Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb

Baxılıb:31
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb

“2-7 dekabr tarixində Paraqvayın paytaxtı Asunsyon şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb”.

Bu barədə Azərbaycan Mədəniyyət Naziriyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar 3 dekabrda elan edilib.

Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.

“Qərarın elan edilməsinin ardınca çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni irs nümunəsini dəstəklədiklərinə görə təşəkkür edərək çıxış üçün sözü Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifovaya verib.

Sessiyada çıxış edən nazir müavini Səadət Yusifova ilk növbədə müsbət qərarın qəbuluna görə Qiymətləndirici orqana və Katibliyə təşəkkür edib. Qədim ənənələrə söykənən təndir sənətkarlığının Reprezentativ Siyahıya daxil edilməsinin xalqımız üçün əlamətdar olduğunu vurğulayıb. Sürətlə müasirləşən dünyada mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasının xüsusi önəm daşıdığını qeyd edən S.Yusifova bu istiqamətdə Mədəniyyət Nazirliyinin təşəbbüslərindən də danışıb. COP29 çərçivəsində təqdim edilən İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsü haqqında məlumat diqqətə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilib. Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və UNESCO üzrə Milli Komissiya təmsil olunur. Sessiya öz işini 7 dekabra qədər davam edəcək”, – məlumatda bildirilir.

Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb.

Bu barədə UNESCO məlumat yayıb.

“Qeyri-maddi İrs Siyahısında yeni qeyd: Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə”, – UNESCO-dan bildirilib.

Xatırladaq ki, bu günə qədər Azərbaycan mədəniyyətinin 23 elementi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib.


Abunəlik