İstanbul dağılacaq, çoxlu insan öləcək, epidemiya yayılacaq – Dəhşətli proqnoz
Tanınmış türkiyəli geoloq-alim Cəlal Şəngör gözlənilən böyük İstanbul zəlzələsi ilə bağlı xəbərdarlıq edib.
“YouTube” proqramlarının birində qonaq olan professor İstanbulu gözləyən təhlükələri açıqlayıb.
Şəngör 7 bal və daha yüksək bir zəlzələnin gözlənildiyini söyləyib. O qeyd edib ki, xüsusilə cənub sahil xətti, yəni Tuzladan Silivriyə qədər olan bölgə böyük ziyan görəcək.
Lakin o, əsl böyük fəlakətin zəlzələdən sonra olacağını vurğulayıb:
“İlk gün hər yerdə yanğın olacaq. Yanğınsöndürmə qrupları ya dağıntılar altında qalacaq, ya da texnikalar əlçatmaz olacaq deyə müdaxilə edə bilməyəcəklər. Şəhər xaricindən kömək gəlməsi çox çətin olacaq. Bu gün Türkiyəyə göndərilən kömək qruplarının 60 faizi İstanbuldan gedir. İstanbul dağılanda bu nisbət tərsinə dönəcək və şəhərə çox az yardım çatacaq”.
Alim həmçinin vurğulayıb ki, yeni hava limanı doldurulmuş zəmində tikildiyi üçün böyük ehtimalla zədələnəcək və yararsız hala düşəcək.
Zəlzələdən sonra əsas ehtiyaclara çıxışın böyük problem olacağını bildirən Şəngör, aclıq və oğurluğa qarşı xəbərdarlıq edib:
“Bir neçə gündən sonra şəhərdə aclıq başlayacaq. Talan olacaq. Sonra epidemiyalar baş verəcək. Dağıntılar uzun müddət təmizlənməyəcək və şəhərdə ağır qoxu alacaq”.