Ermənistan üçün seçim vaxtı: sülh, yoxsa gərginlik?

Baxılıb:51
Ermənistan üçün seçim vaxtı: sülh, yoxsa gərginlik?

Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və beləliklə, regionda, nəhayət, sabitliyin təmin olunması heç vaxt olmadığı qədər yaxındır. Lakin Ermənistan ona təqdim olunan imkanlardan istifadə etmək əvəzinə, destruktiv mövqeyini davam etdirir və beləliklə, sanki şansını sınayır.

Avstriyalı siyasi analitik Klaus Jürgens “Report”un Türkiyə bürosuna açıqlamasında deyib ki, Azərbaycan Ermənistandan konstitusiya tələbində haqlıdır. Onun sözlərinə görə, əgər Ermənistan konstitusiyasında başqa ölkələrə ərazi iddiaları varsa, bu halda regionda daimi sülhün bərpası mümkün deyil.

Əvvəl də dediyimiz kimi, artıq Cənubi Qafqazda yeni reallıq hökm sürür. Azərbaycan 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirləri nəticəsində bölgədə vəziyyəti dəyişib. Yeni düzən bölgədə sülh və sabitliyin təmin olunmasını şərtləndirir.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün rəsmi Bakının konkret şərti var: Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və bunu konstitusiya səviyyəsində təsbit etməlidir. Çünki rəsmi Bakı gələcək nəsil üçün hansısa problem saxlamaq istəmir.

Maraqlıdır ki, Ermənistan hakimiyyəti ən ali səviyyədə sülh sazişini imzalamağa hazır olduğunu bildirir. Ermənistan prezidenti Vaaqn Xaçatryan, baş nazir Nikol Paşinyan bu ay ərzində COP29-a qədər sülh sazişini imzalamaq istədiklərini bildiriblər. Hərçənd indiyə kimi rəsmi İrəvan konstitusiya dəyişikliyinə hazır olması ilə bağlı açıqlama verməyib. Bu, əslində Ermənistanın qeyri-səmimiliyini göstərir. Görünən odur ki, rəsmi İrəvan sülhlə bağlı intensiv bəyanatları ilə sadəcə olaraq beynəlxalq ictimaiyyəti çaşdırmaq, özü haqqında müsbət rəy yaratmaq və hətta bacararsa, Bakını dağıdıcı mövqedə ittiham etmək istəyir. Halbuki bu, absurddur.

Nəzərə almaq lazımdır ki, Ermənistanın konstitusiya dəyişikliyinə getməməsi gələcəkdə yeni problemlər yarada bilər. Azərbaycan, əlbəttə, yeni qarşıdurma istəmir. Amma Ermənistan bu gün xeyli dərəcədə üçüncü güclərin, o cümlədən Fransanın təsiri altındadır. Rəsmi Paris isə İrəvan vasitəsilə bölgədə yeni gərginlik yaratmaq üçün bütün imkanlardan istifadə edir.

Sözsüz ki, Ermənistanın hərbi-siyasi təxribatlarına qarşı Azərbaycan sonadək dözümlü yanaşmayacaq. Beləliklə, indi İrəvan seçim qarşısındadır: ya sülhü, ya da gərginliyi seçməlidir.


Abunəlik