H.Əliyevin 90 illiyinə tikilmiş park viran qoyulur-E.Əzizov hədəfdə

Baxılıb:1579
H.Əliyevin 90 illiyinə tikilmiş park viran qoyulur-E.Əzizov hədəfdə

Bu gün paytaxt Bakıda yaşıllıq zolaqlarının məhv edilməsi özünün mənfi fəsadlarını göstərməkdədir. Məmur özbaşınalığı ilə müşahidə edilən bu arzuolunmaz tendensiyanın durdurulması yönündə atılan addımlara baxmayaraq belə hallarla tez-tez qarşılaşırıq.

AzTimes.az Sfera.az-a istinadən xəbər verir ki, məlumatına görə, 2013-cü ildə salınmış və Ulu Öndər Heydər Əliyevin 90 illiyinə töhfə olaraq düşünülmüş park dağıdılır, yerində isə obyektlər tikilir.

Belə ki, Bakı şəhərinin Nərimanov rayonunun Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış və yaşıllıqlarla əhatələnmiş parkdakı ağaclar qurudularaq yox edilir.

Xatırladaq ki, sözügedən parkın salınmasından ötən 7 il ərzində hər il 10 May – Heydər Əliyevin doğum günündə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri və sıravi üzvləri burada çoxsaylı şam ağacları əkib.

Parkda bu gün müşahidə edilənlər isə sadəcə olaraq təəssüf doğurur. Ərazidən çəkilmiş foto və videodan da göründüyü kimi Heydər Əliyevin 90 illiyinə həsr olunmuş parkın ağacları qurudulur və yerində gördüyümüz obyektlər tikilir.

Ərazidə olan əməkdaşımız ətrafda yaşayan sakinlərlə söhbətləşib. Onlardan bu ərazidə inşaat işlərini hansı şirkətin aparması haqda məlumat almaq isə mümkün olmayıb. Sakinlər bildirir ki, həmin şirkətin adı sirr kimi gizli saxlanılır.

Qeyd edək ki, araşdırmamız onu göstərdi ki, obyektlərin sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilib.

Həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsi mənfəət naminə yaşıllıqların məhv edilməsinin bağışlanmaz xəyanət olduğunu qeyd edib.

Görəsən bu xəyanətə bais olmuş rəsmi şəxslər buna nə cavab verəcək?

Mövzuya qayıdacağıq.


Abunəlik