Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Baxılıb:55
Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini ənənəvi hala gətirmiş bir təqvimdir. Bu günün tarixi 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, iş saatı, pis iş şəraitinə etirazi ilə başlayıb. 8 mart 1908-ci ildə isə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa iş saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirib. Həmin nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” olub. Onların təbirincə, çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edir.

Beləliklə ilk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutub. Bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ildəki tətilinin yada salınması münasibətilə təşkil olunub. 1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq qeyd etməyə başlayıb. Nəhayət, 1910-cu ildə yəni, 1857-ci il hadisələrdən 52 il sonra məsələyə layiq olduğu qiymət verilib. Beləliklə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında baş vermiş hadisələr əsl mahiyyəti ilə adlanmağa başlayıb. Qadın hüquqlarının, həmrəyliyinin simvolu olaraq alman sosialist Klara Setkinin və Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart günü Dünya Qadınlar Günü kimi qəbul edilib.

Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü bayramı kimi qeyd edilir. Bu tarix yalnız bayram deyil, eyni zamanda, qadınların cəmiyyətə verdiyi töhfələrin dəyərləndirilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi, gender bərabərliyinin təşviq edilməsi üçün mühüm bir fürsət kimi dəyərləndirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib.

Ötən ildə doğulmuş 102,3 min körpədən də 47 faizi qız uşaqları olub.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 faizə və ali təhsil müəssisələrində 60 faizə qədəri, həkimlərin isə üçdən ikisi qadınlardır.

Ümumi təhsil müəssisələrində təhsilalanların 45 faizdən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 faizdən, ali təhsil müəssisələri tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.

Elmi işçilərin 60 faizdən çoxunu qadınlar təşkil edir ki, onların da 30 faizə qədərinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi var: “Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır”.

Qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,7 faiz, fərdi sahibkarlar arasında isə 23,3 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 20,8 faizə çatıb.

Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların da sayı artıb. Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2024-cü ildə 15,9 faizədək artıb.

Qadın – bəşəriyyətin ilham mənbəyi, inkişafın və mənəvi dəyərlərin əsas daşıyıcısı hesab edilir. Tarix boyu qadınlar təkcə ailənin dayağı kimi deyil, həm də elm, mədəniyyət, incəsənət, siyasət, iqtisadiyyat və digər sahələrdə böyük nailiyyətlər əldə edərək, bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Onların uğurları sübut edir ki, qadın iradəsi və intellekti ilə bütün maneələri aşmağa qadirdir. Azərbaycan tarixində də qadınlar həmişə yüksək hörmət və ehtiramla anılıb, onların cəmiyyətdə rolu daim önəmli olub. Azərbaycan qadını milli-mənəvi dəyərlərini qoruyub saxlayaraq, eyni zamanda, müasir dünyanın çağırışlarına uyğun inkişaf etməyi bacarıb. Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadını ictimai-siyasi proseslərdə aktiv iştirak edib. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində mühüm addımlar atılıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında qadınların təhsil alması, karyera qurması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri isə qadınların həm milli-mənəvi dəyərlərimizi yaşatmasına, həm də elm, mədəniyyət, səhiyyə və sosial sahələrdə yüksək uğurlar qazanmasına geniş imkanlar yaradır. Bu gün Azərbaycan qadını müxtəlif sahələrdə ölkəmizi ləyaqətlə təmsil edir. Onlar elm və təhsildə yüksək nailiyyətlər əldə edir, biznesdə uğur qazanır, siyasət və dövlət idarəçiliyində mühüm mövqelər tutur, incəsənət və idmanda ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Azərbaycan qadını həm də torpaqlarımızın müdafiəsində igidlik göstərib. 44 günlük Vətən müharibəsində qadın hərbçilərimiz cəsarət və qəhrəmanlıq nümayiş etdiriblər. Şəhid anaları, şəhid xanımları və qızları misilsiz iradə və dözüm nümayiş etdirərək, qadın fədakarlığının ən yüksək nümunəsini göstəriblər.

Müasir dünyada qadınların hüquqları, gender bərabərliyi aktual mövzulardan biridir. Azərbaycanda qadın sahibkarlığın dəstəklənməsi, sosial-iqtisadi həyatda fəal iştirakını təşviq etmək üçün müxtəlif proqramlar həyata keçirilir. Qadınların liderlik və innovasiya sahələrində iştirakı, eləcə də onların qərar qəbuletmə proseslərində təmsilçiliyi artırılır. Bütün bunlarla yanaşı qadınlara qarşı zorakılıq, ayrı-seçkilik hallarının aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir. Qadına hörmət, onların hüquqlarına riayət etmək, cəmiyyətin inkişafı və rifahı üçün vacibdir. Sözsüz ki, qadınlar yalnız bir gün deyil, hər gün dəyər verilməli olan varlıqdır. Qadın sevginin, qayğının, fədakarlığın, gücün rəmzidir.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edirik!


Abunəlik