Torpağını saxta sənədlə satdılar, məhkəməni uddu – Tovuz Ərazi İdarəsi qətnaməni niyə icra etmir? – FOTOFAKT

Baxılıb:55
Torpağını saxta sənədlə satdılar, məhkəməni uddu – Tovuz Ərazi İdarəsi qətnaməni niyə icra etmir? – FOTOFAKT

Tovuz rayon Dondar Quşçu kənd sakini Əliyeva Xəyalə Ələkbər qızının həmin kənddə yerləşən özünə məxsus torpaq sahəsi icazəsi olmadan atası Vəliyev Ələkbər Ələsgər oğlu tərəfindən qiyabi qətnamə ilə özününkiləşdirilib.

Bu barədə Xəyalə Əliyeva Publika.az-a müraciət edib. İddia edir ki, Dövlət Aqrar İslahat Komissiyası tərəfindən ona verilən torpaq əsassız şəkildə atasının adına keçirilərək satılıb:

“Atam mənim xəbərim olmadan 2 min manat ödəniş edərək torpaq sahəsini qiyabi qətnamə ilə öz adına keçirdikdən sonra satıb. Bununla bağlı məhkəməyə müraciət etmişəm. Şikayətə Gəncə İnzibati Məhkəməsində baxılıb. Hakim mənim lehimə qərar verərək, qiyabi qətnaməni ləğv edib. Lakin yenidən 15 saylı Tovuz Ərazi İdarəsinin hüquqşünası Amid bəyə 2 min manat pul verilərək torpaq tamamilə başqa birinin adına keçirilib. Aşağı Quşçu kənd sakini Süleymanov Bahadur adlı həmin şəxs isə hazırda həyatda deyil. Gəncə Apellyasiya Məhkəməsində də mənim lehimə qərar verilib. Lakin dəfələrlə müraciət etməyimə baxmayaraq, 15 saylı Tovuz Ərazi İdarəsi şikayətimə baxmır və qətnaməni icra etmir”.

Şikayətçi Xəyalə Əliyeva bildirir ki, daha əvvəl 4 dəfə məhkəmə sənədləri ilə birlikdə idarəyə yaxınlaşıb. Lakin məsələnin həlli ilə bağlı heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı 15 saylı Tovuz rayon Ərazi İdarəsi ilə əlaqə saxlasaq da, suallarımıza cavab ala bilmədik. Bir neçə dəfə təkrar sorğu ünvanladıq, lakin dəyişən heç nə olmadı: yenə də açıqlama verməkdən imtina etdilər.

Roza Şəfiyeva


Abunəlik