Yaxın Şərqdə ABŞ-Çin müharibəsi: İsrail və İran məcburi masaya oturdulacaq
İsrail-İran münaqişəsi ilə bağlı çox ciddi bir iddia gündəmə gəlib. Məşhur amerikalı akademik Uilyam Enqdalın sözlərinə görə, ABŞ seçkilərindən sonra İsrail və İran məcburi atəşkəs danışıqlarına başlayacaq. Məcburi atəşkəsin səbəbi ABŞ-Çin münaqişəsi səbəbindən hər iki ölkənin hərbi və logistik dəstəkdən məhrum qalmasıdır.
Tehranın ballistik raket hücumlarına cavab olaraq İsrailin hava zərbələri zamanı İrandakı 20 hərbi obyekt vurulub. İsrail ordusundan verilən açıqlamada “Tövbə günləri” adlı əməliyyatda 100-dən çox döyüş təyyarəsinin iştirak etdiyi də bildirilib.
Professor bildirib ki, ABŞ prezident seçkilərindən sonra atəşkəsdə normallaşma olacaq:
“ ABŞ və Çin regionun iki nəhəng maliyyə gücdür. Getdikcə münaqişə tərəfləri sıradan çıxacaq. ABŞ və Çin arasında regionda yeni diplomatik mübarizə başlaya bilər. ABŞ seçkilərindən sonra İsrail və İran tək qalacaq. Önümüzdəki aylarda həm Rusiya-Ukrayna müharibəsində, həm də Çinin hərtərəfli və gizli şəkildə davam etdirdiyi Sakit okean regionunda gərginlik pik həddə çatacaq.
Rusiya və Çin seçkilərin nəticələrini gözləyir. İki ölkə böyük hərbi strategiyalarını həyata keçirirlər. Bu iki məqam seçkilərdən sonra ABŞ-ın yeni prezidentinin əsas narahatlığı olacaq. ABŞ-ın təhlükəsizlik fokusunda dəyişikliyə görə, İsrail əksər hərəkətlərində tək qalacaq. ABŞ-ın təzyiqi altında atəşkəs və status-kvonun bərpası üçün intensiv səylər göstəriləcək”.
Uilyam Enqdal əlavə edib ki, İsrail strateji baxımdan yekunlaşmaq ehtimalı az olan antiterror müharibəsi apararkən, İran həm ölkə daxilində, həm də xaricində nüfuzunu qorumaq üçün gərginliyi saxlayır:
“Bu səbəbdən də hər iki ölkəni uzun müddət normala dönmə dövrü gözləyir. Beynəlxalq ictimaiyyət və təşkilatlar, xüsusilə də BMT artıq münaqişədən sonrakı vəziyyət üçün qəti qərarlar verə biləcəklər. Münaqişənin atəşkəslə dayandırılması prosesin qalan hissəsində Rusiya və Çinin regionda olması deməkdir.
Hər iki ölkə bu fürsətdən istifadə edərək, həm öz tərəflərini göstərmək, həm də Tehrana açıq-aşkar hərbi və maliyyə dəstəyi göstərmək üçün istifadə edə bilər. Bu müddət ərzində dünya ilk dəfə olaraq Çinin fəal qlobal oyunçu kimi beynəlxalq siyasi səhnəyə təsirinin şahidi olacaq. Bu baxımdan İsrail-İran gərginliyinin yekunlaşması yeni bir sahə kimi diqqətəlayiq məqam ola bilər”.