Türkiyə ilə Suriya anlaşdı: Yunanıstan təşvişdə – Helenizm üçün kabus ssenarisidir

Baxılıb:42
Türkiyə ilə Suriya anlaşdı: Yunanıstan təşvişdə – Helenizm üçün kabus ssenarisidir

Türkiyə ilə yeni Suriya hakimiyyəti arasında Dəniz Yurisdiksiyası Müqaviləsi imzalanacağına dair açıqlama Yunanıstan gündəmində qalmaqda davam edir. Yunan mediasında mümkün razılaşmaya qarşı Avropa İttifaqı və Qərb ölkələrindən dəstək istənilib.

Yunanıstan və Cənubi Kipr mətbuatı mümkün razılaşma ilə bağlı məsələni öz manşetlərində işıqlandırır. Xəbərlərdə yunan siyasətçiləri və analitiklərinin şərhləri də geniş şəkildə yer alır.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkənin rəsmi agentliyinə sözügedən məsələlərlə bağlı açıqlama verib. O, Dəməşq rəhbərliyinin Ankaranın təsiri altında olduğunu bildirərək Liviya ilə bağlanmış razılaşmanı xatırladıb: “Şərqi Aralıq dənizində dəniz sərhədlərinin müəyyən edilməsi üçün razılaşmanın mümkünlüyü Helenizm üçün kabus ssenarisidir” .

Ən pis ssenari

“Kathimerini” qəzetinin baş redaktoru Ronald Meinardus da Mitsotakis ilə eyni fikirdədir: “Ən pis ssenari Suriyanın Türkiyə ilə, hətta yalnız Ankara tərəfindən tanınan Şimali Kipr administrasiyası ilə razılaşması ola bilər”.

Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis də Avropa Birliyi vasitəsilə Türkiyəyə qarşı hərəkətə keçəcəklərini açıqlayıb: “Türkiyənin Şərqi Aralıq dənizindəki qanunsuz fəaliyyətini Suriya üzərindən genişləndirməsinə imkan verməyəcik”.

Trampın təsiri

“Kathimerini”də dərc olunan şərhdə Türkiyənin yeni Suriya dövlətinin qurulmasındakı rolu və ABŞ-ın yeni prezidenti Donald Trampın verdiyi dəstək müzakirə edilir. Türkiyənin Aralıq dənizindəki son hadisələrdən sonra güc qazandığı bildirilərkən, Ankaranın ABŞ-ın yeni administrasiyası üçün əhəmiyyətinin artdığı da vurğulanır.

Şərqi Aralıq dənizində balansın Türkiyənin xeyrinə dəyişməsinin Yunanıstan üçün dəniz yurisdiksiyaları və enerji kəşfiyyatı fəaliyyətlərində “çətinliklər” yaradacağı bildirilir.

Yeni Aralıq dənizi “tənliyi”ndəki inkişaflardan ən çox Kipr rumlarının təsirlənəcəyi vurğulanarkən, yeni Suriyanın da sözügedən razılaşmaları KKTC ilə edə biləcəyi ifadə edilir. Bu vəziyyətin Yunanıstan üçün təhlükə olduğu qeyd edilir.

Osmanlı bənzətməsi

“Ta Nea” qəzetində dərc olunan şərhdə Türkiyənin addımları “keçmiş imperiyanın bəzi torpaqlarını geri qaytarmaq” üçün atılan addım kimi qiymətləndirilir.

“Sözügedən razılaşma ilə bağlı ” Türkiyə ilə Suriya arasında Tripolidəki (Liviya) kimi Eksklüziv İqtisadi Zona ilə bağlı anlaşma memorandumunun yolu artıq açılıb. Bu müqavilə qüvvəyə minərsə, bütün sənədləri ilə Kiprin hüquqlarını tamamilə çeynəmiş olacaq”, – deyə xəbərdə bildirilir.


Abunəlik