Bakıda yağan güclü yağışla bağlı rəsmi açıqlama – Son 59 ilin rekordu…
“Artıq bir neçə gündür ki, Aralıq dənizi üzərində formalaşan siklonun ölkəmizə daxil olması nəticəsində ölkə ərazisində qeyri-sabit, eyni zamanda, yağıntılı hava şəraiti müşahidə edilir.
Bu sözləri aprelin 16-da Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova jurnalistlərə açıqlamasında deyib.
“Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə edilir, gün ərzində yağıntılar daha intensiv və güclü qeydə alınıb. Avtomat meteoroloji stansiyalardan əldə edilən məlumatların təhlili göstərir ki, son 15 saat ərzində düşən yağıntının miqdarı bölgələrdən asılı olaraq dəyişir. Bakıda və Abşeron yarımadasında 15 saat ərzində düşən yağıntının miqdarı 57 millimetrdir ki, bu da aylıq normadan 2 dəfə çoxdur, yəni 217 faizini təşkil edir. Yağıntının miqdarı illik normanın 22 faizinə bərabərdir. Eyni zamanda, digər bölgələrə, xüsusilə Böyük Qafqazın rayonlarına son iki sutka ərzində düşən yağıntının miqdarı aylıq normadan iki-üç dəfə çoxdur”, – deyə o bildirib.
Hazırda yağıntıların davam etdiyini deyən G.Abbasova fikirlərinə belə davam edib: “Belə intensiv leysan xarakterli yağıntıların təsiri nəticəsində ölkə ərazisində çaylarda yüksək sululuq müşahidə olunur. Artıq ölkəmizin bəzi çaylarında sel və daşqın hadisələri qeydə alınıb. Əsasən Qudyalçayda, Qabırrıçayda, Ataçayda, Dəvəçiçayda sel hadisəsi müşahidə edilib”.
Xidmət rəsmisinin sözlərinə görə, yüzillik hidrometeoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında son 59 ilin rekord göstəricisi bugünlərdə yenilənib. Belə ki, son 15 saatda düşən yağıntının miqdarı normadan 2 dəfə artıq olub. “Son belə hal 1966-cı ildə qeydə alınıb. Həmin il aprelin 23-də 73.3 millimetr yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib və normadan 3 dəfə çox olub.
Ölkə ərazisində müşahidə edilən hidrometeoroloji hadisə gözlənilən proses idi. Aprelin 16-sı axşam saatlarından başlayaraq intensiv prosesin nisbətən zəifləyəcəyi gözlənilir. Aprelin 17-də isə yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır”, – deyə G.Abbasova əlavə edib.