Referendum cəmiyyəti ikiyə bölüb: Qərb Moldovada “Ukrayna ssenarisi”ni təkrarlayır?

Baxılıb:76
Referendum cəmiyyəti ikiyə bölüb: Qərb Moldovada “Ukrayna ssenarisi”ni təkrarlayır?

Qərbin Ukraynada, Gürcüstanda və digər postsovet ölkələrində sərgilədiyi təsiretmə ritorikası hazırda Moldovadan da yan keçmir. Lakin Moldovadakı son referendumun nəticələrinə görə, əhalinin yarısı Avropa İttifaqı (Aİ) üzvlüyünə qarşıdır. Bu, Qərbin maraqlarına tərs mütənasib olduğu üçün xalqın rəyi heçə alınır və nəticələr dezinformasiya kimi təqdim edilir. Bu münasibət Qərbin demokratik seçki və xalqın iradəsinə gerçək yanaşmasını göstərir.

Mövzu ilə bağlı danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Avropa İttifaqı üzvlüyünə keçirilən referendum cəmiyyəti ikiyə bölüb.

Onun sözlərinə görə, referendumun bu cür nəticələnməsi Moldova cəmiyyətində Aİ-yə üzvlüklə bağlı münasibətin birmənalı qarşılanmadığını ortaya çıxarır:

“Seçkilərin nəticələrini şübhə altına alacaq yanaşmalar paradoksal vəziyyət yaradıb. Çünki seçki prosesini Aİ ilə sıx təmasda olan hakim rejim həyata keçirir. Əgər seçkilərin nəticələrinin dezinformasiya olduğu ilə bağlı iddialar varsa, o zaman elə qüsuru Qərb ilə yaxın olan həmin rejimin fəaliyyətində axtarmaq lazımdır. Lakin biz daim görmüşük ki, Qərbin maraqlarını ehtiva etməyən nəticələr olduqda, həmin nəticələr şübhə altına alınır. Bunu yalnız Moldovada yox, başqa ölkələrdə də keçirilən seçkilərdə daim müşahidə etmişik”.

Politoloq qeyd edib ki, bəzən seçkilər olduqca ciddi qanun pozuntuları şəraitində keçirilsə də, Qərb həmin seçkinin nəticələrini qəbul etməklə yanaşı, təqdir də edir:

“Ona görə də, Qərbin siyasi proseslərə, xüsusilə də seçki məsələlərinə öz maraqları prizmasından yanaşması ilk hal deyil. Bu, artıq illərlə müşahidə olunan gerçəklikdir. Fikrimcə, Moldovada bundan sonrakı hadisələr prezident seçkilərinə uyğun formalaşacaq. Bildiyimiz kimi, Moldovada prezident seçkilərinin ikinci turu baş tutacaq. Formalaşacaq siyasi rejim Moldovanın siyasi kursuna sözsüz ki, birbaşa təsir edəcək. Lakin görünən reallıq odur ki, Maya Sandunun qələbə qazanma ehtimalı var. Elə olacağı təqdirdə Avropa İttifaqı ilə Moldova arasında hazırkı münasibətlər sistemi olduğu kimi davam etdiriləcək”.


Abunəlik