Trampın vədləri və İlham Əliyevin mesajları – Bakının gözləntiləri nələrdir?
ABŞ-ın 47-ci prezidenti kimi and içən Donald Tramp inaqurasiya mərasimindəki niqti dünyanın gələcəyi, xüsusilə Bayden Administyrasiyasının mirası qoyduğu kataklizmlərin sona çatacağına dair dərin gözləntilər yaratdı. Onun nitqini iki kontekstdə qiymətləndirmək olar.
Birincisi, ABŞ ictimaiyyətinə ünvanladığı sözlər və verdiyi vədlərdir.
Bayden Administrasiyasından Trampa böhranlı vəziyyət miras qalıb. İnflyasiya, təhlükəsizlik problemləri Amerika cəmiyyətinin bir nömrəli məsələsinə çevrilib. ABŞ faktiki olaraq istehsalçı ölkədən istehlakçı ölkəyə çevrilir və qlobal iqtisadiyyatda yerini itirməkdədir. Bununla yanaşı, demokratik imicini daim ön pland saxlamağa çalışan Baydenin dövründə ABŞ-da irqi ayrıseçkilik daha da genişlənib.
Tramp bu problemlərin üzərində xüsusilə dayandı və həll ediləcəyinin vədini verdi. 2016-2020 (Tramp) və 2020-2024-cü (Bayden) illər arasında iqtisadi, sosial və azadlıq indeksi üzrə müqayisə aparanda Trampın əvvəlki hakimiyyəti dövründə olduğu kimi, indi də problemlərin öhdəsindən gələ biləcəyi, ən azı Baydenin faciəli mirasını düzəltmək istiqamətində işləyəcəyi gözləntiləri ön plana çıxır.
İkincisi, Trampın beynəlxalq təhlükəsizlik və sabitlik naminə edə biləcəkləri haqda fikirləri idi.
Bunu 3 istiqamətdə dəyərləndirmək mümkündür.
1. Ənənəvi dəyərlərin qorunması.
Ailə institutunun məqsədyönlü şəkildə dağıdılması, cinslərarası münasibətlərin ləğv edilməsi, xüsusilə LGBT+ hüquqları üzərindən bəşəriyyətin uçuruma doğru aparılması cəhdləri qlobal problemlərin başında gəlir. ABŞ bu prosesə 2015-ci ildə – demokrat Obamanın prezidentliyi dövründə start verdi. Həmin ilin 26 iyun tarixində ABŞ Konstitusiya Məhkəməsinin verdiyi qərarda deyilirdi: “ABŞ-ın heç bir ştatı eyni cinslərin evlənməsini qadağan edə bilməz”. Ardınca prezident Obama bunu “bərabərlik mübarizəsində böyük məsafə qət edildi” deyə qiymətləndirdi. Obama Administrasiyasının dövlət katibi Con Kerri isə bəyan etdi ki, “məhkəmənin qərarı dünyanın bütün nöqtələrinə çatdırıldı, ayrı-seçkiliyi qəbul edən heç bir qanun ədalətin qarşısına keçə bilməz”. Bununla ABŞ bütün ölkələri eyni cinslərin hüquqlarını tanımağa çağırırdı. Daha sonra digər ölkələrə bununla bağlı təzyiqlər də edildi. ABŞ-da afroamerikalılara qarşı irqi ayrı-seçkilik siyasəti aparan demokratlar eynicinsli nikahları “ayrı-seçkiliyə qarşı mübarizə” formasında dünyaya təqdim edir, bununla da ənənəvi dəyərləri alt-üst edirdilər.
Tramp çıxışında bu məsələyə xüsusilə toxundu. Bəyan etdi ki, “ABŞ-ın siyasəti kişi və qadın olmaqla, iki cinsi tanımaqdan ibarət olacaq”. Bu dünyada ənənəvi dəyərlərin qorunması və bu dəyərlərə sadiq xalqların qeyri-ənənəvi dəyərlərə məruz qalmasının qarşısının alınması baxımından önəmlidir.
Prezident İlham Əliyev də yanvarın 7-də yerli telekanallara müsahibəsində Trampdan gözləntiləri açıqlamışdı. Bildirmişdi ki, “Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri – bunları təbliğ edir”. Və bu gün Trampın bəyan etdiyi fikirlər Azərbaycan liderinin haqlı olduğunu təsdiqləyir.
2. ABŞ-ın müdaxilə siyasətindən imtina etməsi;
Bu siyasət demokratların hakimiyyətinə xas xüsusiyyətdir və ABŞ üçün heç də divident qazandırmır. Çünki milli hökumətlərə və digər ölkələrin xalqlarının həyatına, onların seçiminə müdaxilə kataklizmlərə səbəb olur. Bunu dünyanın müxtəlif coğrafiyalarında, eləcə də MDB məkanında zaman-zaman görmüşük. Bu siyasət ABŞ-ın qlobal müstəvidə “demokratiya adı altında işğal” imicini yaradıb və Vaşinqtona inamı sarsıdıb. Trampın andiçmə mərasimində bəyan etdiyi “biz fəth etməyəcəyik, qorxutmayacağıq” sözləri ABŞ-ın bu siyasətindən imtina edəcəyinin mesajının verilməsidir. O, birinci prezidentlik dövründə də bu siyasi xətti izləyib və ABŞ-ın qlobal imicini müsbət yöndə dəyişib.
3. Qlobal sülh və ədalətin bərpası;
Trampdan əsas gözlənti bununla bağlıdır, xüsusilə Baydenin qlobal sabitliyi alt-üst etməsi fonunda. Bu gün Yaxın Şərqdən tutmuş Avropaya qədər uzanan coğrafiyada müharibələr davam edir. Və hər iki coğrafiyadakı müharibə məhz demokratların – Suriyada başlanan və bütövlükdə o bölgəni bürüyən toqquşmalar demokrat Obamanın, Ukraynada başlayan və qlobal toqquşma vəziyyəti yaradan müharibə demokrt Baydenin dövründə başlayıb. Tramp buna son qoyacağının vədini verir. Ağ Evə gəlişindən bir neçə gün öncə İsrail və HƏMAS arasında atəşkəsin əldə edilməsi, girovların dəyişdirilməsi də ABŞ-ın yeni prezidentinin ilk uğurlarındandır və bu o deməkdir ki, Tramp təkcə vəd vermir, onu icra da edir. Trampın birinci prezidentliyi dövründə də qlobal sabitlik böyük ölçüdə təmin edilib, hətta dünyanın bəlasına çevrilmiş İŞİD terror təşkilatı böyük ölçüdə sıradan çıxarılıb. Həmin dövrdə ABŞ dünyada müharibələrə başlamadı, əksinə qoşunlarının böyük hissəsini xarici ölkələrdən geri çəkdi.
Tramp Amerikasından qlobal gözləntilər böyükdür. Eyni zamanda, Tramp Administrasiyasının Azərbaycan-ABŞ əlaqələrinə töhvə verəcəyi, Bakı-Vaşinqton xəttində Bayden dövründə yaradılmış problemlərin aradan qaldırılacağı gözləntiləri var. Prezident İlham Əliyev ötən ilin iyun ayında Şuşa forumunda çıxışı zamanı, həmin vaxt ABŞ-da hələ Tramp-Bayden debatları keçirilməmişdi, Trampın qlobal təhlükəsizliyə töhfə verəcəyi haqda fikir söyləmişdi.
“Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”, – dövlət başçısı vurğulamışdı.
Bu ilin əvvəlində yerli telekanallara müsahibəsində Prezident artıq prezident seçilmiş Trampın ABŞ-Azərbaycan münasibətlərində dönüş yaradacağını bildirmişdi: “Tramp öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərir. İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.
Bayden Administrasiyasının Cənubi Qafqaz siyasətində Azərbaycan və Ermənistan arasında bərabərlik işarəsi qoymaması, ABŞ-ın milli maraqlarını erməni maraqlarına qurban verməsi Vaşinqtonun bölgədə itkilərlə üzləşməsinə səbəb oldu. Trampın bu yanlış siyasəti dəyişdirəcəyinə ümidlər var.
Prezident İlham Əliyev Donald Trampa ünvanladığı təbrik məktubu bu kontekstdə xüsusilə diqqət çəkir. Dövlət başçısı təbrik məktubunda “Əminəm ki, sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır” qeydi ilə Trampın sələflərindən fərqləndiyinə, qlobal sülhün və sabitliyin əldə edilməsində keçmiş təcrübəsinin mövcudluğuna diqqət çəkib.
Azərbaycan lideri ABŞ-ın yeni prezidentindən əsas gözləntini də qeyd edib. Bu, ABŞ-Azərbaycan münasibətlərinin inkişafı və yeni məzmun kəsb edəcəyidir.
Prezident bildirib: “ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, qlobal müstəvidə davam edən bütün qarşıdurmalara rəğmən, öz öhdəliklərinə və tərəfdaşlıq prinsiplərinə sadiqlik nümayiş etdirməsi dünyada xüsusilə vurğulanır. Bu, həm də ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsidir.
Təbrik məktubunda bu məqamları vurğulayan Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrində ənənəvi və yeni əməkdaşlıq sahələri üzrə tərəfdaşlığın davam etdirilməsi, daha da genişləndirilməsi imkanlarının yarandığını vurğulayıb.
Bakının gözləntiləri var və əvvəlki təcrübə, eləcə də Trampın sərgilədiyi mövqe və verdiyi vədlər ABŞ-Azərbaycan münasibətlərinin yenidən inkişaf xətti üzrə davam edəcəyinmə ümidləri artırır.