Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı

Baxılıb:40
Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı

Damarların vəziyyəti bütün orqanizmin sağlamlığına böyük təsir göstərir. Xüsusilə, bu, ateroskleroz və hipertoniyanın inkişaf riski ilə birbaşa əlaqəlidir.

Bu barədə funksional diaqnostika üzrə rusiyalı mütəxəssis, tibb elmləri namizədi İrina Polyayeva xəbərdarlıq edib.

Onun sözlərinə görə, damar sisteminin sağlamlığı üçün əsas amillərdən biri düzgün qidalanmadır.

Həkim damar divarlarını möhkəmləndirən məhsullar haqqında danışıb. Onları təqdim edirik:

Meyvələr və giləmeyvələr

Sitrus meyvələri – limon, portağal, qreypfrut – damarları möhkəmləndirən “C” vitamini ilə zəngindir. Giləmeyvələr (qaragilə, moruq, çiyələk) isə qan dövranını yaxşılaşdıran və iltihab proseslərini azaldan antioksidantlar və flavonoidlər ehtiva edir.

Yaşıl tərəvəzlər və göyərtilər

İspanaq, kələm, brokkoli, yaşıl bibər və digər göyərtilər “K” və “C” vitaminləri, eləcə də maqneziumla zəngindir. Bu maddələr damar divarlarının sağlamlığına müsbət təsir göstərir.

Qoz-fındıq və toxumlar

Qoz, badam, kətan və çia toxumları “omeqa-3” yağ turşularının mənbəyidir. Bu maddələr xolesterinin səviyyəsini aşağı salır və damar elastikliyini artırır.

Balıq və dəniz məhsulları

Dəniz məhsulları “omeqa-3” yağ turşuları ilə zəngindir. Onlar trigliseridlərin səviyyəsini aşağı salır və ürək-damar sisteminin sağlamlığını yaxşılaşdırır.

Taxıllar və liflə zəngin məhsullar

Yulaf, qəhvəyi düyü və kinoa orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıran və damar sağlamlığını dəstəkləyən “B” qrupu vitaminləri və lif ehtiva edir.

Ədviyyatlar və ətirli bitkilər

Sarıkök tərkibində güclü iltihabəleyhinə təsiri olan kurkumin maddəsini saxlayır. Zəncəfil qan dövranını yaxşılaşdırır və antioksidant təsir göstərir. Sarımsaq isə qan dövranını gücləndirir və iltihabla mübarizə aparır.

İrina Polyaeva vurğulayıb ki, damar divarlarının möhkəmləndirilməsi ürək-damar xəstəliklərinin profilaktikasında mühüm rol oynayır. Bunun üçün təkcə düzgün qidalanmaq deyil, həm də müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq və zərərli vərdişlərdən imtina etmək vacibdir.


Abunəlik