Xarkov bombalandı: Zelenski kömək istədi

Baxılıb:58
Xarkov bombalandı: Zelenski kömək istədi

Rus qoşunları Xarkovun Saltovski rayonuna idarə olunan hava bombası atıblar. Yaşayış binasına ziyan dəyib, iki mərtəbəsi dağılıb.

Bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

O qeyd edib ki, oktyabrın 31-i səhər saatlarına olan məlumata görə, 34 nəfər yaralanıb, hücum nəticəsində 12 yaşlı uşaq həlak olub.

Xilasedicilər ağır yaralı uşağı dağıntılar altından çıxara bilsələr də, həkimlər onu xilas edə bilməyiblər.

Dağıntılar altından daha bir nəfərin meyitinin parçaları tapılıb, onun şəxsiyyəti hələlik məlum deyil. Hava zərbəsi nəticəsində uçan evin yerində işlər davam edir. Sinequbovun sözlərinə görə, dağıntılar altında 15 yaşlı yeniyetmə var.

Ukrayna prezidenti Vladimir Zelenski özünün “Telegram” kanalında Xarkova hava zərbəsi endirilən yerdən video yayımlayıb və müttəfiqlərini yardımla bağlı qərarları gecikdirməməyə çağırıb.

“Bu şərtlərdə onların hər gecikmiş qərarı Ukraynaya qarşı ən azı onlarla, hətta yüzlərlə belə rus bombası deməkdir. Onların qərarları xalqımızın həyatıdır. Ona görə də biz Rusiyanı birlikdə dayandırmalı və bütün mümkün qüvvələrlə bunu etməliyik”, – deyə Zelenski vurğulayıb.


Abunəlik