Bəstəkar Emin Sabitoğlunun anadan olmasından 87 il ötür

Baxılıb:26
Bəstəkar Emin Sabitoğlunun anadan olmasından 87 il ötür

Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun anadan olmasından 87 il ötür.

Emin Sabit oğlu (Sabitoğlu) Mahmudov 1937-ci il noyabrın 2-də Bakıda anadan olub.

Musiqi məktəbini bitirib, 1954-cü ildə konservatoriyaya daxil olan E.Sabitoğlu iki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına, Yuri Şaporinin bəstəkarlıq sinfinə keçirilib.

1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.

Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb.

O, 600-dən artıq mahnı, doqquz musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları məşhur əsərlərindən bəziləridir.

Tamaşalara yazdığı musiqilərsə, o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də bilməyib. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqilər bəstələyib.

Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib.


Abunəlik