Vətən müharibəsinin 28-ci günü: Düşmən mövqeləri tərk edərək geri çəkilir

Baxılıb:40
Vətən müharibəsinin 28-ci günü: Düşmən mövqeləri tərk edərək geri çəkilir

2020-ci il oktyabrın 24-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi səkkizinci günü.

Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ordumuzun bölmələri əməliyyat planına uyğun olaraq, cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirir.

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulur. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılır. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilir. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülür, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılır və vacib yüksəkliklər azad edilir.

Gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilir.

Cəbhədə ciddi itkilərlə üzləşən düşmən müharibə cinayətlərini davam etdirərək mülki vətəndaşlarımızı hədəf alır. Tərtər, Bərdə, Goranboy və Naftalan rayonlarının ərazilərindəki yaşayış məntəqələrimizi yaylım atəşli reaktiv sistemlərdən atəşə tutur.

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atır. Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd göstərir. Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilir. Düşmən qüvvələrindən əsir götürülənlər olur.

Saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin üç tankı, iki sığınacağı və bölüyün dörd dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edir.

Saat 15:25-də Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilir.

Azərbaycan Ordusu cəbhədə, Prezident İlham Əliyev isə diplomatiya cəbhəsində düşmən təxribatlarını dizə gətirir. Həmin gün Fransanın “Figaro” qəzetinə müsahibə verən Ali Baş Komandan bütün təxribatçı sualları faktlarla cavablandırır:

“Biz sentyabrın 27-də Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçib. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olub. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum edib. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri, demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin, Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay – avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılıb və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik”.

Beləliklə, müharibənin iyirmi səkkizinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.


Abunəlik