Bakı və İrəvanın addımını alqışladılar
Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin reaksiyaları gəlməkdədir.
“Xorvatiya Azərbaycanla Ermənistan arasında sülh danışığını Cənubi Qafqazda sabitlik və barışıq yolunda mühüm addım kimi alqışlayır”.
Bu, Xorvatiya Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında vurğulanıb.
Biz hər iki tərəfə əməkdaşlığın möhkəmləndirilməsinə, regional təhlükəsizliyə və uzunmüddətli firavanlığa yol açan dialoqa və sülh həllinə sadiq olduqlarına görə minnətdarlığımızı bildiririk. Xorvatiya beynəlxalq hüququn və münaqişələrin diplomatik yolla həllinin qəti tərəfdarı olaraq, ədalətli və davamlı sülhün bərqərar olmasına kömək edən bütün səyləri dəstəkləməyə sadiqdir.
XXX
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan Respublikası və Ermənistanın sülh danışıqlarının başa çatması barədə açıqlamasını alqışlayıb və ümidvar olduğunu bildirib ki, bu tarixi addım həm Azərbaycanın, Ermənistanın, həm də bütün Qafqaz regionunun inkişafına nail olmaq üçün kommunikasiya, dialoq və sabitlik körpülərini gücləndirəcək.
Bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zəki Nuseybe qeyd edib ki, BƏƏ regional və beynəlxalq səviyyədə təhlükəsizlik və sülhün möhkəmləndirilməsi, davamlı, konstruktiv əməkdaşlığın yeni dövrünü başlayacaq nizamlanmanın möhkəmləndirilməsi üçün iki ölkə arasında razılaşdırılmış bütün tədbirləri dəstəkləyir.
Nuseybe BƏƏ-nin Azərbaycan və Ermənistanla geniş əlaqələrə malik olduğunu və qarşılıqlı maraqlara nail olmaq üçün onlar arasında əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu vurğulayıb.
XXX
Monteneqro Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişi layihəsini yüksək qiymətləndirir.
Bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında vurğulanıb.
“Bu, regionun sabitliyinə, Avropa və qlobal təhlükəsizliyə böyük töhfədir. Monteneqro sülh, təhlükəsizlik, sabitlik və iqtisadi rifah məqsədlərinə çatmaq üçün hər iki dost ölkə ilə tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə və onlarla sıx əməkdaşlığa ümid edir”, – paylaşımda əlavə olunub.
XXX
Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatması on illərlə davam edən münaqişəyə son qoyacaq tarixi məqamdır.
Bunu Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stiven Dauti “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Davamlı sülh arzusu göz qabağındadır: hər iki tərəfi müqaviləni möhkəmləndirmək üçün onu mümkün qədər tez imzalamağa çağırıram”, – paylaşımda deyilir.
XXX
İtaliya Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını, eləcə də münasibətlərin bərpasını alqışlayır.
Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir: “İtaliya hökuməti regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş normallaşma prosesini dəstəkləməyə davam edəcək”.
XXX
“Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin hazırlanması istiqamətində inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək bir sülh müqaviləsi ilə nəticələnəcək”.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində yazıb.
“Ukraynada davam edən müharibədən başqa, təəssüf ki, dünyada hələ də kifayət qədər münaqişə var. Lakin onlardan biri hazırda görünən odur ki, həll olunmağa doğru gedir. Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin mətninə bu gün azərbaycanlı həmkarım və dostum Ceyhun Bayramovdan aldığım məlumata əsasən, razılıq əldə olunub. Təbii ki, bu, hələlik sülh prosesinin sonu demək deyil, lakin Cənubi Qafqaz regionunda yaşayan insanların dinc və sakit həyat imkanını yenidən qazanması üçün çox vacib bir addımdır.
Bu inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək sülh müqaviləsi ilə nəticələnəcək”, – P.Siyarto qeyd edib.
Xatırladaq ki, martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlamışdı.