“Güvən”dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi – FOTO
İki ildir ali məktəblərə yüksək balla daxil olan bir qrup tələbəni himayəyə götürən, onların təhsil, sağlamlıq və istirahətinin qayğısına qalan, tələbələrin bilik və bacarıqlarının inkişafı üçün mütəmadi olaraq müxtəlif layihələr həyata keçirən “Güvən” Təhsilin İnkişafına Dəstək Fondu şənbə günü daha bir uğurlu tədbirə imza atdı.
Şəhərimizin gözəl və sevilən məkanlarından biri olan Bakı Bulvarında yerləşən “Atelier61” restoranında Fondun və “Antec Academy”nin birgə təşkilatçılığı ilə həmin tələbələr üçün təlim keçirildi.

“Özünüinkişaf formulu: Bilik və bacarıqla uğura doğru” adlı təlim tələbə gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək, bilik və bacarıqlarının səviyyəsini artırmaq, motivasiya yaratmaq, iş müsahibələrinə və karyera hədəflərinə hazırlamaq məqsədi daşıyırdı.
İştirakçılarda savadlı düşüncə, strateji yanaşma və davamlı inkişaf vərdişləri yaratmağa istiqamətlənən və 5 saata yaxın davam edən təlim boyunca aktual mövzular müzakirə olundu, maraqlı yarışmalar keçirildi.

Daha sonra “Atelye61” restoranı təlim iştirakçılarına ziyafət verdi. Ardınca tələblərə sertifikatlar təqdim edildi.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Güvən” Təhsilin İnkişafına Dəstək Fondunun məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan və ali məktəblərə yüksək balla qəbul olunan istedadlı tələbələrin müəyyənləşdirilməsi, onların təhsil imkanlarının genişləndirilməsi və şəxsi inkişafına dəstək verməkdir.

Hazırda Fond 22 tələbəni himayə edir. Onlardan 2-si xaricdə, digərləri isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti və digər ali məktəblərdə təhsil alırlar. Tələbələrin təhsil haqqı, hazırlıq kursları, kirayə, sağlamlıq və idman xərcləri Fond tərəfindən qarşılanır.
Həmçinin il ərzində akademik baxımdan fərqlənən bir tələbənin Fondun hesabına xaricdə istirahətə göndərilməsi nəzərdə tutulur. Bu, tələbələr arasında sağlam rəqabəti təşviq edən, onların milli-mənəvi dəyərlərə sadiq, cəmiyyətə faydalı mütəxəssis kimi yetişdirilməsinə xidmət edən mühüm təşəbbüsdür.

Qeyd edək ki, “Güvən” Təhsilin İnkişafına Dəstək Fondunun saytı da fəaliyyətə başlayıb.
https://www.guven.az domeini ilə fəaliyyət göstərən saytda Fond və onun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat əldə etmək mümkündür.
Zaur, BakuPost


























