mənəvi tərəfidir”.
R.Mehdiyev bildirib ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır: “Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram. Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm.
Mən keçmişimdən və bu günümdən arxayınam. Dünənimlə üzləşməyə həmişə hazıram, bu günüm isə hər kəsin gözü qarşısındadır.Ünvanıma ittihamlar səsləndirənlərin çoxundan fərqli olaraq ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm və bununla da qürur duyuram! Bundan sonra da heç kəs məni tutduğum yoldan döndərə bilməz! Bəs görəsən məni ittiham edənlərdə necə, eyni arxayınlıq varmı? Onlar dünən dediklərinə bu gün və sabah eyni əminliklə imza ata biləcəklərmi? Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş.
Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Öz xalqının gələcəyini, vətəninin sabitliyini və rifahını düşünən heç bir azərbaycanlı belə işlərə qol qoymamalıdır. Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir. Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir”.(savaş)