Əslində Azərbaycan Kremldən bircə məsələni istəyir… – GƏLİŞMƏ

Baxılıb:424
Əslində Azərbaycan Kremldən bircə məsələni istəyir… – GƏLİŞMƏ

Sabah, avqustun 26-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfər edəcək. Bu barədə əvvəlcədən nazirliyin sözçüsü Leyla Abdullayeva açıqlama ilə çıxış edib. Səfər Rusiya tərəfinin dəvətilə reallaşdırılacaq.

Əvvəlki illərdə Azərbaycan və Rusiyadan qarşılıqlı səfərlər, ola bilsin ki, bu dərəcədə həssaslıqla qarşılanmazdı. Ancaq son hadisələr, xüsusilə də Ermənistanın Tovuz təxribatlarının ardınca baş verənlər fonunda XİN rəhbərinin Moskva səfəri geniş müzakirə olunmaqdadır. Xüsusilə də Rusiyadan Ermənistana 400 tonluq yükün məhz Tovuz təxribatlarından sonra daşınması Bakı və Moskva arasında aydınlaşdırılmalı mövzuların olduğunu deməyə əsas yaradır. Düzdür, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə şəxsən rusiyalı həmkarına öz etirazını çatdırıb və məsələnin doğurduğu narahatlıq barədə şəxsi mövqeyini ifadə edib. Ancaq şübhəsiz ki, XİN rəhbərinin Rusiya səfərində də bu məsələ müzakirə olunacaq mövzulardan biri olacaq. Diqqətçəkən budur ki, Rusiya və Ermənistanın müdafiə nazirləri – Sergey Şoyqu və David Tonoyan bazar günü Moskvada görüş zamanı Ermənistan-Azərbaycan sərhədində, həmçinin Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyəti müzakirə ediblər. Məlumatda deyilir: “Görüş zamanı Ermənistan müdafiə naziri rusiyalı həmkarına iyulda baş vermiş hərbi əməliyyatlardan sonra regiondakı mövcud vəziyyət, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində və Dağlıq Qarabağda atəşkəs xəttindəki əməliyyat şəraiti ilə bağlı məlumat təqdim edib”. Tərəflər həmçinin ikitərəfli hərbi əməkdaşlıq məsələlərini və regional problemləri müzakirə ediblər.

Şoyqu-Tonoyan görüşündən əvvəl isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində Tovuz təxribatı ilə bağlı bəzi həqiqətləri dilə gətirmişdi. “İyulun 12-dən 16-na qədər davam edən sərhəd münaqişəsi 2016-cı ilin aprelindən sonra ikinci ən irimiqyaslı toqquşma olub. Üstəlik, son 26 il ərzində ilk dəfə səhra artilleriyasının, minaatanların və zərbə pilotsuz aparatların tətbiqi ilə yüksək intensivlikli döyüş əməliyyatları Qarabağda təmas xəttində deyil, bilavasitə Azərbaycanla Ermənistan arasındakı sərhəddə baş verib”, – Lavrov demişdi. Rusiya XİN rəhbəri onu da vurğulamışdı ki, toqquşmaların başlamasına erməni tərəfinin Azərbaycanın ixrac neft-qaz kəmərlərinin 15 kilometrliyində yerləşən köhnə sərhəd nəzarət məntəqəsini tutmaq cəhdi səbəb olub. Bu da tərəflərdən birinin hədsiz narahatlığına, digərinin haqq qazandırılması mümkün olmayan cavab reaksiyasına gətirib çıxarıb, nəticədə ən ağlasığmaz nəticələrə səbəb ola biləcək qarşıdurma yaranıb. Bununla belə, S.Lavrov növbəti danışıqların anonsunu verməklə həm də C.Bayramovla görüşdə müzakirə olunacaq mövzulardan birinə eyham vurub. “Qarabağ münaqişəsinə dair danışıqların tezliklə bərpasına ümid edirik və Minsk Qrupu üzrə partnyorlarımızla bu məsələ üzərində işləyirik”, – Lavrov deyib.

Amma Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil və danışıqların bərpası üçün işğalın son qoyulması istiqamətində konkret addımlar atılmaldır. Ancaq belə görünür ki, Rusiya ikili oyun oynayıb bölgədə dominantlığını davam etdirmək niyyətindədir. Yeri gəlmişkən, bu günlərdə eks-prezident Serj Sərkisyan etiraf etdi ki, 2016-cı ilin aprel döyüşləri zamanı Rusiyadan Emənistana tonlarla silah-sursat daşınıb. Yəni Rusiya hər dəfə Ermənistan dara düşəndə ona “yardım əlini” uzadıb. Deməli, XİN rəhbərlərinin görüşündə danışılası xeyli mövzular var, özü də ortadakı faktlar təkzibolunmazdır.

Bəs, ekspertlər necə düşünür, Moskva səfərində Rusiyanın Ermənistana silah satması məsələsi müzakirə olunacaqmı? Ümumiyyətlə, bu səfər Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi baxımından nə vəd edir?

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, XİN rəhbəri kimi Ceyhun Bayramovun Rusiyaya ilk səfəri nəzakət ziyarətidir: “Şübhəsiz ki, bölgədə baş verən yeni gəlişmələr müzakirə ediləcək. Tovuz hadisəsindən sonra Azərbaycanın qərarlı mövqeyi və Rusiya XİN rəhbəri Lavrovun Ermənistanı dolayısı ilə qınaması bizim Ermənistanın üzərinə getməyimizə yaxşı şans verir. Lavrovun etdiyi açıqlama Ermənistanı yerində oturtmaq və Rusiyanın apardığı xəttə qarşı çıxdığına görə onu özünə tabe etdirməyə yönəlik siyasətin arxasında həm də şimal qonşumuzun Dağlıq Qarabağ danışıqlarında təşəbbüsü yenə əlinə almaq cəhdidir. Rusiya təklif edəcək ki, danışıqlar prosesi qaldığı formatdan davam etdirilsin. İlk baxışda buna etiraz edilə bilməz, amma Türkiyə Ordusunun Azərbaycana gəlişi və burada yaranan yeni siyasi situasiya fonunda rəsmi Bakı bunu etməlidir: artıq Türkiyənin bu danışıqlara cəlb edilməsindən danışılmalıdır. ATƏT-n Minsk Qrupunun danışıqlar prosesində tutduğu mövqe də müzakirə predmeti olmalıdır”. Q.Çaxmaqlı Minsk Qrupundan imtina məsələsini də qəti şəkildə qoymağın tərəfdarıdır: “Tovuz hadisələrindən sonra vasitəçilərin aydın olmayan mövqeyi bizə bu imkanı verir ki, bu missiyadan imtina etmək məsələsini ortaya qoyaq. Danışıqların bərpası ilə bağlı Rusiyanın təklifi indiki halda qəbul edilə bilməz. Bu, artıq Azərbaycanın zərərinə olardı”.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Moderator.az-a deyib ki, əslində Rusiya və Azərbaycan arasında əməkdaşlıqla bağlı bir sıra müqavilə və sazişlər var: “Hər iki tərəfdən etiraf olunan strateji partnyorluq münasibətləri mövcuddur. Biz bu strateji partnyorluq münasibətlərini qırmaq niyyətində deyilik. Lakin Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana silah-sursat verməsi bizim maraqlarımıza cavab verməyən bir olaydır. Bu, bizim strateji portnyorluq münasibətlərimizə də müəyyən dərəcədə zərbədir. Təsadüfi deyil ki, dövlət başçımız Rusiya prezidenti ilə telefon danışığında Azərbaycanın mövqeyini qarşı tərəfə qəti şəkildə çatdırdı. Bununla yanaşı, Azərbaycan Rusiya ilə strateji müttəfiqlik və diplomatik münasibətlərini qoruyub saxlayır. Yeni təyin olunan xarici işlər nazirinin Moskva səfəri zamanı bütün bu məsələlər – Ermənistanın silahla təmin olunması, strateji partnyorluq müansibətlərinin mümkün inkişafı, Rusiyanın Minsk Qrupunun həmsədri kimi bu istiqamətdə nələr etməsi kimi məsələlər müzakirə ediləcək. Çünki bunlar bizi narahat edən məsələlərdir və səfər zamanı bu məsələlər öz cavabını tapmalıdır”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın ambisiyaları bəllidir: “Eyni zamanda, ABŞ Rusiyaya qarşı geosiyasi mübarizəsində Balkanlar və Şərqi Avropadan sonra artıq Qara dəniz – Xəzər regionunda aktivləşməkdədir. Uzun sözün qısası, müəyyən müddət sabit qalan bölgədə geosiyasi mühit dəyişmək üzrədir. Son zamanlar Azərbaycan və Rusiya arasında soyuq rüzgarların əsdiyinin şahidiyik. Əgər 2000-ci ildən başlayaraq, son 20 il ərzində Azərbaycan – Rusiya münasibətləri sabit və oturuşmuş çərçivə daxilində davam edirdisə və tərəflər arasında yeganə problem Qarabağla bağlı idisə, son 2 ildə Moskva və Bakı arasında Azərbaycanda baş verənlərlə bağlı da fikir ayrılıqları var. Rusiya başa düşməlidir ki, Azərbaycan suveren dövlətdir və hətta onun müttəfiqlərindən də fərqli olaraq heç vaxt ölkəmiz anti-Rusiya proseslərində iştirak etməyib. Qeyd etmək lazımdır kı, Rusiyada Prezident Administrasiyası, hərbçilər və müdafiə sənayesi, eyni zamanda, XİN arasında Cənubi Qafqaza baxış bucağı 90-cı illərdəki kimi sistemli və vahid deyil. Azərbaycanın mövqeyini də dəstəkləyənlər artıq az deyil”. Z.Məmmədov qeyd etdi ki, aprel hadisələrindən sonra Bakı Moskvanın müəyyən istəklərini reallaşdıra və Rusiya ətrafındakı təşkilatlarda yer ala bilərdi: “Lakin bir neçə il əvvəl bu müstəvidəki dialoq, təəsüflər olsun kı, ermənipərəst qüvvələr tərəfindən pozuldu. Tovuz hadisələri və Ermənistanın özünə arxayınlığı göstərdi ki, David Tonoyan bəlkə də Paşinyanın xəbəri olmadan şimaldakı bəzi generallarla birlikdə bu təxtibata getmişlər. Elə son bir ay ərzində Ermənistana tonlarla ötürülən silahlar da bunun göstəricisidir. Əgər oradakı generallar bunun qarşılığında Bakının sakit dayanacağını düşünürdülərsə, yanılırdılar. Azərbaycan da ilin əvvəlindən Tovuz – Qazax istiqamətində ölkəmizə qarşı təxribatların əsl mahiyyətini çox yaxşı qiymətləndirdi və iyulda dövlət sərhədimizin pozulmasına adekvat cavab verərək, Türkiyə ilə müəyyən razılaşmalar avqust ayında əldə edildi”. Konkret olaraq Ceyhun Bayramovun Moskva səfərinə gəldikdə, politoloq qeyd etdi ki, XİN rəhbəri ilk səfərini Ankaraya etdi: “İkinci səfər isə, mütləq məhz Moskvaya edilməliydi. Rusiya regionun ən böyük oyunçularından və dünyada 5 söz sahibi olan dövlətdən biridir. Cənubi Qafqaz və Mərkəzi Asiyanın siyasi- hərbi başçısı Moskvadır. Unutmayaq kı, Qarabağla bağlı da kurasiya Vaşinqton və Paris tərəfindən Moskvaya verilib. Bilməliyik ki, planetin hər bir güşəsinin öz kuratorları var. Bu səfər olduqca vacibdir və bir çox məsələlərə aydınlıq gətirəcək. Rusiya ilə dialoq və Moskva ilə dil tapacaq diplomatlara ehtiyac var”.

Z.Məmmədov hesab edir ki, Moskvanın və Bakının istəklərinin uzlaşması vacibdir: “Əslində Azərbaycan Kremldən bircə məsələni istəyir: münaqişədə bitərəflik. Belə olan təqdirdə biz təkbətək Ermənistanı diz çökdürəcəyik. Bunun qarşılığını isə, verməyə hazır olmalıyıq”.

Hər halda çox keçməyəcək C.Bayramovun S.Lavrovla danışıqlarının detalları məlum olacaq. Hər halda, XİN rəhbəri Türkiyədə prezident Ərdoğan səviyyəsində qəbul olundu və Bakıya ən yüksək səviyyədə dəstək ifadə edildi. Üstəlik, Azərbaycan prezidentinin siyasi iradəsi ortadadır və Rusiyadan işğalçıya dəstəklə bağlı izahat istənilib. Bütün bunlar Azərbaycan xarici siyasət idarəsi rəhbərinin mövqelərini gücləndirən çox ciddi aillərdir. İnanırıq ki, bu səfərdəki müzakirələr Məmmədyarovun ənənəvi “pandemiya” mövzusunda apardığı danışıqlardan xeyli fərqlənəcək və xarici siyasət idarəsinin fəaliyyətində dönüşün şahidi olacağıq.
“Yeni Müsavat”


Abunəlik