Ramiz Mehdiyev ailəsi üçün təlaşdadır
Köhnə, yeni Mehtiyev…
Hər ikisi ailəsi üçün təlaşdadır…
AMEA prezidenti Ramiz Mehtiyevin akademiyanın saytı üzərindən, yəni məsələyə dəxli olmayan ünvandan, tirajlanan açıqlamasını hamı kimi oxudum. Baxdım ki, çoxu üçün lağ obyektidir. Əslində ciddi mesajlar, hirs duydum.
…Yadıma toy olayınacan Ramiz müəllimə yolladığım suallar düşdü. Müsahibə üçün razılıq verdi. Onunla ilk müsahibəm illər öncə, “Azadlıq” qəzetində çalışanda alınmışdı. Çox böyük və hay-küylü masahibə idi. Bu dəfə də dedilər sizi dəvət edəcəyik akademiyaya. Mən də dedim, COVID-19-a görə testdən də keçmişəm və dəvəti gözləyirəm). Təxminən on səkkiz sual idi. Gündəmdə olan hər şeyi soruşmuşdum. Nədənsə sonradan köməkçilər məni unutdu…mənsə indi də suallarıma cavab umuram…
…Qayıdaq akademikin açıqlamasına. Hirsli və ciddi açıqlama idi. Konkret ünvanlara yönəlik həm də. Əminəm hamı bu akademik yanaşmada özünü gördü.
Hirs:
-Həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil edib.
Təcrübədən doğan şübhə:
-Qəribədir KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldi.
Haqq qazandırmaq:
-Aidiyyatı orqanların baş verənlərə münasibətdə, tutduqları mövqe haqlıdır. Məhkəmənin verdiyi qərar, qonaqlar haqda inzibati cəza tədbirləri ədalətlidir.
Inciklik və ailəsi üçün qorxu:
Heç kəs inzibati cəzaya görə qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır.
Ritorka:
-İnanmaq istəyirəm ki, analoji hadisələrə də eyni həssaslıq və prinsipiallıqla yanaşılacaq. Müqəssirlərin hamısını qolları qandallı şəkildə məhkəmə önünə çıxarıb, onlara qanunun aliliyi haqqında dəyərli tövsiyələr verəcəklər.
Ciddi ittiham:
-Əgər hər hansı cəmiyyətdə bir qrup insanlar öz vəzifələri, maddi imkanları səbəbindən xüsusi imtiyaz sahiblərinə çevrilib, qanunları yan keçə bilirsə, orada heç bir ədalətdən, doğruluqdan, insanlıqdan danışmaq mümkün deyil.
Zəruri müəllif qeydi: Siz imtiyazsız idinizmi?
Həzrəti Məhəmməd hədisinə istinad:
-…And ola Allaha ki, hətta qızım Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim.
Zəruri müəllif qeydi: Inanaqmı?
“Özümə gəlincə, mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimirəm”,
Zəruri müəllif qeydi: Əksəriyyəti sizin “balanızdır”. Ata baladan inciyə bilməz. Hətta ən idbar baladan da.
Xəbərdarlıq:
-Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir.
Təklif:
-…Natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı.
Gərginlik:
-Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!
AMEA prezidenti hirslidir, narahatdır, təşkilatçıdan şübhəlidir, olanlara hələ də inana bilmir, yetişdirdiklərinin dönüklüyündən şokdadır, and içir, gərgindir və ailəsi üçün qorxur!
…Gələk videonu çəkən və tirajlayan müğənni Ayselə. Yəqin Dövlət Dillər Institutunda fəaliyyətdə olmuş, söz sahibi, kafedra müdirlərindən Məhəmməd müəllimi xeyli adam tanıyır. Onun nəyi hara, nə zaman deyib ötürəcəyi, kimə nə edəcəyi, bəlli olmazdı, amma həmişə bütün qabaqcıl tədbirlərdə baş idi. Çox detallara varmıram, deməm o ki, qız atasının qızıdır…
…Ordan da gələk Səyavuş Novruzova. Onun etdiyi xəyanət idi. Süfrəsində otur, çörəyini ye, özünə də xəyanət elə. Və bu təkcə S.Novruzovun yox, YAP-ın R.Mehtiyevə xəyanəti idi. Adam AzTV-də R.Mehtiyevi Aydın Mirzəzadəyə tənqid etdirməz axı, ayıbdır. Bir də o kişilik məsələsi. Biri Səyavuş Novruzova nəhayət ki, başa salsın, kişilik təkcə fizioloji quruluş deyil, həm də xarakterdir. O da çoxunda yoxsur indi…
…Sizə də sözüm var Ramiz müəllim. Baş verənlər həm də bumeranq idi. Öz yaratdığınız və nə zamansa kimlərəsə etdirdiklərinizin geri dönüşü yəni. Əminəm, onlara da zaman çatacaq. Bu sürü psixologiyalı məmur və siyasətçilər bir-bir yox, elə olduqları kimi, sürüylə getməlidir. Tanrı Azərbaycana və bunu edəcək iradəyə dözüm, güc, əzm versin o günəcən…
…Bu arada, siz, ölkədə çoxlu sayda məddah, ləyaqətsiz, söyüşcül, satqın, mühacir mediatik tiplər yetişdirdiniz. Qəzetlər, saytlar maliyələşdirdiniz. Abrı, həyası, əqidəsi, sədaqəti, əxlaqı, mənəviyyatı olan heç kimi qorumadınız. Əksinə kimsə sınmayanda, əsəbləşdiniz, daha sərt davrandınız. Hesaba gəlməyəcək qədər bulaşmış icra başçıları formalaşdırdınız. Sizin parlament-parlament deputatlarınız oldu. Kitablarınızı yazanlara mandat verdirdiniz. Siz bizi bu günki Azərbaycana məcbur qoydunuz. Təhsildə geriləmiş, sarı mətbuat oxucusu, milli-mənəvi dəyərləri zədəli, söyüşcül…
Bəli, onları belə idarə eləmək rahat idi. Amma düşünmədiniz ki, bir gün üzərinə titrədiyiniz ailəniz məhz onlar hədəfə alacaq. Çünki uğursuz çevrəniz sizi mifə çevirmişdi, toxunulmazlığa ucaltmışdı. Bu gün, o nifrətin ağuşundasınız, nə qədər ağır olsa da həm də ailəcə. Hamıya məsləhət gördüyünüzü edin, dözün Ramiz müəllim, dözün!
Çevrənizdə bir adam da qalmadı, sizi savunsun, müdafiə eləsin, şəxsiyyət olsun. Indi ona hirslisiniz, eləmi? Kaş onca sanballı kadrınız olardı sizi sevən, qoruyan və sizə söz deyə bilən. Olmadı. Özünüz belə istədiniz çünki.
Sizə, Azərbaycanda yaratdığınız bu üsyan ordusu ilə mübrizədə uğur diləyə bilmirəm. Çünki heç kimin yox, Azərbaycanın qalibiyyətindən yanayam. Hamı o ada fəda!
…Hə, az qala unutmuşdum, nəvənizi, Fidanı da təbrik edirəm. Babasının satqın yetişdirmələrinin xeyir-duası ilə keçirilən məclis ona xoşbəxtlik gətirərmi, bilmirəm, amma çalışsın xoşbəxt olsun…elə-belə, özü üçün…
Jalə Mütəllimova AZTİMES.AZ