Şəxsi məlumatlarımız təhlükədə: Bu proqram “WhatsApp” yazışmalarımızı və danışığımızı izləyir?
Nə qədər qeyri-etik sayılsa da, başqalarının şəxsi işinə qarışmaq, həyatına müdaxilə etmək, sosial şəbəkələrdə kiminlə yazışdığını öyrənməyə çalışmaq bəzi insanları həddən artıq maraqlandırır. Bunun üçün müxtəlif yollara əl atan, hətta pulundan keçənlər də az deyil. Onlar müxtəlif yollarla kiminsə hesabını ələ keçirməyə və yaxud da hər hansı bir proqram vasitəsilə yazışmalarını özünə yönəltməyə çalışırlar.
Gəlin, bununla bağlı sosial şəbəkələr üzərindən yayılan elanlardan birinə nəzər salaq. Elanda bildirilir ki, onlara müəyyən məbləğ ödəniş etməklə xüsusi proqram vasitəsilə başqalarının “WhatsApp” yazışmalarını izləyə bilərlər. Hətta bunun üçün qarşı tərəfin telefonundan istifadə etmədən, tək nömrəsini bilmək kifayət edir. Şərhlərdə isə nə qədər insanın bunun üçün ödəniş etməyə hazır olduğunu da görürük.
Maraqlıdır, həqiqətən də belə proqram varmı və bu proqram həmin funksiyanı yerinə yetirirmi? Əgər elədirsə, bu nə dərəcədə düzgündür? “WhatsApp” buna niyə icazə verir?
Mövzu ilə bağlı kibertəhlükəsizlik üzrə ekspert Araz Mustafa bildirdi ki, belə bir proqramın mövcudluğu mümkün deyil:
“Əgər telefonunuz kiminsə əlinə düşməyibsə, ona kimsə müdaxilə edib proqram yazmayıbsa və ya siz özünüz telefona zərərli proqram yükləməyibsinizsə “WhatsApp”ı izləmək, dinləmək, oxumaq mümkün deyil. Yox, əgər kimsə telefonunza proqram yazıbsa, o zaman bu halın baş verməsi mümkündür. Hətta bundan sizin xəbəriniz belə olmur. Çünki proqram təminatının alt qatı var. Orada tətbiqləri gizlətmək olur. Amma belə olan halda gərək bir dəfə də olsa başqasının telefonu sizdə olsun”.
“WhatsApp”ın AES-256 şifrələməsindən istifadə edərək mesajları şifrələdiyini vurğulayan Araz Mustafanın sözlərinə görə, həmin şifrələnmənin sındırılması mümkün deyil: “Bu proses, həmçinin mesajların mübadiləsi və açar doğrulaması üçün “HMAC-SHA256” ilə təmin edilmiş autentifikasiya ilə birləşdirilib. Odur ki, bunu hansısa bir proqramçının etməsi qeyri-mümkümdür”.
Ekspert son zamanlar sosial şəbəkələrdə ən çox bəhs edilən, guya “WhatsApp” yazışmalarını oxuması mümkün olduğu deyilən “ZetLogs” proqramına da aydınlıq gətirdi. O bildirdi ki, sosial şəbəkələrdə yayımlanan bu tip videolar diqqət cəlb etmək, qazanc əldə etmək məqsədilə həyata keçirilir:
“ZetLogs” proqram təminatı istifadəçinin “online” və ya “offline” olmağını izləyə bilir. Bu proqramın başqalarının yazışmalarını, danışığını izləməsi mümkün deyil.
Burada deyilmir ki, kiminlə danışdığınızı və yaxud yazışdığınızı oxuyur. Sadəcə qarşı tərəfin “online” olub olmadığı barədə xəbər verir”.