Azərbaycanda milli standartlaşdırma ilə bağlı yeni proqram hazırlanır
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən “2025-2027-ci illər üzrə milli standartlaşdırma proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb.
Bu məqsədlə, standartlaşdırma subyektləri və digər maraqlı tərəflər növbəti 3 il ərzində qəbul olunması nəzərdə tutulan dövlət standartları barədə təkliflərini https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram linkinə daxil olaraq müvafiq nümunə formasını doldurmaqla 15 gün ərzində təqdim edə bilərlər.
Qeyd edək ki, “Standartlaşdırma haqqında” Qanunun 6-cı maddəsi və Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən, dövlət standartlarının hazırlanması prosesi milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən üçillik milli standartlaşdırma proqramı əsasında həyata keçirilir.
Bu xüsusda, yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə əsasən, milli standartlaşdırma proqramının layihəsi texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin edən istinad standartları, müvafiq normativ hüquqi aktlardan irəli gələn tələblər, standartlaşdırma üzrə texniki komitələrin iş planları, beynəlxalq və regional standartlar əsasında dövlət standartlarının qəbulu, müasir elmi-texniki araşdırmaların nəticələri, həmçinin aidiyyəti dövlət orqanlarının və maraqlı təşkilatların təklifləri nəzərə alınmaqla Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən formalaşdırılır.